Bahar Muradova “Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” adlı yan tədbirdə çıxış edib
Paylaş:
Cenevrədə keçirilən “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” görüşü çərçivəsində “Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” adlı yan tədbir təşkil edilib.
Tədbirin moderatoru, BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones mühüm mövzuya həsr olunan tədbirin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul olunmasının gender bərabərliyinin qlobal əhəmiyyətini artırdığını və qadınların hüquqlarının müdafiəsi və onların iqtisadi gücləndirilməsi sahəsində müsbət nəticələrə gətirib çıxardığını vurğulayıb.
B. Muradova, bu illər ərzində əldə edilən bir sıra müsbət rəqəmləri diqqətə çatdırıraq, ölkəmizdə qadınların kənd təsərrüfatı təhsilində iştirakını və müxtəlif layihələr vasitəsilə ixtisaslaşmalarını təşviq etməyə xüsusi diqqət yetirildiyini bildirib. O, Azərbaycanın Pekin Bəyannaməsinin 12 kritik sahəsinə sadiq olduğunu xatırladaraq, yan tədbirin rəqəmsallaşmanın yüksək standartlarını hədəfləyən islahatlar və texnologiyalar vasitəsilə gələcək fəaliyyətləri planlaşdırmaq və proqnozlaşdırmaq imkanı verəcəyinə inamını ifadə edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında gender bərabərliyinin inkişafı və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasının son vaxtlar beynəlxalq maliyyə mühitində əsas müzakirə mövzularından olduğunu qeyd edərək deyib ki, əmək bazarlarında gender fərqinin daralması inkişaf etməkdə olan bazarlarda və iqtisadiyyatlarda ümumi daxili məhsulun artırılmasına töhfə verə bilər.
Kənd təsərrüfatının iqtisadiyyatın inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd edən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ölkədə kənd təsərrüfatı sahəsində qadın sahibkarların fəaliyyəti və onlar üçün yaradılan imkanlardan danışıb.
Tədbirin davamında digər çıxışlar dinlənilib və müzakirə aparılıb.
Qeyd edək ki, yan tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan), UN Women və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Ofislərinin (Food and Agriculture Organization of the United Nations (FAO)) birgə təşkilatçılığı ilə keçirilib.