Pakistanda ikitərəfli görüşlər keçirilib

15 iyul 2026 16:18

Paylaş:

Pakistanda keçirilən “İƏT ölkələrində qadınların sosial-iqtisadi və siyasi səlahiyyətləndirilməsi: çağırışlar və gələcək fəaliyyət istiqamətləri” mövzusunda Qadınlar üzrə 9-cu Nazirlər Konfransı çərçivəsində Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bir sıra ikitərəfli görüşlər keçirib. 

İƏT-in Qadınların İnkişafı Təşkilatının (WDO) icraçı direktoru Sarah AlShoura ilə keçirilən görüşdə Azərbaycan ilə WDO arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi, gender bərabərliyinin təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Pakistan İslam Respublikası Milli Assambleyasının üzvü, Parlament katibi Saba Sadiq ilə görüş keçirilib.  

Görüşdə Azərbaycan ilə Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib, qadınların hüquq və imkanlarının genişləndirilməsi, ailə institutunun möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı, eləcə də qadın siyasəti sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Tərəflər gələcəkdə aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.