Media
Xəbərlər

Bahar Muradova “Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” adlı yan tədbirdə çıxış edib
Cenevrədə keçirilən “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” görüşü çərçivəsində “Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” adlı yan tədbir təşkil edilib. Tədbirin moderatoru, BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones mühüm mövzuya həsr olunan tədbirin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul olunmasının gender bərabərliyinin qlobal əhəmiyyətini artırdığını və qadınların hüquqlarının müdafiəsi və onların iqtisadi gücləndirilməsi sahəsində müsbət nəticələrə gətirib çıxardığını vurğulayıb. B. Muradova, bu illər ərzində əldə edilən bir sıra müsbət rəqəmləri diqqətə çatdırıraq, ölkəmizdə qadınların kənd təsərrüfatı təhsilində iştirakını və müxtəlif layihələr vasitəsilə ixtisaslaşmalarını təşviq etməyə xüsusi diqqət yetirildiyini bildirib. O, Azərbaycanın Pekin Bəyannaməsinin 12 kritik sahəsinə sadiq olduğunu xatırladaraq, yan tədbirin rəqəmsallaşmanın yüksək standartlarını hədəfləyən islahatlar və texnologiyalar vasitəsilə gələcək fəaliyyətləri planlaşdırmaq və proqnozlaşdırmaq imkanı verəcəyinə inamını ifadə edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında gender bərabərliyinin inkişafı və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasının son vaxtlar beynəlxalq maliyyə mühitində əsas müzakirə mövzularından olduğunu qeyd edərək deyib ki, əmək bazarlarında gender fərqinin daralması inkişaf etməkdə olan bazarlarda və iqtisadiyyatlarda ümumi daxili məhsulun artırılmasına töhfə verə bilər. Kənd təsərrüfatının iqtisadiyyatın inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd edən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ölkədə kənd təsərrüfatı sahəsində qadın sahibkarların fəaliyyəti və onlar üçün yaradılan imkanlardan danışıb. Tədbirin davamında digər çıxışlar dinlənilib və müzakirə aparılıb. Qeyd edək ki, yan tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan), UN Women və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Ofislərinin (Food and Agriculture Organization of the United Nations (FAO)) birgə təşkilatçılığı ilə keçirilib.

Dövlət Komitəsinin sədri Bahar Muradova Cenevrədə səfərdədir
Azərbaycanın müvafiq dövlət qurumları nümayəndələrinin təmsil olunduğu nüməyəndə heyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Cenevrədə keçirilən “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” məqsədilə görüşdə iştirak edir. Görüşün təşkilatçıları Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisidir (UN Women Europe and Central Asia). Qeyd edək ki, görüşdən öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan), UN Women və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Ofislərinin (Food and Agriculture Organization of the United Nations (FAO)) birgə təşkilatçılığı ilə yan tədbir təşkil edilib.

Bu gün Zəngilan Şəhəri Günüdür
Müzəffər Ordumuzun döyüş meydanında göstərdiyi rəşadət sayəsində 44 günlük Vətən müharibəsi dövründə Zəngilan rayonunun işğaldan azad edilməsindən 4 il keçir.

“Süd vəzi xərçəngi-fərqindəlik” mövzusunda konfrans keçirilib
18 oktyabr 2024-cü il tarixində Ailə Qadın və Uşaq Komitəsi və Liv Bona Dea Xəstəxanasının birgə təşkilatçılığı ilə ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində “Süd vəzi xərçəngi-fərqindəlik” mövzusunda konfrans keçirilib. Konfransda qeyri-hökumət təşkilatlarının rəhbərləri, Komitə və Xəstəxananın əməkdaşları, həkimlər iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Xəstəxanın Baş Direktoru Taner Özbek ictimaiyyətin diqqətini süd vəzi xərçəngi ilə mübarizəyə yönəltmək məqsədilə təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, bütün dünya məhz oktyabr ayı bu mövzu ətrafında daha çox düşünür və müzakirələr aparır. T. Özbek xüsusilə qadınlar və uşaqlar üçün reallaşdırılan işlərdə və həyata keçirilən layihələrdə əməkdaşlığa maraqlı olduğunu vurğulayıb. Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, tədbirin məqsədi qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsüllarının əhəmiyyətini vurğulamaqdır. S. Qəhrəmanova ölkəmizdə əhalinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb. Qadın məsələləri sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının tədbirdə iştirakına diqqət çəkən sədr müavini bildirib ki, sıralarında çoxsaylı qadınları birləşdirən belə təşkilatlar süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə işinə töhfə verərək, əldə etdikləri məlumatları daha geniş kütləyə çatdıra bilərlər. Qeyd edib ki, xəstəliklə əlaqədar gənc nəslin maariflənməsi xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı Xəstəxananın müvafiq sahə üzrə peşəkar həkimləri mövzuya dair təqdimatla çıxış ediblər. Həkimlər tərəfindən xəstəliyin risk faktorları, onun əlamətləri, müayinə metodları barədə iştirakçılara geniş məlumat verilib, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodlarından bəhs edilib. Bildirilib ki, onkoloji xəstəliklərin erkən diaqnostikası və bu sahədə vətəndaşların məlumatlı olması xəstənin vaxtında müalicəyə cəlb edilməsi, yarana biləcək fəsadların qarşısının alınması baxımından faydalıdır. İctimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə süd vəzi xəçəngi ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Dulut modelinin yerli icra hakimiyyətlərində tətbiqi məqsədilə təlim keçirilib
18 oktyabr 2024-cü il tarixində Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi üzrə məsul əməkdaşları üçün təlim təşkil edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Seymur Məmmədov və Zülfiyyə Sadiq məsul şəxslərə ölkə təcrübəsində mövcud olan hüquqi tənzimləmələr barədə iştirakçılara məlumat verib, məişət zorakılığının böhran vəziyyətlərində situativ həll yollarına dair interaktiv müzakirələr apararaq, proqramın ölkədə tətbiqi və cəmiyyətə faydasından danışıblar. Qeyd edək ki, təlimin məqsədi “Məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə" proqramının (Dulut modeli) yerli icra hakimiyyətlərində tətbiqi, Litva təcrübəsi əsasında məişət zorakılığı törətmiş şəxslərin zorakılığa dair baxışlarının dəyişdirilməsi, yaxınlarla münasibətdə aqressiv davranışın dərk edilməsi, mübahisə və münaqişələrin həllində yeni bilik, bacarıqların əldə olunması və hisslərin ifadə olunmasının konstruktiv yollarının müəyyənləşdirilməsidir.

18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür!
Qalib xalqımızı dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 33-cü ildönümü münasibətilə təbrik edirik!

“Su və gender bərabərliyi” mövzusunda konfrans uğurla başa çatıb
“Su və gender bərabərliyi” mövzusunda konfransın rəsmi açılışından sonra “Təhsildə gender bərabərliyi və su ehtiyatları idarəçiliyi: Bərabər iştirakın təmin edilməsi” mövzusunda panel sessiya öz işinə başlayıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadarainin moderatorluq etdiyi panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirə keçirilib. Panelin spikerləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Ekologiya Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Hamlet Əliyev, FAO-nun ölkə üzrə rəhbərinin müavini Bariz Mehdiyev mövzu üzrə çıxış ediblər. Çıxışlarda suya əlçatanlığın ən əsas insan hüquqlarından biri olduğu, ölkəmizdə su təminatı, su ehtiyatlarından səmərəli istifadənin iqlim amilinin nəzərə alınaraq təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən, həmçinin qadınların su ehtiyatlarının idarə edilməsində, iqlim liderliyinin təşviqində böyük rol oynaya biləcəyi, bu istiqamətdə təşəbbüs və layihələrdə vətəndaş cəmiyyətinin rolu barədə danışılıb. Spikerlərin çıxışları dinlənildikdən sonra iştirakçıların sualları cavablandırılıb və konfransın işinə yekun vurulub. Qeyd edək ki, konfransda dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri eləcə də tələbələr iştirak edib.

“Su və gender bərabərliyi” mövzusunda konfrans öz işinə başlayıb
16 oktyabr Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq, konfransın işinə uğurlar arzu edib. O, COP29-un iqlim dəyişikliyi, su ehtiyatları, gender bərabərliyi və təhsil sahəsindəki qlobal problemləri həll etmək üçün dünya ölkələrini, ictimaiyyətin bütün təbəqələrini birləşdirmək və ortaq məqsədlər ətrafında həmrəy etməyə istiqamətlənmiş vacib bir platforma olduğunu qeyd edib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini vurğulayan B. Muradova, Prezident cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxtərəfli fəaliyyətdən, həmçinin həyata keçirilən genişmiqyaslı layihələrdən danışıb. Qadınların tarixən cəmiyyətdə suya ehtiyacı ödəmək, toplamaq və saxlamaq, səmərəli istifadə və qənaət etmək kimi funksiyaları öz üzərinə götürdüyünü söyləyən B.Muradova əlavə edib ki, çiynində səhənglə bulaqdan su götürən qadınlara hər zaman şeirlər həsr edilib. O, bunun cəmiyyət tərəfindən bir nümunə kimi qəbul edilməsinə baxmayaraq, bu gün zamanın və inkişafın öz diqtəsini etdiyini, qadınların su resurslarının idarə edilməsində və qərarların qəbulunda daha çox təmsil olunmasının bu sahədə görülən işlərə böyük töhfə verə biləcəyini vurğulayıb. B.Muradova su və ekoloji sahədə çalışan mütəxəssislərin gender bərabərliyini nəzərə alaraq qərar verməsi və davamlı inkişaf prinsiplərinə uyğun fəaliyyət göstərməsinin həlledici əhəmiyyətə malik olduğunu və ADA Universiteti kimi nüfuzlu təhsil ocaqlarında iqlim dəyişiklikləri, su ehtiyatlarının idarə edilməsi və gender bərabərliyi üzrə proqramların inkişafının bu istiqamətdəki ehtiyacların qarşılanmasına böyük dəstək verə biləcəyini qeyd edib. Komitə sədri çıxışının yekununda gender bərabərliyinin su siyasətinə inteqrasiya üçün vacib təkliflər səsləndirərək, vurğulayıb ki, təhsildə və su idarəçiliyində bərabər imkanların yaradılması, yüksək ixtisaslı mütəxəssis hazırlığının təşviq edilməsi və qadınların bütün bu proseslərdə təmsilçiliyinin artırılması davamlı dünya qurmağın əsaslarından biridir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov həm dünya ictimaiyyəti, həm də ölkəmiz üçün getdikcə aktuallaşan mövzuda çıxış etməkdən məmnunluğunu ifadə edib. Təmiz suya çıxışın dünyada milyonlarla insan üçün problem olaraq qaldığını bildirən Z.Mikayılov, su ehtiyatlarına əlçatanlığın mahiyyət etibarı ilə gender bərabərliyi ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, bu məsələ həm insan hüquqları, həm də davamlı inkişafın təmin edilməsi üçün açardır və genderə həssas su siyasətini təmin etməklə bu bərabərsizlikləri aradan qaldırmaq mümkündür. Ölkəmizin son illərdə vətəndaşlar üçün su ehtiyatlarına əlçatanlığın yaxşılaşdırılması sahəsində mühüm irəliləyişlər əldə etdiyini bildirən sədr, ailə təsərrüfatlarında sudan istifadənin əsas tənzimləyicisi olan xanımların son illərdə yerli idarə və icmalarda, o cümlədən Agentliyin aparatında suyun idarə olunması ilə bağlı proseslərdə daha çox iştirak etdiyini dilə gətirib. İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitənin su olduğunu bildirən COP29-un baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov qeyd edib ki, okean səviyyəsinin artması, Xəzər və Urmiya göllərinin səviyyəsinin azalması, şirin su resurslarının azalması, quraqlıq, sel, tufan və qasırğalar kimi hadisələrin hamısı su ilə bağlıdır. İqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkənlərin qadınlar olduğunu bildirən E. Soltanov, bunu qadınların su ilə bağlı məsələlərdə qərar qəbuletmə prosesində daha az rol oynaması ilə əlaqələndirib. Universitetlərin cəmiyyətdə aparıcı qüvvə, platforma olduğunu qeyd edən ADA Universitetinin icraçı prorektoru, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Fariz İsmayılzadə, konfransın universitetdə keçirilməsinin təsadüfi olmadığını deyib. O, bu sahədə universitetlər arasında əməkdaşlığın, birgə tədqiqatlar aparılmasının önəmini vurğulayaraq, ADA Universitetinin COP29 çərçivəsində Azərbaycan universitetlərinin iqlim problemləri mövzusunda assosiasiyasının yaradılacağını diqqətə çatdırıb. Çıxışının sonunda F.İsmayılzadə, birgə əməkdaşlıqla, gənc nəsli də bu işlərə cəlb edərək problemlərin həll oluna biləcəyinə ümidini ifadə edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova suya əlçatanlığın bütün dünyada ən böyük problem olduğunu diqqətə çatdıraraq, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Prezident Sərəncamının ölkəmizdə suya əlçatanlığın təmin olunmasına böyük töhfə verəcəyini bildirib. Sonda millət vəkili su və su ehtiyatlarının qorunmasında qənaət mədəniyyətinin formalaşmasının, maarifləndirmənin önəmli olduğunu bir daha xatırladıb. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən Nasar Hayat konfransın qadınların su resurslarına bərabər çıxışı və qərarvermə prosesində iştirakının təmin edilməsi ilə bağlı məsələləri daha dərindən araşdırmaq, su çatışmazlığının iqlim dəyişikliyi və nəticə etibarilə gender bərabərsizliyi ilə necə bağlı olduğunu müzakirə etmək imkanı yaratdığını bildirib. COP29 təşəbbüslərindən biri olan “Su üçün İqlim Təsiri” təşəbbüsünün Baku Dialoqu ilə birgə bir Bəyannamə ilə nəticələnəcəyini görməkdən məmnunluğunu ifadə edən N.Hayat, gender bərabərliyinin də bunun mərkəzində olacağına inandığını deyib. Konfrans panel sessiya ilə davam edib.

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il tarixli, 10 oktyabr 452 nömrəli qərarı ilə AR Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilmişdir. Sözügedən dəyişikliklərdə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirməni həyata keçirən orqanların (qurumların) siyahısına Dini Qurumlar üzrə Dövlət Komitəsinin əlavə olunması və yerli icra hakimiyyəti orqanlarının vəzifələrinin genişləndirilməsi öz əksini tapmışdır. Belə ki, Qaydanın əvvəlki mətnində yerli icra hakimiyyəti orqanlarının vəzifələri məhdud formada nəzərdə tutulmuş, yerli icra hakimiyyəti orqanları icra nümayəndəlikləri vasitəsi ilə yalnız nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gəncləri maarifləndirirdi. Bu səbəbdən yerlərdə erkən və qohum nikahların qarşısının alınması üçün bu orqanların daha geniş şəklidə fəaliyyət göstərməsi zərurəti yaranmışdır. Həmçinin Qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üçün aşağıdakı yeni funksiyaları öz əksini tapmışdır: 1.Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq dini təhsil müəssisələrinin proqramlarına erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir; 2. dini təhsil müəssisələrində təhsilalanların, habelə din xadimləri tərəfindən gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir Qaydaya əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən il ərzində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq sahədə görülən işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edilir. Məlumatları aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəsmi internet saytlarından əldə edə bilərsiniz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi