İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi

2025-ci il ərzində müxtəlif mövzular üzrə 249 müraciət daxil olub.Keçirilən 96 tədbirdən 4342 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 107 ailə səfəri edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 4883 nəfər bəhrələnib.

2024-cü il ərzində 303 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 73 tədbirdən 2982 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 82 həssas ailəyə səfər edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 3537 nəfər bəhrələnib.

Ünvan: İsmayıllı şəhəri, A.Aslanov küçəsi 6.

Əlaqə nömrələri: (02028) 2-10-46, (02028) 2-14-46

Facebook linki: İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi

Uşaqların yay tətili faydalı və maraqlı tədbirlərlə yadda qalıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların yay tətilində asudə vaxtlarını səmərəli, maraqlı, eyni zamanda öyrədici və yaddaqalan keçirməsi məqsədilə 2026-cı ilin iyun-avqust aylarında müxtəlif formatlı tədbirlər, o cümlədən “Kitabımı paylaşıram” layihəsi, “Şəxsiyyət yüksəlişi” təlim proqramı, sağlam həyat tərzi və ekoloji tərbiyə mövzularında maarifləndirici görüşlər, “Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgiləri keçirilib. Uşaqların fərdi inkişafı üçün əvəzsiz fürsət olan yay tətilində Mərkəzlərin əməkdaşları tərəfindən onların yaşına, emosional ehtiyaclarına və maraqlarına uyğun proqramlar hazırlanıb. Uşaqlar yeni bacarıqlar öyrənərək həmyaşıdları ilə xoş anlar keçiriblər. Yerli idarə, müəssisə və təşkilatların da dəstəyi ilə keçirilən tədbirlərdən ümumilikdə 800 nəfərə yaxın uşaq faydalanıb.

Ətraflı
Bakı şəhəri və regionlarda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-21 avqust 2026-cı il tarixlərində uşaqların iştirakı ilə “Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgisi keçirilib.   Tədbirlərin keçirilməsində məqsəd uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yaşadıqları bölgənin təbiətinə, tarixinə və mədəni irsinə maraqlarının artırılmasıdır.   Rəssamlar tərəfindən keçirilən ustad dərslərində uşaqlara rəsm çəkmək texnikaları, təbiətin, ətraf mühitin təsviri, rənglərin düzgün seçilməsi, eləcə də kompozisiyanın qurulması ilə bağlı məlumat verilib, suallar cavablandırılıb. Uşaqlar yaşadıqları bölgənin təbiətini, mənzərəsini və gözəlliklərini öz rəsmlərində əks etdiriblər.   Yekunda təşkil olunan sərgidə rəsm əsərlərinə baxış keçirilib, fəal uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.   Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan sərgidə Mərkəzlərin əməkdaşları, yerli idarələrin nümayəndələri, rəsm müəllimləri, uşaqlar iştirak ediblər.

Ətraflı
Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə tədbirlər keçirilib

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 10-14 avqust 2026-cı il tarixlərində uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər keçirilib. Rayonların kənd və qəsəbələrində keçirilən görüşlərdə Mərkəzlərin əməkdaşları, tibb işçiləri və icmadan olan sakinlər iştirak ediblər. Tədbirlərdə Mərkəzlərin əməkdaşları çıxış edərək mövzunun aktuallığını vurğulayıb, uşaqların doğulanadək cins seçiminin (selektiv abort) qarşısının alınması istiqamətində ölkəmizdə görülən işlərdən bəhs ediblər. Ekspertlər selektiv abortların fəsadlarından danışıblar. Qeyd edilib ki, təbii cinsi tarazlığın pozulması demoqrafik vəziyyətə, qadınların və gələcəkdə doğulacaq uşaqların sağlamlığına  ciddi təsir edir. Həmçinin iştirakçılara ailə planlaması və hamiləlikdən qorunmaq üsulları barədə tövsiyələr verilib. İnteraktiv şəkildə keçirilən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb.

Ətraflı
“Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27-31 iyul 2026-cı il tarixlərində “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib. İnteraktiv şəkildə keçirilən tədbirlərdə Mərkəz əməkdaşları və tibb işçiləri tərəfindən uşaqlara sağlam həyat tərzinin əsas prinsipləri barədə ətraflı məlumat verilib, fiziki aktivlik, sağlam qidalanmanın faydaları, şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyətindən danışılıb, zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilib.    Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Ətraflı
Paytaxt və regionlarda ictimai dinləmələr keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 12-16 iyun 2026-cı il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları” mövzusunda ictimai dinləmələr keçirilib. İctimai dinləmələrdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu barədə ətraflı məlumat verilib. İctimai dinləmələrdə Mərkəzlərin, rayon idarə və müəssisələrin əməkdaşları, vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər. Qeyd edilib ki, ölkəmizdə son illərdə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminin formalaşdırılması,  çətin həyat şəraitində olan uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, erkən və qohum evliliyi, məişət zorakılığı, uşaqlara qarşı cinsi istismar və cinsi zorakılığın qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunması istiqamətlərində qəbul edilən hüquqi sənədlər minlərlə uşağın rifahına, həyat keyfiyyətinə təsir edib, həyatlarını dəyişib. İctimai dinləmələrdə həmçinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrası istiqamətində görülən işlərdən də bəhs edilib. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq sahədə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Ətraflı
Bakı şəhəri və regionlarda internet resurslarından istifadənin faydaları mövzusunda maarifləndirici görüşlər keçirilib

16-20 fevral 2026-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən internet resurslarından istifadənin faydaları mövzusunda maarifləndirici tədbirlər keçirilib. Təhsil müəssisələrində keçirilən tədbirlərdə Mərkəzlərin əməkdaşları və ekspert qruplarının üzvləri, müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər. Tədbirlərdə ekspertlər təqdimatlar vasitəsilə internet resurslarından istifadənin faydalarından bəhs edib, həmçinin uşaqların internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatları iştirakçıların diqqətinə çatdırıblar. İnteraktiv şəkildə keçirilən tədbirlərdə “Mobil telefonlarda  valideyn  nəzarəti funksiyasından istifadə qaydası” adlı video çarx nümayiş etdirilib, “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” adlı bukletlər paylanılıb.

Ətraflı
Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial media fəaliyyətinə dair təlim keçirilib

21 yanvar 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) direktorları və əməkdaşlarının iştirakı ilə Mərkəzlərin sosial media səhifələrinin aktivliyinin artırılması və düzgün kontent strategiyasının qurulması mövzusunda təlim təşkil olunub. Dövlət Komitəsinin Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli Mərkəzlərin fəaliyyətinin önəminə diqqət çəkərək, bu fəaliyyətin düzgün işıqlandırılmasının vacibliyini vurğulayıb. Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva tərəfindən keçirilən təlim zamanı UADM-lərin sosial mediada rəsmi və vahid təmsilçiliyinin təmin edilməsi, paylaşım planlamasının düzgün qurulması, keyfiyyətli vizual və mətn kontentinin hazırlanması məsələləri ətraflı şəkildə izah edilib. Qeyd edilib ki, sosial media UADM-lərin fəaliyyəti barədə ictimaiyyətin operativ və dolğun məlumatlandırılmasında mühüm rol oynayır və bu sahədə vahid yanaşmanın tətbiqi Mərkəzlərin fəaliyyətinin daha səmərəli təqdim olunmasına imkan yaradır. İnteraktiv formatda təşkil olunan təlim zamanı sosial media fəaliyyətində yol verilən nöqsanlar diqqətə çatdırılıb, mövcud problemlər təhlil olunub və onların aradan qaldırılması istiqamətində praktik həll yolları müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.

Ətraflı
“İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Qəbələ, İsmayıllı, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 15-19 dekabr 2025-ci il tarixlərində təhsil müəssisələrində “İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Mərkəz əməkdaşları, informatika müəllimləri, valideyn və məktəblilərin iştirak etdiyi tədbirlərdə informasiya təhlükəsizliyi barədə məlumat verilib, cəmiyyətdə bu istiqamətdə zəruri bilik və bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edilib. İnternetdən istifadə zamanı diqqət edilməli vacib məqamlar, şəxsi məlumatların qorunması barədə zəruri tövsiyələr verilib, sosial mediadan düzgün istifadə qaydaları izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici material paylanılıb, mövzu ilə əlaqəli sosial çarx nümayiş etdirilib.

Ətraflı
60-cı ildönümünü qeyd edən Pənahovlar ailəsini tanıyaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.  Layihənin bugünkü qonağı İsmayıllı rayonunun tanınan ailələrindən olan  və bu gün 60-cı ildönümünü qeyd edən Pənahovlar ailəsidir. Əsədulla Pənahov 1937-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) coğrafiya-biologiya fakültəsində ali təhsil alıb. Diyallı kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 44 il bu məktəbdə müəllim və direktor müavini işləyib. Təkcə işlədiyi məktəbdə, rayonda deyil, bütün respublikada işini kamil bilən, daim öz üzərində çalışan və nümunə göstəriləcək müəllim kimi tanınıb, “Metodist müəllim” adına, “Maarif əlaçısı” döş nişanına layiq görülüb. Əsədulla müəllim  60 il əvvəl, 1 avqust 1965-ci ildə Zenfira xanımla ailə həyatı qurub. ZenfiraPənahova 1948-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində müəllim ailəsində anadan olub. Orta təhsillidir. 30 ildən çox Diyallı kəndində S.Vurğun adına kolxozda işləyib. Ailənin 5 övladı – 3 oğul, 2 qız övladı, 15 nəvəsi, 9 nəticəsi var. Pənahovların övladları, həmçinin 15 nəvəsindən 11-i ali təhsillidir. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik. - Xoşbəxt evliliyin sirri nədədir? Əsədulla müəllim: -Xoşbəxt evliliyin sirri bir-birini başa düşməkdədir. Zenfira xanım: - Gərək bir-birini başa düşəsən, danışmasa belə baxışından onu anlayasan.  - Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Əsədulla müəllim: -Səbrlə, təmkinlə. Mən həmişə güzəştə getməyi, bağışlamağı bacarmışam, Allah bağışlayandırsa biz niyə bağışlamayaq. Ailəmizdə heç vaxt münaqişə olmayıb, kiçik anlaşılmazlıqlar olub, onu da özümüz sakitcə, uşaqlara hiss etdirmədən öz aramızda söhbətlə, müzakirə ilə aradan qaldırmışıq. Uşaqlarımız ailəni belə görüb, bu ruhda böyüyüblər. Ona görə də bu gün övladlarımızın ailəsində də mehribançılıqdır.  Zenfira xanım: -Valideyn olandan sonra insanın məsuliyyəti qat-qat artır, ata-ana təkcə valideyn yox, həm də övladının örnək, nümunə götürəcəyi şəxsiyyət olur. Bu mənada təkcə yaxşı valideyn yox, nümunəvi şəxs də olmağa borclusan və deyəsən, biz bunu bacarmışıq.  - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?  Əsədulla müəllim: -Özümüz nümunə olmaqla. Əgər uşaq balaca vaxtından görsə, duysa ki, sən öz evini, kəndini sevirsən o zaman o da yurd, Vətən sevgisi ilə böyüyəcək. Mənim övladlarım ağılları söz kəsəndən görüblər ki, ataları  layiqli vətəndaşlar yetişdirə bilmək üçün necə səbrlə, əzmlə çalışır, bu, ən böyük həyat, Vətən sevgisi dərsidir.  - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?  -Uşaqlarımızın körpə yaşlarından qəlbini ələ almışıq, aramızda heç zaman səhvə yol verilməsinə imkan olmayan qəlb bağlantısı olub. Və bunun sayəsində uşaqlara həm valideyn olmuşuq, həm də ən yaxın dost.  - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.  -Allaha şükür, uşaqlarımızı necə görmək istəmişiksə, necə tərbiyə vermək istəmişiksə, ona da nail olmuşuq. Ailə kimi ailə olmuşuq, uşaqlarımız da başqa bir ailəni yox, məhz içində böyüdükləri ailəni özlərinə nümunə götürüblər.  - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?  -Ailə quranda tələsməsinlər – seçsinlər, bir-birlərini tanısınlar, sevsinlər. Yəni sevməyə də tələsməsinlər – sevginin gözü kor olur, deyərlər. Ən əsası öz taylarını tapsınlar, ataların bir gözəl sözü var, deyir, “taylı tayını tapmasa günü ah-vayla keçər”. Bacarıb öz taylarını tapsınlar – düşüncə, təhsil, yaşam tərzi və sair baxımından. Bu gün boşanmaların artmasının başlıca səbəbi bax elə düşüncə fərqliliyindədir. Düşüncələr ən azından oxşar olmalıdır ki, ailə də tam ola bilsin. Bizim kimi, nəvə-nəticələrin əhatəsində, ötənlərin xoş xatirələri ilə evliliklərinin hər ildönümünə, elə ömrün hər  gününə ürəkdən “xoş gəldin” deyib, şükür edə bilsinlər.   Hörmətli Pənahovlar ailəsinə dəyərli fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə  təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı