Dövlət Komitəsində Real TV-nin baş direktoru Mirşahin Ağayevlə görüş keçirilib
Paylaş:
22 iyul – Milli Mətbuat Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Real TV-nin baş direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev ilə görüş keçirilib.
Uşaq və gəncləri Azərbaycan mətbuatının zəngin tarixi, keçdiyi inkişaf yolu və müasir dövrdə cəmiyyətdə oynadığı mühüm rol barədə məlumatlandırmaq məqsədilə təşkil olunan görüşdə Azərbaycan Uşaqlarının İnkişaf Platforması İctimai Birliyi və Uşaq Səfirlər Məclisinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova medianın cəmiyyətin operativ və obyektiv məlumatlandırılmasındakı mühüm rolunu vurğulayıb. Real TV-nin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib. O, Mirşahin Ağayevin Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrdən bəhs edib. Sədr müavini həmçinin Uşaq Səfirlər Məclisi və Azərbaycan Uşaqlarının İnkişaf Platformasının ictimai fəal, təşəbbüskar və məsuliyyətli gənc nəslin formalaşmasına, onların cəmiyyət həyatında fəal iştirakının təşviqinə mühüm töhfə verdiyini qeyd edib.
Çıxış edən Real TV-nin baş direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev Azərbaycan milli mətbuatının tarixindən danışaraq bildirib ki, milli mətbuatımızın əsası 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. O vurğulayıb ki, “Əkinçi” yalnız ilk milli qəzet deyil, həm də maarifçilik ideyalarının yayılmasına, cəmiyyətin məlumatlandırılmasına və ölkənin inkişafına xidmət edən mühüm mətbuat orqanı olub. Onun sözlərinə görə, qəzetdə dövrün aktual məsələlərini əhatə edən müxtəlif rubrikalar vasitəsilə oxuculara faydalı məlumatlar təqdim edilirdi.
Mirşahin Ağayev media sahəsinin inkişaf mərhələlərinə də toxunaraq qeyd edib ki, ötən əsrin 90-cı illərində qəzetlər cəmiyyət üçün əsas informasiya mənbəyi hesab olunurdu. Müasir dövrdə isə informasiya mühiti rəqəmsallaşmanın təsiri ilə transformasiyaya məruz qalıb, ənənəvi media ilə yanaşı rəqəmsal platformalar daha operativ və əlçatan informasiya mənbəyinə çevrilib. O bildirib ki, bu gün informasiyanın yayılması modeli də dəyişib və mesaj yaratmaq imkanı olan hər bir şəxs informasiyanın həm istehsalçısı, həm də yayıcısı kimi çıxış edə bilir.
Əməkdar jurnalist, sürətlə dəyişən informasiya mühitində məsuliyyətli və peşəkar yanaşmanın cəmiyyətin düzgün məlumatlandırılmasının əsas şərtlərindən biri olduğunu diqqətə çatdırıb.
Görüş interaktiv müzakirələrlə davam edib. Uşaq Səfirlər Məclisinin üzvləri və gənclər Mirşahin Ağayevə onları maraqlandıran sualları ünvanlayıblar. Görüş zamanı rəqəmsallaşma dövründə medianın qarşılaşdığı çağırışlar, informasiya təhlükəsizliyi, sosial medianın cəmiyyətə təsiri, media savadlılığının əhəmiyyəti və gələcəyin jurnalistikasının inkişaf istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi