Erkən nikah və qohum evlilikləri mövzusunda növbəti görüş Ağcabədi rayonunda keçirilib

8 oktyabr 2024 14:25

Paylaş:

8 oktyabr 2024-cü il tarixdə Ağcabədi rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, yerli icra hakimiyyətinin dəstəyi ilə yeniyetmə və gənclər, eləcə də onların valideynləri üçün “Erkən nikah, qohum nikahlarının mənfi nəticələri” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova erkən nikah və qohum nikahlarının qanunvericiliyə əsasən izahını verib, bu nikahların cəmiyyətdə narahatlıq doğuran aktual məsələ olduğunu qeyd edib. Belə halların qarşısının alınmasına dair Azərbaycan Respublikasının Ailə Məcəlləsi, Cinayət Məcəlləsi, eləcə də İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərdən danışıb, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib.
Ekspert qismində çıxış edən Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin müəllimi İlhamə Balakişiyeva erkən nikah və qohum evliliklərinin mənfi təsirlərindən danışıb.
Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Mövsümov və görüşün baş tutduğu Ağcabədi Pedaqoji Kollecinin tərbiyə işləri üzrə direktor müavini Rövşən Bayramov da iştirak ediblər.
Sonda suallar cavablandırılıb, mövzu ilə bağlı sosial çarx nümayiş etdirilib. Görüşdən 100 nəfərdən çox iştirakçı faydalanıb.