“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində regionlarda silsilə tədbirlər keçirilib

9 dekabr 2024 17:19

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Zərdab, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlarla birlikdə mərkəzlərdə və təhsil müəssisələrində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib, həssas əhali qrupundan olan şəxslərə psixoloji dəstək göstərilib.

Tədbirlərdə UADM-lərin, rayon idarə, təşkilat və müəssisələrinin, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon icra hakimiyyətlərində yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu və mərkəzlərin ekspert qruplarının üzvləri, təhsil müəssisələrinin müəllim-şagird kollektivi, gənclər, valideynlər, icma sakinləri iştirak ediblər.

Tədbirlər çərçivəsində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının məqsədi barədə ətraflı məlumat verilib, ölkəmizdə bu istiqamətdə görülən işlərdən, vətəndaşların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarından danışılıb. Ekspertlər gender əsaslı zorakılıq nədir, növləri və zorakılıq qurbanlarının yaşadığı psixoloji sarsıntılar barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıblar. Zorakılığa məruz qalmış qadın və qızlara göstərilən hüquqi və psixoloji yardımlar, Daxili İşlər Nazirliyi 102 – zəng mərkəzi, 860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xətti, həmçinin 116111 – Azərbaycan Uşaq Qaynar Xətti barədə danışılıb.

Tədbir zamanı mövzu ilə bağlı sosial çarxlar nümayiş etdirilib, maarifləndirmə materialları paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” Kampaniyası hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) - 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar bu kampaniya vasitəsilə hər kəsi qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırırlar.