Dövlət Komitəsinin nümayəndələri Ankara şəhərində səfərdədir

24 noyabr 2025 15:45

Paylaş:

Noyabrın 24-də müvafiq dövr ərzində görülmüş işlərin hesabatının təqdim edilməsi, eləcə də yeni Fəaliyyət Planının hazırlanması məqsədilə Dövlət Komitəsinin “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun 2023–2025-ci illər üzrə Fəaliyyət Planı üzrə məsul şəxslərindən ibarət nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb.

Səfər çərçivəsində tərəflər ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində bir sıra görüşlər keçirir.

Səfərin ilk günündə iki ölkənin müvafiq qurumlarının iştirakı ilə hazırkı dövr üçün dəyərləndirmə iclası təşkil olunub.

İclasda hər iki tərəfin İşçi qruplarının rəhbərləri – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin rəisi Serra Diptaş Yamanın açılış çıxışları dinlənilib.

Daha sonra Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 4 noyabr 2022-ci il tarixində imzalanmış “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə Fəaliyyət Planı" 2023–2025-ci illər üzrə Hesabatı təqdim olunub. 

Qeyd olunub ki, Fəaliyyət Planı üzrə 3 il ərzində iki rəsmi səfər, eləcə də hər iki qurum rəhbərləri və müavinlər səviyyəsində TDT ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin iclası, COP29, BMT konfransları çərçivəsində 7-dən çox görüş keçirilib. Vurğulanıb ki, bu görüşlərdə əməkdaşlığın institusional səviyyədə gücləndirilməsi prioritet məsələlərdən olub.

İclas çərçivəsində həmçinin Türkiyə Respublikasının insan alverinə qarşı mübarizə və maarifləndirmə sahəsində təcrübəsi, ötən dövr ərzində həyata keçirilən birgə layihələrdən danışılıb, eləcə də qarşılıqlı təşəbbüslərin nəticələri və əldə olunan irəliləyişlər müzakirə edilib.