Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı beynəlxalq konfransda iştirak edir

21 oktyabr 2024 17:53

Paylaş:

Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı beynəlxalq konfransda iştirak edir.

Azərbaycan nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işə başlayan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə keçirilən "Pekin+30" Regional Baxış Görüşünün açılış mərasimində iştirak edib.

BMT Baş katibinin müavini və Birləşmiş Millətlər Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra BMT Qadınlar Təşkilatının Normativ Dəstək, BMT Sistem Koordinasiyası və Proqram nəticələri üzrə icraçı direktorun müavini Nyaradzayi Qumbonzvanda və Parlamentlərarası İttifaqın Baş katibi, Beynəlxalq Gender Çempionları Qlobal Şurasının sədri Martin Çunqonq çıxış ediblər.

“Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” mövzusuna həsr olunan tədbirdə açılış çıxışlarından sonra təşkilati məsələlərə baxılıb, tədbirin gündəliyi səsə qoyularaq qəbul edilib və sədr seçilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova "Pekin+30" Regional Baxış Görüşünün "Avropa İqtisadi Komissiyası (ECE) Regionu üzrə gender bərabərliyi ilə bağlı əsas tendensiyalar" mövzusunda sessiyasında məruzə ilə çıxış edib.

Azərbaycanın son otuz ildə bu sahədə qazandığı təcrübəni bölüşməyə hazır olduğunu vurğulayan B.Muradova qeyd edib ki, müstəqilliyimizin bərpasından sonra üzləşdiyi çağırışlara, ərazi və insan itkilərinə baxmayaraq, bərabər hüquqlar məsələsi ölkəmiz üçün yalnız öhdəlik kimi deyil, həm də milli dəyər kimi qəbul edilib.

Ölkədə bu sahədəki qanunvericilik bazasından söz açan sədr məlumat verib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı 10 qanun, 12 normativ akt, 4 fəaliyyət planı, 1 strategiya qəbul edilərək həyata keçirilib, CEDAW tövsiyələrinə uyğun olaraq, gender bərabərliyi ilə bağlı problemləri həll etmək üçün yeni hüquqi tədbirlər reallaşdırılıb. Hazırda ailə qanunvericiliyinin təkmilləşdirilməsi, Məişət Zorakılığına qarşı ikinci Milli Fəaliyyət Planının və Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsinin hazırlanması üzərində iş aparılır.

Qadınlar üçün iş məhdudiyyətlərinin azaldıldığını, ödənişli atalıq məzuniyyəti haqqında yeni qanunun hazırlandığını vurğulayan B.Muradova, gender bərabərliyini təşviq etmək, qadınların səlahiyyətlərini artırmaq, məişət zorakılığına qarşı mübarizə aparmaq, həm mərkəzi, həm də yerli səviyyədə monitorinq qrupları kimi institusional mexanizmləri gücləndirmək üçün qanunvericiliyə dəyişikliklər edildiyini diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, Birinci Pekin Konfransından ötən müddətdə Azərbaycan öhdəliklərini həyata keçirmək və qadınlarımızın səlahiyyətlərini gücləndirməyə kömək etmək üçün daim çalışıb. Belə ki, beş dəfə Azərbaycan Qadınlarının Qurultayı və bir dəfə Forumu keçirilib. İctimai-siyasi həyatda da mühüm irəliləyişlər əldə olunub.

DİM kontekstində Dayanıqlı İnkişaf üzrə Milli Koordinasiya Şurası "2030 Gündəliyi" öhdəliklərinə nəzarət etdiyini bildirən sədr diqqətə çatdırıb ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasına dair dördüncü Könüllü Milli Hesabatını təqdim edən regionda ilk və dünyanın beş ölkəsindən biridir.

Növbəti ayda Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini xatırladan B.Muradova konfrans çərçivəsində “Gender Günü”nün təşkil olunacağını vurğulayıb. Ölkəmizdə qadınların təhsil imkanlarının genişləndirilməsi məsələsinə də toxunan Komitə sədri bildirib ki, həssas qruplar xüsusi təqaüd proqramları vasitəsilə dəstəklənir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə Biznesinə Asan Dəstək (ABAD), Azərbaycan Kənd Qadınları və Qadın Sahibkarlıq assosiasiyaları, o cümlədən Qadın Resurs mərkəzləri qadınların imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd edən B. Muradova əlavə edib ki, buna görə də biz Pekin Bəyannaməsinə sadiq qalırıq və qadınların bütün sahələrdə bərabər iştirakına töhfə verməyə davam edəcəyik.

Tədbir çərçivəsində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının həyata keçirilməsi istiqamətində regional tərəqqi və problemlər haqqında üzv dövlətlərin və vətəndaş cəmiyyətinin bəyanatları qəbul olunub.

"Pekin+30" Regional Baxış Görüşünə oktyabrın 22-də yekun vurulacaq.