Media
Xəbərlər

Erkən nikah və qohum evlilikləri mövzusunda növbəti görüş Ağcabədi rayonunda keçirilib
8 oktyabr 2024-cü il tarixdə Ağcabədi rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, yerli icra hakimiyyətinin dəstəyi ilə yeniyetmə və gənclər, eləcə də onların valideynləri üçün “Erkən nikah, qohum nikahlarının mənfi nəticələri” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova erkən nikah və qohum nikahlarının qanunvericiliyə əsasən izahını verib, bu nikahların cəmiyyətdə narahatlıq doğuran aktual məsələ olduğunu qeyd edib. Belə halların qarşısının alınmasına dair Azərbaycan Respublikasının Ailə Məcəlləsi, Cinayət Məcəlləsi, eləcə də İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərdən danışıb, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib. Ekspert qismində çıxış edən Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin müəllimi İlhamə Balakişiyeva erkən nikah və qohum evliliklərinin mənfi təsirlərindən danışıb. Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Mövsümov və görüşün baş tutduğu Ağcabədi Pedaqoji Kollecinin tərbiyə işləri üzrə direktor müavini Rövşən Bayramov da iştirak ediblər. Sonda suallar cavablandırılıb, mövzu ilə bağlı sosial çarx nümayiş etdirilib. Görüşdən 100 nəfərdən çox iştirakçı faydalanıb.

Qızlar məktəbinin yaranmasından 123 il ötür
7 oktyabr 1901-ci il tarixində böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başladı. Qızlarımızın təhsil alması cəmiyyətdə gender bərabərliyinin, qadınların iqtisadi iştirakçılığının təmin olunması və ölkənin bütün sahələrdə inkişafı baxımından xüsusi əhəmiyyətlidir. Böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin dediyi kimi, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanmış oluruq.

Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində valideynlərlə görüş keçirilib
Masallı rayonunda erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində valideynlər (atalar) üçün görüş təşkil olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov və klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov uşaqların mədəni-estetik tərbiyəsi, onların inkişaf hüququnun təmin edilməsi, ailələrdə müsbət psixoloji iqlimin qorunub saxlanılması, valideyn məsuliyyətinin artırılması, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi mövzularında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Tədbirin sonunda Komitə tərəfindən hazırlanmış və ailə dəyərlərinə həsr olunmuş sosial çarx nümayiş olunub, iştirakçılara nəşrlər paylanılıb.

Bahar Muradova Yardımlıda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 4-də keçirilən görüşdə Yardımlı və Masallı rayon sakinlərinin müraciətlərinə baxılıb. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən qəbulda vətəndaş müraciətləri sırasında ailədaxili məsələlər, uşaqla ünsiyyət, işlə təmin olunma, məişət zorakılığı və digər məsələlər yer alıb. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda növbəti maarifləndirici görüş keçirilib
4 oktyabr 2024-cü il tarixində Göyçay rayonunda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda növbəti maarifləndirici görüş keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göyçay rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən tədbirdə yeniyetmə və gənclər iştirak edib. Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor vəzifələrini müvəqqəti icra edən, sosial iş üzrə mütəxəssis-psixoloq Kəmalə Əhmədova çıxış edərək, ölkədə reproduktiv sağlamlıq hüquqlarının təmin olunması istiqamətində görülən işlərdən, ailə planlaşdırılmasının vacibliyindən bəhs edib. O, ailələrin sağlamlığının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Sonra ekspert qismində çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin müəllimi İlhamə Balakişiyeva reproduktiv sağlamlığın əsas amilləri, hamiləliyin süni yol ilə pozulmasının fəsadları haqqında danışıb, tədbir iştirakçılarına ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunmasına dair tövsiyələr verib. Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Regionlarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanda keçiriləcək COP29-la bağlı ictimaiyyətin diqqətinin ekoloji məsələlərə yönəldilməsi məqsədilə 23 sentyabr - 01 oktyabr 2024-cü il tarixlərində bölgələrdə təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə mərkəzlərin əməkdaşları, məktəblərin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən danışaraq, gənc nəsildə ekoloji mədəniyyətin inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini vurğulayıblar. Tədbirlər zamanı şagirdlər yarpaqlardan herbarilər hazırlayıb, iməcilik edib, həyat bilgisi və biologiya fənn müəllimlərinin iştirakı ilə yaşıllıqların qorunmasının vacibliyi barədə müzakirələr aparıb, oyunlar oynayıblar.

“Selektiv abortlarla mübarizə” layihəsi davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dövlət Komitəsi “III Bahar” İctimai Birliyinin əməkdaşlığı ilə birgə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 2.4.1-ci bəndinin icrası məqsədilə “Selektiv abortlarla mübarizə” Kampaniyasını həyata keçirir. Layihənin davamı olaraq Sumqayıt şəhərində və Bakı şəhərinin Xəzər rayonunda “III Bahar” İctimai Birliyinin üzvəri ilə müxtəlif yaş qruplarından olan əhali ilə görüşlər keçirilib. Layihənin əsas məqsədi günümüzün aktual problemlərindən olan selektiv abortlar, erkən nikahlar, qohum evliliyinin fəsadları və onlarla mübarizə, gender bərabərliyinin təbliği, qız uşaqlarının hüquqlarının qorunması ilə bağlı cəmiyyətin maarifləndirilməsinə dəstək olmaqdır. Görüşlərin 11 oktyabr - Beynəlxalq Qızlar Günü ərəfəsində keçirildiyini nəzərə alaraq qızların hüquqlarını və onların valideynlər üçün dəyərini təşviq edən qısametrajlı video-çarx nümayiş olunub. Qeyd edək ki, Kampaniya çərçivəsində təqaüdə çıxmış ahıl insanların iştirakı ilə mövzuya həsr olunmuş “Güclü Zəriflər” adlı sosial təbliğat məqsədli teatr tamaşası hazırlanaraq, təqdim edilmişdir.

Dövlət Komitəsinin sədri UNİCEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
3 oktyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullahla görüşüb. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova UNİCEF-lə birgə fəaliyyətin hər zaman konstruktiv əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb, təşkilatın uşaq hüquqlarının qorunması istiqamətində işə töhfə verdiyini bildirib. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın qəbulundan sonra uşaq hüquqları sahəsində ciddi irəlililəyişlərin olduğunu söyləyən sədr, erkən nikah və qohum evliliyi ilə bağlı qanunvericiliyə edilən son dəyişiklərin müsbət təsirlərindən söz açıb. Azərbaycanın 2020-ci ildə əldə etdiyi Zəfərdən sonra yeni – transformasiya mərhələsinə qədəm qoyulduğunu vurğulayan B.Muradova, hazırda ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi əhəmiyyətli bir tədbirin keçirilməsi ərəfəsində olduğunu deyib. O, müharibə dalğalarının günbəgün genişləndiyi və uşaqların gələcəyinin təhlükədə olduğu bir dönəmdə, COP29 çərçivəsində uşaq hüquqlarının da diqqətdə saxlanılmasının, eləcə də yaranan imkanlardan istifadənin önəminə diqqət çəkib. UNİCEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, “Azərbaycan üzrə 2026-2030-cu illər üçün yeni Ölkə Proqramı”nın hazırlanması prosesində Komitəni əsas tərəfdaş adlandırıb və bu istiqamətdə əsas prioritetlərin müəyyən edilməsində görüşün əhəmiyyətli rol oynayacağını bildirib. Uşaq hüquqlarının qorunması sahəsində Azərbaycanın müsbət nümunə olduğunu söyləyən UNİCEF rəsmisi, erkən nikah və qohum evliliyi ilə bağlı qanunvericiliyə edilən son dəyişiklikləri mühüm nailiyyət kimi qiymətləndirib. O, gələcək birgə fəaliyyətdə erkən uşaqlıq dövründə inkişafın prioritet istiqamət olduğunu vurğulayıb, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi və deinstitutlaşdırma sahəsində əməkdaşlıq məsələlərinə toxunub. Görüş Dövlət Komitəsi ilə UNİCEF-in gələcək əməkdaşlığı çərçivəsində həyata keçiriləcək tədbir və layihələrin müzakirəsi ilə davam edib.
Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva İKSAD sədri Mustafa Latif Emeklə görüşüb
3 oktyabr 2024-cü il tarixdə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Türkiyə Daxili İşlər və Mədəniyyət Nazirliklərinə tabe olan İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) sədri Mustafa Latif Emeklə görüşüb. Qonaqları salamlayan Ceyran Rəhmətullayeva, görüş təşəbbüsünə görə təşəkkürünü bildirib. Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən bəhs edən aparat rəhbəri qeyd edib ki, Komitə ailə, qadın və uşaq məsələləri üzrə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir. Türkiyənin İstanbul şəhərində “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na diqqət çəkən Komitə rəsmisi, iki qurum arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Aparat rəhbəri Dövlət Komitəsinin müvafiq sahələr üzrə birgə layihələrin, tədbirlərin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. Səmimi qəbula görə təşəkkürünü bildirən İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun sədri Mustafa Latif Emek təşkilatın həyata keçirdiyi mühüm layihələrdən danışıb. İnstitutun nəzdində ailə, uşaq və gənclər araşdırmalar mərkəzinin fəaliyyət göstərdiyini bildirən Mustafa Latif Emek, mərkəz tərəfindən reallaşdırılan çoxsaylı elmi layihələri vurğulayıb. Tanışlıq və əməkdaşlıq məqsədilə keçirilən görüş zamanı birgə fəaliyyət imkanları müzakirə edilib.