Beynəlxalq əlaqələr

Beynəlxalq tədbirlər və görüşlər

Tarixdən
Tarixədək
Arxiv
Macarıstanda qlobal miqyasda ailə yönümlü əməkdaşlığın əhəmiyyəti müzakirə olunub

24 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Macarıstan Respublikasına işgüzar səfəri çərçivəsində Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Macarıstan Ailə Tərəfdarları Sammiti” adlı beynəlxalq konfransda iştirak edib. Sammit çərçivəsində keçirilən “Qlobal miqyasda ailə yönümlü əməkdaşlığın əhəmiyyəti” adlı panel iclasında çıxış edən Komitə sədri Macarıstan tərəfinə təşəkkürünü bildirib və ailə institutunun dövlətlərin strateji sabitliyi və milli təhlükəsizliyi üçün fundamental əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, demoqrafik azalma, nikahların gecikməsi, miqrasiya, iqtisadi qeyri-sabitlik və müharibələr ailənin davamlılığına təsir göstərir, rəqəmsal transformasiya isə həm imkanlar, həm də yeni risklər yaradır. Bu baxımdan ailə yönümlü beynəlxalq əməkdaşlığın gücləndirilməsi zəruridir. Bildirilib ki, Azərbaycanda ailə cəmiyyətin əsası kimi qiymətləndirilir və bu yanaşma “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf Strategiyası”, Dayanıqlı İnkişaf Məqsədləri və “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da prioritet kimi əksini tapıb. B.Muradova vurğulayıb ki, pronatalitet siyasətin məqsədi yalnız statistik artım deyil, sağlam və rifahlı ailələrin formalaşdırılmasıdır: “Bu istiqamətdə sosial müdafiə mexanizmləri, gənc ailələr üçün mənzil və ipoteka proqramları, özünüməşğulluq layihələri, Uşaq və Ailələrə Dəstək Mərkəzləri və himayədar ailə modeli tətbiq olunur, həmçinin “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı” yaradılıb”. Azərbaycanın ailə siyasətində çoxtərəfli əməkdaşlığa önəm verdiyini qeyd edən sədr, 2023-cü ildə Bakıda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarına dair ilk konfransın keçirildiyini, ötən il isə Laçında ECO-nun Qadınlar Forumunun təşkil olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı çərçivəsində ailə və sosial siyasət nazirlərinin iclaslarının ötən il Bakıda keçirildiyi, cari ildə isə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində yaradılmış Qadınlar Şurasının ilk iclasının Bakıda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırıb. Sonda B.Muradova Azərbaycanın multikultural və çoxkonfessiyalı cəmiyyət kimi ailə münasibətlərində qarşılıqlı hörmət və tolerantlıq modelini qoruyub saxladığını qeyd edib, ailə siyasətinin iqtisadi, sosial müdafiə, gender bərabərliyi və insan hüquqları sahələri ilə vəhdətdə həyata keçirildiyini bildirib və bütün tərəfdaş ölkələrlə açıq və səmimi əməkdaşlığa hazır olduqlarını vurğulayıb. Konfrans “Ailə dəyərlərinin qorunması-çağırışlar və məsuliyyətlər” adlı ikinci panel iclası ilə davam edib.

Ətraflı
Bahar Muradova  “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib

24 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  “Macarıstan Ailə Tərəfdarları Sammiti” adlı beynəlxalq konfrans çərçivəsində “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib. O, çıxışında ailə institutunun müasir dövrdə çoxşaxəli sosial, demoqrafik və mədəni çağırışlarla üz-üzə qaldığını qeyd edərək, ailə dəyərlərinin qorunmasının dövlətlərin dayanıqlığı və təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. B.Muradova, Azərbaycanın ailə institutunun möhkəmləndirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etdiyini və bu istiqamətdə dövlət, cəmiyyət və gələcək nəsillər qarşısında məsuliyyət prinsiplərinə əsaslanan kompleks yanaşmanın tətbiq olunduğunu bildirib. Post-münaqişə və böhran sonrası dövrdə ailələrə sosial-psixoloji dəstəyin vacibliyini vurğulayan sədr, “Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qurulan ailə və uşaq yönümlü infrastruktur layihələrindən danışıb. O, demoqrafik dayanıqlığın yalnız kəmiyyət göstəriciləri ilə deyil, sağlam, təhsilli və təhlükəsiz mühitdə formalaşan keyfiyyətli insan kapitalı ilə ölçüldüyü deyib. Dövlət Komitəsinin sədri dövlətin ailələrin sosial-iqtisadi dayanıqlığının gücləndirilməsi, valideyn məsuliyyətinin təşviqi, erkən və qohum nikahlarının qarşısının alınması, gender əsaslı zorakılıqla mübarizə, eləcə də uşaqların hüquqlarının və rəqəmsal təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlərdən bəhs edib. O, keyfiyyətli insan kapitalının formalaşdırılmasının, nəsillərarası dəyərlərin qorunmasının və gender balansının ailə institutunun davamlılığında həlledici rol oynadığını diqqətə çatdırıb, Azərbaycanın beynəlxalq platformalarda ailə yönümlü əməkdaşlığa önəm verdiyini xüsusi qeyd edib.

Ətraflı
Bahar Muradova Qahirədə keçirilən beynəlxalq konfransda çıxış edib

Misir Ərəb Respublikasında səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qahirə şəhərində “Dini və media müzakirələrindən istifadə və onun İƏT-ə üzv dövlətlərdə qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda keçirilən konfransda iştirak edib. Konfrans çərçivəsində təşkil olunan “Qadınların müsbət rolları barədə ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin rolu” adlı sessiyada sualları cavablandıran Bahar Muradova media, mədəniyyət və incəsənətin qadın hüquqlarının təşviqində strateji əhəmiyyət daşıdığını bildirib. Komitə sədri vurğulayıb ki, bu sahələr təkcə informasiya ötürən vasitələr deyil, həm də ictimai şüurun formalaşmasına, davranış modellərinin dəyişməsinə və gender bərabərliyinin təşviqinə xidmət edən “yumşaq güc” alətləridir. Azərbaycan təcrübəsində media və rəqəmsal platformalar vasitəsilə qadınlar ictimai, iqtisadi və siyasi həyatın fəal subyektləri kimi təqdim olunduğunu qeyd edən B.Muradova, qadın liderliyi, sahibkarlıq, sülh quruculuğu və ailədaxili tərəfdaşlıq mövzularının sistemli şəkildə ictimai gündəmə çıxarıldığını əlavə edib. B.Muradova vurğulayıb ki, media və mədəniyyət sahəsində fəaliyyətlər vahid dövlət siyasətinin tərkib hissəsi kimi koordinasiyalı şəkildə həyata keçirilir və bu yanaşma qadınların müsbət imicinin davamlı şəkildə möhkəmlənməsinə şərait yaradır. Qadınların müsbət imicinin formalaşmasının yalnız mədəni təqdimatla deyil, onların real qərarvermə proseslərində fəal iştirakı ilə mümkün olduğunu qeyd edən Komitə sədri, Azərbaycanın bu istiqamətdə ardıcıl yanaşma tətbiq edərək qızların təhsilinin təşviqini əsas başlanğıc nöqtəsi kimi müəyyənləşdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Şərqdə ilk dünyəvi qızlar məktəbinin Azərbaycanda açılması qadınların ictimai rolunun legitimləşdirilməsində mühüm mərhələ olub və bu maarifçi ənənə bu gün də davam etdirilir. Dövlət Komitəsinin koordinasiyası ilə regionlarda maarifləndirmə, erkən evlilik risklərinin azaldılması və valideynlərlə dialoq aparılır, paralel olaraq qadınların icra, qanunverici və məhkəmə hakimiyyətində təmsilçiliyinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi həyata keçirilir. B.Muradova bildirib ki, qadın liderlərin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın və Milli Məclisin sədri Sahibə Qafarovanın fəaliyyəti gənc nəsil üçün real rol modelləri yaradır. Eyni zamanda qadın sahibkarlığı, məşğulluq və sosial layihələr qadınların iqtisadi müstəqilliyini gücləndirir. Beynəlxalq müstəvidə isə qadınların diplomatiyada, humanitar təşəbbüslərdə və “Qadınlar, Sülh və Təhlükəsizlik” gündəliyində fəal iştirakı Azərbaycanın müasir və inklüziv imicinin möhkəmlənməsinə töhfə verir. Bahar Muradova qeyd edib ki, bu ardıcıl və sistemli model İƏT məkanında digər ölkələr üçün də uyğunlaşdırıla bilən praktik nümunə kimi dəyərləndirilə bilər. Konfrans sessiyalarla davam edib. Sonra Bahar Muradova Misir mediasının suallarını cavablandırıb.

Ətraflı
Azərbaycan Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda təmsil olunur

Fevralın 1-də Qahirədə “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.  Konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında, əl-Əzhər əl-Şərif və Misirin Qadınlar üzrə Milli Şurası tərəfindən təşkil olunub. Misirin Baş naziri Mustafa Mədbuli, əl-Əzhərin şeyxi, böyük imam Əhməd əl-Tayyib, İƏT-ə üzv dövlətlərin nazirləri, səfirlər, din xadimlərinin və digər nümayəndə heyətlərinin qatıldıqları tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. İki gün davam edəcək tədbirdə qadınların dini və ideoloji ekstremizmlə mübarizədə, eləcə də sülh və təhlükəsizlikdə rolu, qadınlarla bağlı ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin əhəmiyyəti, qadın və qızların iqtisadi hüquqları, ÜDM-ə töhfəsi və kiber zorakılıqdan qorunması mövzuları müzakirə olunacaq. Konfransın sonunda “Qahirə Bəyannaməsi”nin qəbul edilməsi gözlənilir.  

Ətraflı
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Özbəkistanda keçirilən yüksək səviyyəli görüşdə iştirak edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Özbəkistanda keçirilən “Mərkəzi Asiyada bütün qadın və qızların ədliyyəyə çıxışı:BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının (QVK) 70-ci iclası ərəfəsində hüquqi çərçivənin və institusional cavabların gücləndirilməsi” mövzusunda yüksək səviyyəli görüşdə iştirak edib. Tədbir çərçivəsində S.Qəhrəmanova “Ədalətə qarşı struktur maneələr: İqtisadi, Siyasi, Sosial və Mədəni Ölçülər. Boşluqları aradan qaldırmağın yolları” adlı paneldə çıxış edərək, Azərbaycanda gender bərabərliyinin təmin olunması, qadınların ictimai həyatın bütün sahələrində rolunun artırılması, məişət zorakılığının qarşısının alınması sahəsində  görülmüş işlər, eyni zamanda bu istiqamətdə həyata keçirilmiş hüquqi islahatlar barədə məlumat verib.   Görüşdə, eyni zamanda Komitənin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri Vəfa Ələkbərova, Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva iştirak edib. Qeyd edək ki, Özbəkistanın Ailə və Qadınlar Komitəsi və BMT-nin Qadınların Səlahiyyətləndirilməsi üzrə Qurumunun birgə əməkdaşlığı ilə keçirilən tədbirin əsas məqsədi Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan nümayəndələr arasında platforma yaratmaqdır. 

Ətraflı
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüş keçirilib

3 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşüb.  Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan ilə qardaş ölkə Türkiyə arasında əsrlərə söykənən münasibətlərdən danışıb və strateji tərəfdaşlıq, dostluq münasibətlərinin digər dövlətlər üçün örnək olduğunu söyləyib. O, xalqlarımızın tarixən daşıdıqları sülh və ədalət missiyasına bu gün də sadiq qaldıqlarını, bu münasibətlərin gələcək minilliklər boyunca da davam edəcəyini deyib. Səfir Birol Akgün Azərbaycan–Türkiyə arasında mehriban dostluq və qardaşlıq prinsiplərinə əsaslan münasibətlərin, eləcə də strateji əməkdaşlığın bu gün ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Tarix boyu ölkə liderləri arasında formalaşan səmimi münasibətlərin xalqlar arasında əlaqələrin dərinləşməsinə də öz təsirini göstərdiyini bildirib. Tərəflər ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, bu sahədə həyata keçirilən birgə layihə və təşəbbüslərin əhəmiyyətinə toxunublar. Görüş zamanı iki qurum arasında imzalanmış “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun 2023–2025-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində görülən işlərdən danışılıb. Növbəti 3 il üçün imzalanacaq yeni Fəaliyyət Planının gələcək fəaliyyətlər üçün yeni imkanlar açacağı vurğulanıb.  

Ətraflı
Dövlət Komitəsinin nümayəndələri Çubuk Ailə Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olublar

Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 25 noyabr 2025-ci il tarixində Çubuk Ailə Dəstək Mərkəzini ziyarət ediblər. Nümayəndələr Mərkəzin fəaliyyəti, göstərilən xidmətlər və həyata keçirilən sosial dəstək proqramları barədə ətraflı məlumat əldə ediblər. Mərkəz əməkdaşları 2019-cu ildən fəaliyyət göstərən Çubuk Ailə Dəstək Mərkəzinin azgəlirli və sosial həssas kateqoriyaya aid qadınların inkişafına yönəlmiş geniş proqramlar həyata keçirdiyini qeyd ediblər. Həmçinin həssas kateqoriyadan olan qadınların burada müxtəlif sənətkarlıq və əl işləri üzrə peşə hazırlığı kurslarında iştirak etdiyi, sosial maarifləndirmə məqsədilə təşkil olunan ödənişsiz təlimlərə cəlb olunduqları bildirilib.  

Ətraflı
Komitə əməkdaşları Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Saray Əngəlsiz Yaşam Baxım və Reabilitasiya Mərkəzində olublar

Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 25 noyabr 2025-ci il tarixində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Saray Əngəlsiz Yaşam Baxım və Reabilitasiya Mərkəzində olublar. Səfər çərçivəsində nümayəndə heyətinə mərkəzin fəaliyyəti, xidmət istiqamətləri və burada yaradılmış şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu müəssisə Ankarada yerləşən ən böyük baxım və reabilitasiya mərkəzlərindən biridir və uzun illərdir ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial inteqrasiyasına mühüm töhfə verir. Mərkəz fiziki və əqli qüsurlu şəxslər üçün rahat yaşayış şəraiti, gündəlik qayğı, tibbi dəstək və reabilitasiya xidmətləri təşkil edilir. Hazırda mərkəzdə ümumilikdə 824 nəfər xüsusi qayğıya ehtiyacı olan vətəndaşın yaşayışı və müalicəsi təmin olunur. Ziyarət zamanı nümayəndə heyəti mərkəzdə göstərilən xidmətlərin yüksək səviyyəsini və əlilliyi olan şəxslərin sosial rifahının təmin olunmasına yönəlmiş genişmiqyaslı işləri yüksək qiymətləndirib.

Ətraflı
Qırğızıstan Respublikasının Bişkek şəhərində Qadınların Biznes Forumu və “CAREC Regional Gender Ekspert Qrupunun İllik İclası” keçirilib

2025-ci ilin 21–22 oktyabr tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində CAREC Qadınların Biznes Forumu – Yaşıl İnnovasiya və Gender Bərabərliyi üçün Birlikdə” və “CAREC Regional Gender Ekspert Qrupunun İllik İclası” keçirilib.  Forumun məqsədi region ölkələri arasında yaşıl iqtisadiyyat və gender bərabərliyi istiqamətində əməkdaşlığın gücləndirilməsi, qadınların iqlim dəyişikliklərinə qarşı mübarizədə və innovativ həllərin tətbiqində daha fəal iştirakının təşviq edilməsi olub. Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini Xarici Əlaqələr və protokol xidməti şöbəsinin baş məsləhətçisi Ülkər Ömərova iştirak edərək, “Azərbaycan Respublikasında gender bərabərliyinin təmin edilməsi, COP29 təcrübəsi və iqlim siyasətinə inteqrasiyası” istiqamətində görülən işlər barədə çıxış edib. Azərbaycan nümayəndəsinin çıxışı iştirakçılar tərəfindən müsbət qarşılanaraq, ölkəmizin gender siyasətinin institusional səviyyədə möhkəmləndirilməsi və iqlim gündəliyinə inteqrasiyası region ölkələri üçün müsbət nümunə kimi qeyd edilib. Tədbir çərçivəsində “Gender yönümlü iqlim maliyyələşməsi”, “Gender inklüziv iqlim siyasətləri” və “Yaşıl innovasiya və texnologiyalar” adlı panel müzakirələri aparılıb. Qadın sahibkarlar yaşıl iqtisadiyyata verdikləri töhfələrə görə “CAREC Gender və İqlim Mükafatları 2025” mərasimində mükafatlandırılıblar. Region üzrə ən uğurlu fərdi və təşkilati təşəbbüslər təqdim olunarkən, həm də Azərbaycandan olan nümayəndələr təltif edilib. “EkoSfera” Sosial-Ekoloji Mərkəz ictimai birliyinin rəhbəri Firuzə Sultanzadə iqlim təşəbbüslərində və dayanıqlı inkişaf layihələrində iştirakına verdiyi töhfələrə, Bakı Ali Neft Məktəbinin Kimya Mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova isə CLIMASOL panellərinin icadına görə mükafatlandırılıblar.

Ətraflı