Media
Xəbərlər

“Ailə: Dəyərlər və ənənələr” mövzusunda görüş keçirilib.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti, “BDU könüllüləri” təşkilatı və “Ailəm könüllüləri”nin birgə təşkilatçılığı ilə “Ailə: Dəyərlər və ənənələr” mövzusunda görüş keçirilib. Bakı İlahiyyat Kollecinin direktoru, İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovun və Komitənin əməkdaşı Rafiq Mahmudovun iştirakı ilə keçirilən tədbiriBDU-nun əməkdaşı, “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov giriş sözü ilə açaraq bildirib ki, güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir. Rafiq Mahmudov çıxışında ölkədə və ümumən dünyada nikah və boşanma hallarına dair statistik göstəricilərə toxunaraq, gənclər arasında ailə dəyərlərinin təbliğinin vacibliyindən bəhs edib. O, eyni zamanda bildirib ki, evlilik təkcə hüquqi münasibət deyil, həm də insanın düşüncə və davranış tərzində dəyişiklik tələb edən mühüm həyat mərhələsidir. Görüş zamanı Mehman İsmayılov iştirakçılara ənənənin mahiyyətini izah edərək sağlam ailənin təməlində milli ənənələrə bağlılıq və dəyərlərin qorunmasının xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, ailə institutunda ənənəyə sadiqlik vacibdir, lakin innovasiyaya, inkişafa da yer verilməlidir, ənənə və dəyərlər nəsildən-nəslə ötürülərək cəmiyyətin bütövlüyünü təmin edir. Görüş müzakirələrlə davam edib.

Bakı və regionlarda səyyar icma görüşləri davam etdirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə icma ilə əlaqələrin gücləndirilməsi məqsədilə 2026-cı ilin mart ayında kənd və qəsəbələrdə icma görüşləri təşkil edilib. Əhali ilə görüşlər Bakı şəhəri Xəzər rayonunun Mərdəkan, Türkan, Ağdam rayonunun İmamqulubəyli, Goranboy rayonunun Yolpaq, Kəhrizli, Muzdurlar, Göygöl rayonunun Yeni Qızılca, Çaylı, Hacıqabul rayonunun Ağacanlı, İsmayıllı rayonunun Qubaxəlilli, Çərmədil, Qəbələ rayonunun Zərgərli, Nic, Saatlı rayonu Qıraqlı, Mollavaizli, Sabirabad rayonunun Şıxsalahlı, Osmanlı, Güdəcühür, Qaratuğay, Axtaçı Muğan, Qaragüney, Dadaşbəyli, Cavad, Zəngənə, Əlicanlı, Həsənli, Yolçubəyli, Türkədi, Narlıq, Zaqatala rayonunun Suvagil, Zərdab rayonunun Şahhüseynli, Bıçaqcı kənd və qəsəbələrini əhatə edib. Səyyar şəkildə keçirilən icma görüşləri məişət zorakılığı hallarının aşkar edilməsi, erkən evlilik və qohum nikahları ilə bağı qanunvericilikdə edilmiş dəyişikliklər, təhsildən yayınma hallarının qarşının alınması, ailə həyatına psixoloji hazırlıq, tənha ahıllar, nənə və baba himayəsində yaşayan, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları və digər aktual mövzuları əhatə edib. Görüşlərin keçirilməsi həssas kateqoriyadan olan ailələrin, qadın və uşaqların aşkar edilməsi, onların hüquqlarının müdafiəsi və profilaktik tədbirlərin görülməsində, icmanın imkanlarının səfərbər edilməsində mühüm rol oynayır. İcma sakinləri, kəndlərin icra, bələdiyyə və dini icmasının nümayəndələri, tibb məntəqlərinin işçiləri, təhsil müəssisələrinin tərbiyəçiləri, psixoloq və pedaqoqlarının iştirakı ilə keçirilən görüşlərdə ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər diqqətə çatdırılır, icmanın ehtiyaclarına uyğun mövzular üzrə müzakirələr aparılır, həmçinin vətəndaşların müraciətləri qeydə alınaraq həlli istiqamətində tədbirlər görülür. Qeyd edək ki, 187 nəfərin iştirakı ilə 22 icma görüşü keçirilib.

“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Adıgözəlovlar ailəsidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı İsmayıllı rayonunun tanınan ailələrindən olan və bu il evliliklərinin 50-ci ildönümünü qeyd edən Adıgözəlovlar ailəsidir. Qəhrəman Adıgözəlov 1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olub. Orta təhsillidir. O, ata-baba ənənəsini davam etdirərək oyma ustası kimi fəaliyyət göstərir və bu sənəti layiqincə yaşadır. Onun yaratdığı sənət əsərləri bir sıra muzeylərdə qorunur və nümayiş etdirilir. Buna nümunə olaraq “Cavanşir portreti”ni göstərmək olar ki, həmin əsər hazırda Milli Azərbaycan Tarixi Muzeyinin qiymətli eksponatları sırasında nümayiş etdirilir. Q.Adıgözəlov eyni zamanda həvəskar şair və saz ustasıdır. O, 4 kitabın müəllifidir. Yaradıcılığında vətənpərvərlik, ailə dəyərləri, milli-mənəvi irs və mənəvi zənginlik kimi mövzulara geniş yer verir. Həyat yoldaşı Şəfiqə Adıgözəlova 1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olub. Orta təhsillidir. Uzun illər xalçaçılıqla məşğul olub. 25 may 1976-ci ildə ailə həyatı quran Adıgözəlovların 4 övladı (2 oğlan, 2 qız), 8 nəvəsi var. Adıgözəlovların övladları, həmçinin 8 nəvəsindən 3-ü yüksək nəticələr göstərərək ali məktəbə qəbul olublar və hazırda təhsillərini davam etdirirlər. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik. - Xoşbəxt evliliyin sirri nədədir? Q.Adıgözəlov: “Xoşbəxt ailənin sirri yalnız qarşılıqlı hörmət, məhəbbət və sevgidədir. Əgər sən o adama hörmət qoyursansa, onu həqiqətən bir insan kimi sevirsənsə ondan başqa heç nəyə ehtiyac yoxdur”. Ş.Adıgözəlova: “Xoşbəxt evliliyin sirri qarşılıqlı hörmət və səbirdədir. Ailə qurmaq asandır, onu qoruyub saxlamaq isə zəhmət istəyir. Hər iki tərəf bir-birini anlamağa çalışmalıdır”. - Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Q.Adıgözəlov: “Bilirsiniz, hər şeyi səbir həll edir. Qarşı tərəfə haqsızlıq etmək olmaz. Bəzi məsələlərdə güzəştə getmək mütləqdir. Əks halda insan xoşagəlməz nəticələrlə qarşılaşmalı olar”. Ş.Adıgözəlova: “Ailədə fərqli fikirlərin olması normaldır. Əsas məsələ onu necə həll etmək, ortaq məxrəcə gəlməkdir. Biz çalışmışıq ki, əsəbi halda qərar verməyək. Əvvəlcə sakitləşirik, sonra oturub danışırıq. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Bəzən güzəştə getmək də lazımdır. Çünki ailədə qalib gəlmək yox, birlikdə qalmaq vacibdir”. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? - Bu məsələdə valideynlər birbaşa məsuliyyət daşıyırlar. Hər bir valideyn övladının tərbiyəsi ilə ciddi şəkildə maraqlanmalıdır. Uşağın hər bir davranışına, o cümlədən təhsilinə valideyn cavabdehdir. Əgər laqeyd münasibət olarsa və ya tərbiyədə boşluqlara yer verilərsə gələcəkdə ciddi problemlər yarana bilər. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Biz ailədə hər zaman hörmət və anlayışı əsas götürmüşük. Uşaqlarımızı həm sevgi ilə böyütmüşük, həm də məsuliyyət hissini aşılamışıq. Çalışmışıq ki, onları dinləyək, fikirlərinə dəyər verək. Evdə qərarlar məsləhətləşmə yolu ilə verilib. Böyük-kiçik yeri bilinib, amma eyni zamanda uşaqlar özlərini sərbəst ifadə edə biliblər. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz. - Geri dönüb baxanda düşünürük ki, bəlkə də uşaqlarımıza daha çox vaxt ayıra bilərdik. O vaxtlar həyat çətin idi, əsas məqsədimiz onları dolandırmaq, yaxşı yaşatmaq idi. Amma indi anlayırıq ki, uşağa ən çox lazım olan diqqət və söhbətdir. Ancaq bunlara baxmayaraq, biz uşaqlarımızdan çox razıyıq, onlar istədiyi peşəyə yiyələniblər. Gözəl ailə həyatı qurublar, gözəl övladlar tərbiyə edirlər. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Q.Adıgözəlov: “Gənclərin özündən çox şey asılıdır. Ailə qurmaq məsuliyyət tələb edir. İlk olaraq həyatını bölüşəcəyin insanı seçərkən onunla aralarında olan uyğunluğa fikir verilməlidir. Bundan başqa, ailənin möhkəm, uzunömürlü olması üçün sevgi, hörmət, qayğı hissinin olması vacib məsələdir. Gənclər ailə həyatı qurarkən tələsməməli, yüz ölçüb bir biçməlidirlər”. Ş.Adıgözəlova: “Gənclərə məsləhətimiz odur ki, ailə qurmağa tələsməsinlər. Bir-birini yaxşı tanısınlar, xarakterlərini, düşüncələrini anlasınlar. Ailə yalnız sevgi ilə yox, həm də məsuliyyətlə qurulur. Həyat həmişə asan olmur. Çətin günlərdə səbirli olmaq, bir-birinə dayaq durmaq vacibdir. Hörmət və etibar olmadan ailə uzunömürlü olmaz. Mən bugünkü gənclərə də elə övladlarımın ailəsi kimi ailə sahibi olmağı, onlar kimi ailəcanlı olmağı arzu edirəm”. Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə nümayəndələri Nazlı Mirzəliyeva və Ruhəngiz Qasımovanın da iştirakı ilə Adıgözəlovlar ailəsinə etdiyimiz ziyarətdən xoş təəssüratlarla ayrılırıq. Hörmətli Adıgözəlovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib
Görüşün məqsədi Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura səviyyəsində təhsil alan dövlət qulluqçuları üçün Azərbaycanda tətbiq olunan müasir idarəetmə texnologiyaları ilə tanışlığın təşkili, dövlət siyasəti və institusional mexanizmlər sahəsində təcrübə mübadiləsinin aparılması olub. Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qonaqları salamlayaraq Azərbaycanın ailə, qadın və uşaq siyasəti istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını diqqətə çatdıran S.Qəhrəmanova bildirib ki, bu addım Azərbaycanda dövlət qadın siyasətinin institusional əsaslarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyıb. O qeyd edib ki, sonrakı dövrdə Komitənin fəaliyyət istiqamətləri genişləndirilərək ailə və uşaq məsələlərini də əhatə edib, nəticədə qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi fəaliyyətini davam etdirir. S.Qəhrəmanova vurğulayıb ki, Komitə tərəfindən gender bərabərliyinin təşviqi, ailə institutunun möhkəmləndirilməsi, qadınların hüquqlarının müdafiəsi və uşaqların rifahının təmin olunması istiqamətində ardıcıl layihələr və maarifləndirmə tədbirləri həyata keçirilir. O, həmçinin beynəlxalq əməkdaşlığın bu sahədə təcrübə mübadiləsi və yeni təşəbbüslərin formalaşması baxımından xüsusi rol oynadığını qeyd edib. Görüş çərçivəsində Komitənin Ailə məsələləri, Qadın və gender məsələləri, Uşaq məsələləri, Hüquqi təminat şöbələrinin əməkdaşları təqdimatla çıxış edərək şöbələrin fəaliyyəti, həyata keçirilən layihələr, hüquqi maarifləndirmə tədbirləri, məişət zorakılığı və uşaq hüquqlarına dair məlumat bankının təkmilləşdirilməsi, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi və sosial müdafiə mexanizmləri barədə məlumat veriblər. Çıxış edən Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Komitənin fəaliyyətində texnologiya və innovasiyaların tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, müasir idarəetmə yanaşmalarının effektivliyinin artırılması məqsədilə rəqəmsal həllərdən geniş istifadə olunur, elektron sənəd dövriyyəsi sistemi tətbiq edilir. Nümayəndə heyəti Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadınların ictimai həyatda iştirakının artırılması və uşaqların hüquqlarının qorunması istiqamətində görülən işləri və tətbiq olunan innovativ yanaşmaları yüksək qiymətləndirib. Görüş qarşılıqlı fikir mübadiləsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb. Qeyd edək ki, görüş Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təcrübə proqramı çərçivəsində təşkil edilib.

Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə 1-2 aprel 2026-cı il tarixlərində Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici görüşlər keçirilib. Tədbirlərdə Mərkəzlərin, rayon idarə və müəssisələrin əməkdaşları, tibb işçiləri, müəllimlər, valideynlər, tələbələr, icma sakinləri və uşaqlar iştirak ediblər. Tədbirlərdə çıxış edənlər cəmiyyətin autizm mövzusunda maarifləndirilməsinin vacibliyindən bəhs edib, ölkəmizdə bu istiqamətdə görülən işlər, o cümlədən autizmli fərdlərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların hüquqlarının qorunması və ailələrinə göstərilən dəstəkdən danışıblar. Mütəxəssislər iştirakçılara autizmin erkən əlamətləri, diaqnostika prosesi, uşaqların inkişafına dəstək üsulları, həmçinin ailələrin qarşılaşdığı çətinliklər və onların həlli yolları barədə məlumat veriblər. Diskussiya şəklində keçən tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü və Aprel döyüşlərinin 10 illiyi ilə əlaqədar Bakı şəhəri və regionlarda tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə 31 mart-1 aprel 2026-cı il tarixlərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü və Aprel döyüşlərinin 10 illiyi ilə əlaqədar anım tədbirləri keçirilib. Tədbirlərdə Mərkəzlərin, yerli idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, məktəblilər, valideynlər, müəllimlər və icma sakinləri iştirak ediblər. Soyqırım qurbanların əziz xatirəsi ehtiramla anılıb, xalqın yaddaşına həkk olunmuş bu faciə barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda 2016-cı ilin Aprel döyüşlərinin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə mühüm rolu qeyd edilib, qəhrəman şəhidlərimizin xatirəsi yad olunub. Məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci "Yüksəliş" müsabiqəsinin qalibi Fatimə Eyyubla görüşüb
Bahar Muradova Fatimə Eyyubun uğurunu yüksək qiymətləndirərək onun əldə etdiyi nailiyyətlərin gənc qadınlar üçün motivasiya olduğunu, xüsusilə, özünəinamlı və güvənli gənclərin bu prosesdə fəal iştirakına stimul verdiyini deyib. Komitə sədri “Yüksəliş” müsabiqəsinin ölkədə istedadlı, bacarıqlı və idarəetmə keyfiyyətlərinə malik kadrların üzə çıxarılması və inkişafında mühüm rol oynadığını vurğulayıb. Bahar Muradova Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu müsabiqənin insan kapitalının inkişafında mühüm rolunu qeyd edərək seçilən savadlı və gələcəyə inamlı gənclərin cəmiyyətin və dövlətin inkişafına töhfə verdiklərini qeyd edib. Bildirib ki, bu platforma yalnız bilik və bacarıqları deyil, həm də iradə, məsuliyyət və cəmiyyətə fayda vermək istəyini ön plana çıxarır. Görüş zamanı mentinin peşəkar inkişafı, potensialının daha da gücləndirilməsi və gələcək fəaliyyət istiqamətləri ətrafında, eyni zamanda Mentorluq Proqramı çərçivəsində atılacaq növbəti addımlarla bağlı səmərəli müzakirələr aparılıb. “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

“Arzulara qanad verək” qan vermə aksiyası keçiriləcək
17 aprel 2026-cı il tarixində “Ümumdünya Hemofiliya Günü” münasibətilə “Arzulara qanad verək” qan vermə aksiyası keçirləcək. Aksiya talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər kəsi bu nəcib təşəbbüsə qoşularaq ehtiyacı olanlara ümid olmağa dəvət edir. Saat 10:00-dan 19:00-a qədər davam edəcək aksiyada iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi ilə birlikdə Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 ünvanında yerləşən Respublika Qan Bankının inzibati binasına yaxınlaşa bilərlər. Qeyd edək ki, yalnız sağlamlığı imkan verən şəxslər həkim müayinəsindən keçdikdən sonra aksiyada iştirak edə biləcəklər. Qan donoru ola bilməyən şəxslər: 1. Yaş və çəki meyarına uyğun olmayanlar · 18 yaşdan aşağı və ya 65 yaşdan yuxarı şəxslər · Çəkisi 50 kq-dan az olanlar 2. Yoluxucu və xroniki xəstəlikləri olanlar · Hepatit B və C, HIV/AIDS, sifilis və digər qanla keçən xəstəliklər · Aktiv vərəm (tuberkulyoz) · Xərçəng xəstəliyi (bəzi hallarda sağalmış şəxslər də daxil) · Epilepsiya · Şəkərli diabet (xüsusilə insulinlə müalicə olunanlar) 3. Yaxın zamanda tibbi müdaxilə keçirmiş şəxslər · Böyük cərrahi əməliyyatlardan sonra (6–12 ay gözləmə tələb olunur) · Diş çəkilməsi və ya digər stomatoloji müdaxilələrdən sonra (təxminən 1 həftə) · Peyvəndlərdən sonra (xüsusilə canlı viruslu peyvəndlərdə 2–4 həftə) 4. Hamilə və yeni doğum etmiş qadınlar · Hamiləlik dövründə · Doğuşdan sonra ən az 6 ay ərzində 5. Ürək-damar və təzyiq problemləri olanlar · Yüksək və ya aşağı qan təzyiqi olanlar · Ürək xəstəlikləri olan şəxslər 6. Zərərli vərdişləri olanlar · Qan vermədən əvvəlki 24 saat ərzində spirtli içki qəbul edənlər · Narkotik maddə istifadə edən şəxslər

Novruz bayramı münasibətilə Bakı şəhərində və regionlarda tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə Novruz bayramı münasibətilə əyləncəli, maarifləndirici tədbirlər, treninq və master-klaslar keçirilib. Tədbirlərdə yerli idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, uşaqlar, valideynlər, müəllimlər və icma sakinləri iştirak ediblər. Tədbirlər zamanı iştirakçılara xalqımızın qədim və əziz bayramı olan, baharın gəlişini müjdələyən Novruz barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Novruzun adət-ənənələri dünya mədəni irsinin mühüm tərkib hissəsidir, bu bayram müxtəlif mədəniyyətlər və dinlər arasında sərhəd tanımayan dostluq rəmzidir. Musiqili-əyləncəli proqramlarla davam edən şənliklərdə uşaqların ifasında müxtəlif səhnəciklər və milli rəqslər nümayiş etdirilib. Eyni zamanda Mərkəzlərin əməkdaşları bələdiyyələrin və sosial tərəfdaşların dəstəyi ilə Novruz bayramı münasibətilə həssas əhali qrupuna aid edilən ailələrə səfər edib, onlara bayram sovqatı təqdim ediblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi