“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda növbəti maarifləndirici görüş keçirilib
Paylaş:
4 oktyabr 2024-cü il tarixində Göyçay rayonunda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda növbəti maarifləndirici görüş keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göyçay rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən tədbirdə yeniyetmə və gənclər iştirak edib.
Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor vəzifələrini müvəqqəti icra edən, sosial iş üzrə mütəxəssis-psixoloq Kəmalə Əhmədova çıxış edərək, ölkədə reproduktiv sağlamlıq hüquqlarının təmin olunması istiqamətində görülən işlərdən, ailə planlaşdırılmasının vacibliyindən bəhs edib. O, ailələrin sağlamlığının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Sonra ekspert qismində çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin müəllimi İlhamə Balakişiyeva reproduktiv sağlamlığın əsas amilləri, hamiləliyin süni yol ilə pozulmasının fəsadları haqqında danışıb, tədbir iştirakçılarına ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunmasına dair tövsiyələr verib.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.