Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib

24 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən növbəti səyyar “Açıq qapı” günü keçirilib.“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, İsmayıllı rayonunun Sumağalı, Ağdam rayonunun Quzanlı, Goranboy rayonunun Qırıqlı, Hacıqabul rayonunun Muğan, Saatlı rayonunun Nəsimikənd, Sabirabad rayonunun Muğan Gəncəli, Zaqatala rayonunun Aşağı Çardaxlar, Zərdab rayonunun Bəyimli, Göygöl rayonunun Əlimədədli kənd və qəsəbələrini əhatə edib.  Psixoloq və sosial işçilərin iştirakı ilə keçirilən “Açıq qapı” günündə vətəndaşların UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, aliment, təhsil, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, yaşayış şəraitinin yaxşılaşdırılması üzrə ümumilikdə 68 nəfər vətəndaşın müraciəti dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
Bakı şəhəri və regionlarda səyyar icma görüşləri davam etdirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən icma ilə əlaqələrin gücləndirilməsi məqsədilə 2026-cı ilin aprel ayında kənd və qəsəbələrdə icma görüşləri təşkil edilib.  Səyyar şəkildə keçirilən icma görüşləri məişət zorakılığı hallarının aşkar edilməsi, zorakılığa məruz qalan qadınların və qızların psixoloji dəstəyə yönləndirilməsi, erkən evlilik və qohum nikahları ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər, təhsildən yayınma hallarının qarşısının alınması, ailə həyatına psixoloji hazırlıq, tənha ahıllar, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları və onların problemləri, himayədar ailə kimi aktual mövzuları əhatə edib. Kənd və qəsəbələrdə keçirilən 38 icma görüşlərində 359 nəfər iştirak edib. Qeyd edək ki, icma görüşlərinin keçirilməsi həssas kateqoriyadan olan ailələrin, qadın və uşaqların aşkar edilməsi, onların hüquqlarının müdafiəsi və profilaktik tədbirlərin görülməsində, icmanın imkanlarının səfərbər edilməsində mühüm rol oynayır. İcma sakinləri, kəndlərin icra, bələdiyyə və dini icmasının nümayəndələri, tibb məntəqlərinin işçiləri, təhsil müəssisələrinin tərbiyəçiləri, psixoloq və pedaqoqlarının iştirakı ilə keçirilən görüşlərdə ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər diqqətə çatdırılır, icmanın ehtiyaclarına uyğun mövzular üzrə müzakirələr aparılır, həmçinin vətəndaşların müraciətləri qeydə alınaraq həlli istiqamətində tədbirlər görülür.      

Ətraflı
Böyük Britaniya səfiri Ferqus Ould ilə vida görüşü keçirilib

1 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould ilə görüşüb. Dövlət Komitəsinin sədri Bahar Muradova, fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfələrə görə səfir F.Oulda təşəkkürünü bildirib. B.Muradova iki ölkə arasında əməkdaşlığın xüsusilə də regionlarda yaşayan qadınların gücləndirilməsi istiqamətində mühüm nəticələr verdiyini deyib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti icmaların daxili potensialının gücləndirilməsinə və qadınların ictimai-iqtisadi fəallığının artırılmasına yönəlib. Bu siyasət nəticəsində qadınların rəhbərlik etdiyi ailə və kəndli təsərrüfatlarının sayı əhəmiyyətli dərəcədə artıb, eyni zamanda sahibkar qadın assosiasiya və təşkilatları formalaşıb. Azərbaycan Respublikasının İqtisadiyyat, eləcə də Kənd Təsərrüfatı Nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən həyata keçirilən dəstək mexanizmləri icmaların inkişafına mühüm töhfə verir. Bu çərçivədə qadınların rəhbərlik etdiyi təsərrüfatlar, xüsusilə özünüməşğulluq proqramları vasitəsilə təşviq olunur və onların iqtisadi dayanıqlığı gücləndirilir. Beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan B.Muradova, BMT çərçivəsində keçirilən müzakirələrdə, o cümlədən Pekin Fəaliyyət Platformasının icrası ilə bağlı ortaya çıxan yeni çağırışların ailə institutuna, rəqəmsal mühitdə qadın və uşaqların təhlükəsizliyinə təsir etdiyini vurğulayıb. Bu çağırışlarla mübarizə məqsədilə qanunvericilik təşəbbüsləri və praktik həllərin hazırlanması istiqamətində iş aparıldığını deyən sədr, birgə səylərin vacibliyindən danışıb. Səfir Ferqus Ould, iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərini xüsusilə sosial siyasət, gender bərabərliyi və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Ölkəsi üçün qadınlarla bağlı siyasətin əsas istiqamətlərdən biri olduğuna diqqət çəkən səfir, qadınların sülh və təhlükəsizlik proseslərində iştirakçılığı, gender bərabərliyinin təmin olunması və gender stereotiplərinə qarşı mübarizə istiqamətində əməkdaşlıqla bağlı təkliflərini səsləndirib. Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi ilə davam edib.

Ətraflı
Aynur Sofiyeva “Layiqli əmək, gender bərabərliyi və sosial inklüzivlik”  mövzusunda görüşdə iştirak edib

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Layiqli əmək, gender bərabərliyi və sosial inklüzivlik” mövzusunda görüşdə iştirak edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Layiqli Əmək Səfirləri” layihəsi çərçivəsində keçirilən görüşün əsas məqsədi dövlət idarəçiliyində layiqli əməyin təşviqi, gender bərabərliyinin təmini və həssas qrupların əmək hüquqlarının müdafiəsidir. Görüşdə qeyd edilən layihənin  “Layiqli əmək səfiri” olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Layiqli əmək, gender bərabərliyi və sosial inklüzivlik” mövzusunda çıxış edərək,  Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasəti, görülən işlər, dayanıqlı inkişafın əsas şərtləri, layiqli əməyin təşviqi üzrə bərabər imkanlar, inklüziv əmək bazarında gender bərabərliyinin təmin edilməsi, dünya təcrübəsi, müvafiq sahə üzrə çağırışlar və müasir tendensiyaları qeyd edib. Həmçinin Dövlət Komitəsinin müvafiq istiqamətdəki fəaliyyəti və aidiyyəti qurumlarla həyata keçirilən koordinasiyalı işi barədə məlumat verib. Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı görüşdə çıxış edərək, əmək münasibətlərində gender aspektinin nəzərə alınması, işəgötürənlər tərəfindən qadınlara münasibətdə ədalətli yanaşma,  gender məsul şəxslərin fəaliyyəti və funksiyaları,  ölkə üzrə gender bərabərliyi sahəsində statistik göstəricilər və həyata keçirilən “Qızların təhsilinə dəstək” layihələri diqqətə çatdırıb.   Eyni zamanda Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Xəyalə Abbaslı-Əsgərli əmək münasibətləri sahəsində olan beynəlxalq və yerli qanunvericilik aktları, hüquqi çərçivədə aparılan islahatlar və yeniliklər barədə öz fikirlərini bildirib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri və ictimai xidmət sahəsində çalışan gənclər, Dövlət Komitəsinin və AHİK-nın əməkdaşları iştirak edib. İnteraktiv formada keçən görüşdə  iştirakçıların sualları  cavablandırılıb.

Ətraflı
“Həyatının memarı-Sən özünsən” layihəsi çərçivəsində maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Nizami rayonunda yerləşən 70 və 214 nömrəli tam orta məktəblərdə “Həyatının memarı- Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüşlər keçirilib. Valideynlər və yeniyetmələr arasında maarifləndirmə işinin gücləndirməsi  və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan görüşlərdə psixoloqlar, müəllim heyəti, valideynlər və şagirdlər iştirak edib. Görüşlərdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək, narkomaniyanın insan sağlamlığına zərəri, cəmiyyət üçün yaratdığı problemlər və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Çıxışçılar valideyn məsuliyətinin, sağlam ailə mühitinin, düzgün tərbiyə və davamlı nəzarətin yeniyetmələrin zərərli vərdişlərdən uzaq böyüməsində mühüm rol oynadığını qeyd ediblər. Müzakirə formatında davam edən görüşlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda mövzu ilə bağlı maarifləndirici kitabçalar informativ resurs kimi məktəblərin kitabxanasına təqdim olunub.

Ətraflı
Ailə, qadın və uşaq məsələləri sahəsində tematik panel müzakirəsi keçirilib

“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans çərçivəsində geniş panel müzakirəsi təşkil olunub. Müzakirənin əsas məqsədi ailə institutunun möhkəmləndirilməsi, qadınların cəmiyyətdə rolu, uşaqların rifahı və rəqəmsal dövrdə sosial dəyərlərin qorunması ilə bağlı aktual çağırışların elmi və praktiki aspektdən təhlili olub. Sessiya Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə baş tutub. O, giriş nitqində dayanıqlı inkişafın sosial sütunlarından biri kimi ailə institutunun strateji əhəmiyyətini vurğulayıb və müzakirələrin müxtəlif sahələri əhatə edən kompleks yanaşma ilə aparılmasının vacibliyini qeyd edib, bu sahədə qlobal çağırışlara diqqət çəkib.  Müzakirələrdə müxtəlif sahələri təmsil edən ekspertlər çıxış edərək tematik istiqamətlər üzrə fikirlərini bölüşüblər. İlk panelçi Milli Məclisin deputatı Mübariz Qurbanlı, ailə institutuna qlobal miqyasda təsir göstərən çağırışlar və risklər barədə danışaraq, statistik göstəriciləri diqqətə çatdırıb. Ənənəvi ailə modeli ilə müasir ailə münasibətlərini müqayisəli təhlil edən deputat, dövrümüzdə ailədaxili münasibətlərdə fərdiyyətçiliyə gətirib çıxaran amilləri qeyd edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bərabərlikdən inklüzivliyə keçid mərhələsində ailə, qadın və uşaq hüquqlarının təmini sahəsində hüquqi islahatların insan yönümlü və preventiv yanaşma əsasında inkişafını tələb etdiyini qeyd edib.  T.İbrahimova vurğulayıb ki, bu sahədə qəbul olunan qanunlar və mexanizmlər yalnız institusional tətbiq, sosial davranış dəyişikliyi və koordinasiyalı xidmətlər olduqda real nəticə verə bilər. O, inklüziv siyasətin effektivliyinin hüquqi qoruma ilə ailədaxili etibarın balanslaşdırılması və uşaqyönümlü yanaşmanın praktikada gücləndirilməsi ilə mümkün olduğunu deyib. Növbəti panelçi ADA Universitetinin dekanı, təhsil eksperti Ülviyyə Mikayılova təhsilə bərabər çıxış imkanlarının insan kapitalının inkişafında əsas faktor olduğunu bildirib və inklüziv təhsil siyasətinin əhəmiyyətini önə çəkib. Ü.Mikayılova uşaqların təhsildə bərabər imkanlarından bəhs edərək, sosial dövlətin ən vacib aləti kimi məktəbin əhəmiyyətindən danışıb. O, xarici ölkələrin təcrübələrindən nümunələr gətirərək, həssaq uşaqların təhsildəki nəaliyyətlərinə diqqət göstərilməsinin vacibliyini vurğulayıb. “Yaddaş Akademiyası”nın təsisçisi və rəhbəri, psixoloq Aytəkin Aslan, ailə dayanıqlığı və emosional sağlamlığın uşaqların psixoloji rifahı və şəxsiyyətinin formalaşmasında həlledici rolunu vurğulayıb. O, emosional dəstəyin, sağlam ünsiyyət və sabit ailə mühitinin uşaqlarda stress və davranış pozuntularının azalmasına birbaşa təsir göstərdiyini deyib. Sosial tədqiqatçı Humay Axundzadə qlobal dünyada dayanıqlı cəmiyyətin formalaşmasında qadınların rolunun artan əhəmiyyətindən bəhs edib. O, qadınların ailədə və cəmiyyətdə qayğı, tərbiyə və təhsil vasitəsilə gələcəyin əsasını qoyduğunu qeyd edib. Bildirib ki, həyata keçirilən gender siyasəti nəticəsində qadınların məşğulluğu və iqtisadi fəallığı artır, stereotiplərə qarşı daha dözümsüz mühit formalaşır və zorakılıq, erkən evlilik hallarının azalması dayanıqlı cəmiyyətin qurulmasına mühüm töhfə verir. Sonuncu panelçi AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Esmira Qasımova çıxışında rəqəmsal dövrdə ailə dəyərlərinin transformasiyası mövzusuna toxunub. O,  rəqəmsallaşmanın ailədaxili münasibətlərə təsirindən bəhs edərək, əsas yanaşmanın texnologiyanı qadağan etmək deyil, təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılması olduğunu deyib. Panel müzakirəsi interaktiv fikir mübadiləsi ilə davam edib və iştirakçılar ailə, qadın və uşaq siyasətinin gələcək inkişaf istiqamətləri ilə bağlı müxtəlif təkliflər irəli sürüblər.

Ətraflı
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransın açılış mərasimi keçirildi

30 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gülüstan sarayında “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib. Tədbirdən öncə Fəxri xiyaban ziyarət edilib, Ümummilli lider Heydər Əliyev və oftalmoloq alim Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla anılıb. Tədbir uşaqların canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Davamında “Ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasəti” adlı film nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq, konfransın işinə uğurlar arzu edib. O, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsinin təsisindən 28 il, onun əsasında Prezidentin 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasından 20 il ötdüyünü diqqətə çatdırıb. Bu tarixlər müstəqil və müasir dövlət quruculuğu çərçivəsində institusional inkişafımızla yanaşı, həm də dövlətimizin sosial siyasətində insan amilinə verilən  dəyəri ifadə edir. B. Muradova son 30 il ərzində müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı prosesində  insan kapitalına  yönəlik siyasətin mərhələli şəkildə formalaşdığını və bu gün artıq sistemli bir xarakter aldığını qeyd edib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Bu kursun mərkəzində insan amili dayanır və bu yanaşma dövlət siyasətinin bütün istiqamətlərində öz əksini tapır. Komitə sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə həyata keçirilən sosial və humanitar layihələrin ailə, qadın və uşaq siyasətinə əlavə məzmun qazandıraraq onun humanist, inklüziv və cəmiyyət yönümlü xarakterini daha da gücləndirdiyini qeyd edib. Dövlət Komitəsinin fəaliyyətinə diqqət çəkən B. Muradova diqqətə çatdırıb ki, son 20 il ərzində ailə, qadın və uşaq sahəsində vahid dövlət idarəetmə sistemi formalaşdırılmış, normativ-hüquqi baza əhəmiyyətli dərəcədə genişləndirilmiş, institusional mexanizmlər gücləndirilmiş və bu siyasət real sosial nəticələrlə müşayiət olunmuşdur. Qəbul edilən qanunvericilik aktları gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması, uşaqların hüquqlarının müdafiəsi və onların zərərli informasiyadan qorunması istiqamətində mühüm hüquqi zəmin yaratmışdır. Maarifləndirici təlimlərə diqqətə çəkən B. Muradova  qeyd edib ki, ailə dəyərlərinin təşviqi istiqamətində reallaşdırılan layihələr çərçivəsində minlərlə təlim, görüş və tədbirlər keçirilmiş, yüz minlərlə vətəndaş bu təşəbbüslərdən faydalanmışdır. İqtisadi imkanların genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunma və məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlər nəticəsində qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artmışdır. Hüquqların qorunması, sosial rifahın yaxşılaşdırılması, təhsil və inkişaf imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində uşaqlar artıq cəmiyyət həyatının  fəal və təşəbbüskar üzvlərinə çevrilmişdir: Komitə rəsmisi müasir dövrdə qarşıda duran çağırışların kifayət qədər ciddi və çoxşaxəli olduğunu vurğulayaraq, qeyd edib ki, rəqəmsal transformasiya, sosial münasibətlərin dəyişməsi, qlobal təsirlər ailə institutuna və sosial dəyərlərə yeni tələblər irəli sürür. Bu baxımdan preventiv yanaşmanın gücləndirilməsi, rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması, sosial həssas qrupların müdafiəsinin genişləndirilməsi və regionlarda imkanların artırılması qarşıdakı dövrün əsas prioritetləri kimi müəyyən edilmişdir. B. Muradova çıxışının sonunda vurğulayıb ki, ailə cəmiyyətin təməlidir, milli kimliyimizin daşıyıcısıdır, qadın bu təməlin yaradıcısı və aparıcı qüvvəsidir, uşaq isə dövlətimizin gələcəyidir, onun davamlı inkişafının təminatıdır. Məhz buna görə də dövlət siyasətimizin məqsədi bu istiqamətləri ayrı-ayrılıqda deyil, əksinə bir-birini qarşılıqlı şəkildə gücləndirən və tamamlayan vahid bir model kimi formalaşdırmaqdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) Səbinə Əliyeva çıxışında qeyd edib ki, Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində mühüm yer tutur və bu sahədə həyata keçirilən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunub. O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmiş, ölkəmiz insan hüquqları, o cümlədən qadın və uşaq hüquqları sahəsində mühüm beynəlxalq konvensiyalara qoşulmuş, bu istiqamətdə əsas qanunvericilik bazası formalaşdırılmışdır. S. Əliyeva qeyd edib ki, həyata keçirilən tədbirlər, habelə respublikanın müxtəlif bölgələrində, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri cəmiyyətin sosial rifahının və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Ombudsman vurğulayıb ki, ölkə rəhbərliyi tərəfindən ailə, qadın və uşaq siyasəti sahəsində kompleks islahatlar həyata keçirilir, müdafiə mexanizmləri genişləndirilir və sosial təminat gücləndirilir. Bu tədbirlər cəmiyyətin sosial rifahının və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Ombudsman çıxışında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində gördüyü işlərə də toxunub. O bildirib ki, yoxsulluğun azaldılması, təhsilin inkişafı, gender bərabərliyinin təmin edilməsi və ətraf mühitin qorunması sahəsində görülən tədbirlər mühüm nəticələr verib. S. Əliyeva vurğulayıb ki, son illərdə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində Ombudsmana bərabərlik hüququnun təmini, habelə əlilliyi olan şəxslərin, uşaqların hüquqlarının müdafiəsi sahəsində yeni səlahiyyətlərin verilməsi və təsisatda müvafiq struktur bölmələrin yaradılması beynəlxalq öhdəliklərin, müvafiq təşkilatların tövsiyələrinin icrası və qeyd olunan sahələrə töhfənin verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ictimai şəxslər və dövlət məmurları uşaqların təhsilini və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün əllərindən gələni etməlidirlər. Qarşılıqlı əməkdaşlığa əsaslanan iş modelinin qurulması son dərəcə vacibdir. O qeyd edib ki, təhsil nailiyyətlərinə baxıldıqda iki istiqamət üzrə inkişafdan danışmaq mümkündür; birinci istiqamət təlim və nəticələrdir. Bunları imtahan vasitəsilə ölçmək daha asandır, ikinci istiqamət isə uşağın tərbiyəsidir ki, bu daha mürəkkəbdir və ölçülməsi çətindir. O vurğulayıb ki, Azərbaycan məktəblərində bu iki istiqamət paralel aparılmalı, xüsusilə tərbiyə məsələləri ön plana çəkilməlidir və dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması yüksək nəticələrə gətirib çıxara bilər.   Nazir qeyd edib ki, əsas məsələ ailənin övladına ötürdüyü dəyərlərdir. Valideynlərin məsuliyyətini dərk etməsi, məktəb və müəllimlə birgə fəaliyyət göstərməsi gənc nəslin inkişafında mühüm rol oynayır, evdə kitabların olması, valideynlərin kitaba münasibəti, uşağın tədris prosesi ilə maraqlanması və problemlərlə bağlı müzakirələrin aparılması valideynin əsas öhdəliklərindəndir və bu addımlar uşağın inkişafına və təlim-tərbiyəsinə ciddi təsir edir. Dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə zəmin yarada bilər. O həmçinin vurğulayıb ki, qadınların təhsil almasına imkan yaradılması vacibdir və gələcəyin təminatı təhsilli analardan asılıdır. Təhsilli anaların sayının artması həm də təhsilli uşaqların sayının artması deməkdir. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketinin reallaşdırıldığını diqqətə çatdırıb. Bu islahatların əsas məqsədi məhz cəmiyyətin həssas qruplarının, o cümlədən aztəminatlı ailələrin, qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir. O vurğulayıb ki, Nazirlik tərəfindən həyata keçirilən kompleks tədbirlər arasında qadınların məşğulluq imkanlarının genişləndirilməsi, həssas əhali qruplarının sosial müdafiəsi və sosial xidmətlərəəlçatanlığının təmin olunması əsas prioritetlər sırasındadır. Son illərdə ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təşviqi və uşaqların müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm qanunvericilik və institusional islahatlar aparılmışdır. Nazir qeyd edib ki, hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir. Həmçinin ünvanlı dövlət sosial yardımı alan 350 min aztəminatlı şəxsin 170 mindən çoxunu uşaqlar təşkil edir. A. Əliyev son statistik məlumatlara diqqət çəkərək qeyd edib ki, Azərbaycanda məşğul əhalinin 48, muzdla işləyənlərin isə 41 faizini qadınlar təşkil edir. Qadınların yüksək gəlirli məşğulluq imkanlarının artırılması istiqamətində də ölkədə beynəlxalq əmək standartlarına uyğun bir sıra mühüm qanunvericilik islahatları həyata keçirilib. O qeyd edib ki, qadınların əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə onların aktiv məşğulluq tədbirlərində iştirak payı illər üzrə artır. Nazir çıxışının yekununda vurğulayıb ki, ailə, qadın və uşaq siyasəti dayanıqlı inkişafın əsasını təşkil edən mühüm istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən tədbirlər yalnız bu günün deyil, gələcək cəmiyyətin də formalaşmasına xidmət edir. Çıxışlardan sonra “Tarix yazanlardan gələcək quranlara”  filminin nümayişi və bədii kompozisiyanın təqdimatı baş tutub. Konfrans panel müzakirələrlə davam edib.

Ətraflı
Bahar Muradova “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxış edib

“Azərbaycanda iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri olan milli sahibkarlıqda qadınların iştirak səviyyəsi də davamlı olaraq artmaqdadır. Xüsusilə kiçik və orta biznes sahəsində qadınların fəallığının yüksəlməsi inklüziv iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sahibkarlıq Gününə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı qeyd edib. O, kənd təsərrüfatı sahəsində qadınların və gənclərin iştirakının genişləndiyi, ailə təsərrüfatlarının güclənməsi üçün yeni imkanların yarandığını diqqətə çatdırıb. Qeyd edilib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma proqramları çərçivəsində kənd təsərrüfatı, turizm, xidmət və sənaye sahələrində yeni biznes subyektləri formalaşır, yerli və xarici investisiyalar üçün əlverişli mühit yaradılır. Bu proses həm iqtisadi dirçəlişə, həm də sosial reinteqrasiyaya xidmət edir. B. Muradova vurğulayıb ki, sahibkarlar sosial məsuliyyəti artırmalı, qadınlar üçün şərait genişləndirilməlidir. Sahibkarlar iş yerlərində çalışanların, xüsusilə qadınların rahat və təhlükəsiz fəaliyyətini təmin etməlidir. Əgər qadınların əmək bazarında iştirakını artırmaq istəyiriksə, müəssisələrdə uşaq baxımı xidmətləri, səhiyyə imkanları, iş və ailə öhdəliklərini uzlaşdırmağa şərait yaradan mühit formalaşdırılmalıdır. Bu, seçim məsələsidir və dövlət tərəfindən bu hüquqlar təmin olunmalıdır: "Lakin paralel olaraq işəgötürənlər belə fəaliyyət üçün zəruri təhlükəsizlik və sosial şəraiti yaratmalıdır. İnklüziv və dayanıqlı əmək mühitinin formalaşdırılması üçün sahibkarların sosial məsuliyyətə yanaşması daha da gücləndirilməlidir" - deyə Komitə sədri əlavə edib. Komitə sədri çıxışında dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və sahibkarlar assosiasiyaları arasında əməkdaşlığın qadınların iqtisadi fəallığının artırılması baxımından mühüm rol oynadığını qeyd edib. B. Muradova bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən qadınların iqtisadi fəallığının artırılması, ailə bizneslərinin inkişafı və sosial rifahın gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu çərçivədə regionlarda qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün təlimlər, maarifləndirici görüşlər və dəstək proqramları həyata keçirilir.

Ətraflı
Çinlə qadın və uşaq məsələləri sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

28 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, xüsusilə qadın və uşaq məsələləri sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanla Çin arasında yüksək səviyyəli münasibətləri vurğulayaraq, tərəflərin bu əməkdaşlığa böyük diqqət yetirdiyini qeyd edib. Bu münasibətlərdə qadın, uşaq və ailələrin, ümumilikdə insan kapitalının inkişafının böyük əhəmiyyət kəsb etdiyini deyən sədr,  Azərbaycanın “Vahid Çin” siyasətini, “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini bildirib. B.Muradova, Pekin Konfransından keçən müddət ərzində mühüm sənədlərin qəbul edildiyini, Pekin platforması üzrə bütün dünyada gedən proseslərdə Azərbaycanın yaxından iştirak etdiyini, müvafiq istiqamətlər üzrə ölkədə siyasətlərin, mexanizmlərin formalaşdırılması sahəsində mühüm işlərin görüldüyünü deyib. Azərbaycanın beynəlxalq platformalardakı artan roluna diqqət çəkən Komitə sədri, xüsusilə AQEM-in Azərbaycan sədrliyində Qadınlar Şurasının yaradılmasının əhəmiyyətini qeyd edərək, ölkəmizin regional və qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirakını bir daha nümayiş etdirdiyini vurğulayıb. Sədr qarşıdakı dövrdə Qadınlar Şurasının rolunun daha da artırılması üçün Çin ilə əməkdaşlığın genişləndirilməsinin mümkün olduğunu bildirib. O, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qadınların səlahiyyətlərinin genişləndirilməsi, onların ictimai-siyasi həyatda, idarəetmə və qərarqəbuletmə proseslərində iştirakının artırılması istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd edib. Çin Xalq Respublikasının Azərbaycan Respublikasaındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey səmimi qəbula görə təşəkkür edib. Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən səfir iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada əsaslanaraq davamlı şəkildə inkişaf etdiyini qeyd edib. O, dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığını qeyd edib. Bildirib ki, bu əməkdaşlıq müxtəlif istiqamətləri, o cümlədən qadın və ailə məsələlərini əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişaf etdiyini qeyd edən səfir, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb. Səfir Lu Mey hər iki ölkədə qadınların rifahı və inkişafına xüsusi önəm verildiyini bildirib, bu sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu qeyd edib. Tərəflər görüş zamanı rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi, qadınların inkişafı, eləcə də həssas qruplara aid uşaqların müdafiəsi və rifahının gücləndirilməsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.  

Ətraflı