Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi

2025-ci il ərzində müxtəlif mövzular üzrə 283 müraciət daxil olub. Keçirilən 72 tədbirdən 2650 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 128 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 3174 nəfər bəhrələnib.
2024-cü il ərzində 285 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 65 tədbirdən 1927 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 128 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 2751 nəfər bəhrələnib.
Ünvan: Bakı ş., Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 1, dalan 1.
Əlaqə nömrələri: (012) 454 95 52, (012) 454 89 60
Facebook linki: Şüvəlan UADM

Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Açıq qapı” günü keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü 28 oktyabr 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək psixoloq, sosial işçi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə Bakı şəhərinin Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcək. “Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin. Ünvan və əlaqə nömrələri

Uşaq və Ailələrə Dəstək Mərkəzləri “Atalar və qızlar” mövzusunda maarifləndirici tədbirlər keçirib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 5-9 oktyabr 2026-cı il tarixlərində 11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə “Atalar və qızlar” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlanlar və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, valideynlərin, xüsusilə ataların dəstəkləyici rolunun artırılmasına yönəltməkdir. Tədbirlərdə Mərkəzlərin, yerli idarə və müəssisələrin əməkdaşları, ekspertlər, valideynlər və uşaqlar iştirak ediblər. Çıxış edənlər atalar və qızlar arasında sağlam münasibətlərin formalaşmasının uşaqların mənəvi-psixoloji inkişafında mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, ailədə qarşılıqlı hörmət, etimad, sevgi və dəstəyə əsaslanan münasibətlər qızların özünəinamının formalaşmasına, onların gələcək həyatında düzgün seçimlər etməsinə və cəmiyyətin fəal üzvünə çevrilməsinə mühüm təsir göstərir. Eyni zamanda qızların təhsil alması, onların hüquq və azadlıqlarının təmin olunması, potensiallarının üzə çıxarılması və gələcək inkişafları üçün əlverişli mühitin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar “Dəyərlərimizi ötürək” mövzusunda maarifləndirici görüşlər keçirilib, tənha ahıl şəxslərin evlərinə ailə səfərləri təşkil edilib. Yerli idarə, müəssisə və təşkilatların dəstəyi ilə keçirilən tədbirlərdə müvafiq qurumların əməkdaşları, ahıl şəxslər, gənclər, gənc ailələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərdə ailə dəyərlərinin cəmiyyətin əsas mənəvi dayaqlarından biri olduğu, böyüklərə hörmət, qayğı və diqqətin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, ahıl nəslin zəngin həyat təcrübəsi və mənəvi irsi gənc nəslin tərbiyəsində mühüm rol oynayır. Tədbirlər zamanı nəsillərarası əlaqələrin möhkəmləndirilməsinin, ailə daxilində qarşılıqlı hörmət və ünsiyyətin qorunmasının vacibliyi diqqətə çatdırılıb, gənc nəslin milli-mənəvi dəyərlər, nümunəvi ailə modeli və həyat təcrübəsi ilə tanış olmasında yaşlı nəslin rolundan bəhs edilib. Görüşlər iştirakçılar arasında fikir mübadiləsi və səmimi müzakirələrlə davam edib.

Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Anım Günü ilə əlaqədar tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27 sentyabr – Anım Günü ilə əlaqədar aidiyyəti qurumların əməkdaşları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər və ağacəkmə aksiyası keçirilib. Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər tarixi Zəfərimizdən danışıb, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramlarını bildirib, əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar. Şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi - bədii kompozisiyalar nümayiş etdirilib.
“Sülh Aylığı” çərçivəsində tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 sentyabr 2026-cı il tarixlərində “Sülh aylığı” çərçivəsində müxtəlif maarifləndirici tədbirlər, dəyirmi masa və viktorinalar keçirilib. Yerli idarə, müəssisə və təşkilatların dəstəyi ilə keçirilən tədbirlərdə aidiyyəti qurumların nümayəndələri və uşaqlar iştirak ediblər. Tədbirlərdə aylığın keçirilmə məqsədi barədə məlumat verilib, uşaqlar və gənclər arasında insan hüquqlarına hörmət, tolerantlıq və dinc birgəyaşayış dəyərlərinin təşviqi, ayrı-seçkilik və zorakılığın qarşısının alınması ilə bağlı maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb. Viktorinalar zamanı uşaqlar sülhün və uşaq hüquqlarının əhəmiyyəti barədə məlumatlılıqlarını artırmaq, yaradıcı düşünmə və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək fürsəti əldə ediblər. Sonda uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Bakı şəhəri və regionlarda səyyar icma görüşləri davam etdirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən icma ilə əlaqələrin gücləndirilməsi məqsədilə 2026-cı ilin iyul-avqust aylarında kənd və qəsəbələrdə 438 nəfərin iştirakı ilə 48 icma görüşü təşkil edilib. Səyyar şəkildə keçirilən icma görüşləri “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu, məişət zorakılığı, erkən və qohum evliliklərin qarşısının alınması və bu istiqamətdə mövcud qanunvericilik, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları, əlilliyi olan uşaqların sosial müdafiəsi, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin hüquqları, təhsildən yayınma hallarının qarşısının alınması kimi aktual mövzuları əhatə edib. Qeyd edək ki, icma görüşlərinin keçirilməsi həssas kateqoriyadan olan ailələrin, qadın və uşaqların aşkar edilməsi, onların hüquqlarının müdafiəsi və profilaktik tədbirlərin görülməsində, icmanın imkanlarının səfərbər edilməsində mühüm rol oynayır. İcma sakinləri, kəndlərin icra, bələdiyyə və dini icmasının nümayəndələri, tibb məntəqləri və təhsil müəssisələrinin əməkdaşları, psixoloq və pedaqoqlarının iştirakı ilə keçirilən görüşlərdə ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər diqqətə çatdırılır, icmanın ehtiyaclarına uyğun mövzular üzrə müzakirələr aparılır, həmçinin vətəndaşların müraciətləri qeydə alınaraq həlli istiqamətində müvafiq tədbirlər görülür.

Uşaqların yay tətili faydalı və maraqlı tədbirlərlə yadda qalıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların yay tətilində asudə vaxtlarını səmərəli, maraqlı, eyni zamanda öyrədici və yaddaqalan keçirməsi məqsədilə 2026-cı ilin iyun-avqust aylarında müxtəlif formatlı tədbirlər, o cümlədən “Kitabımı paylaşıram” layihəsi, “Şəxsiyyət yüksəlişi” təlim proqramı, sağlam həyat tərzi və ekoloji tərbiyə mövzularında maarifləndirici görüşlər, “Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgiləri keçirilib. Uşaqların fərdi inkişafı üçün əvəzsiz fürsət olan yay tətilində Mərkəzlərin əməkdaşları tərəfindən onların yaşına, emosional ehtiyaclarına və maraqlarına uyğun proqramlar hazırlanıb. Uşaqlar yeni bacarıqlar öyrənərək həmyaşıdları ilə xoş anlar keçiriblər. Yerli idarə, müəssisə və təşkilatların da dəstəyi ilə keçirilən tədbirlərdən ümumilikdə 800 nəfərə yaxın uşaq faydalanıb.

“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Dosti-zadələr ailəsidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Bakı şəhəri Xəzər rayonundan olan Dosti-zadələr ailəsidir. Onları yaxından tanıyaq. Oqtay Dosti-zadə 1948-ci ildə anadan olub. Bakı-Sənaye texnikumunun Avtomobilin texniki qulluğu və istehsalı fakültəsini bitirib,45 il nəqliyyat sahəsində fəaliyyət göstərib. 1955-ci il təvəllüdlü Səmayə Dosti-zadə isə ömrünü övladlarının təlim-tərbiyəsinə həsr edib. Hazırda hər ikisi də təqaüddədir. 52 ildir birgə ömür sürən Dosti-zadələrin 4 övladı və 7 nəvəsi var. Övladlarının hər biri ali təhsillidir və ölkəmizin inkişafı üçün çalışırlar. Ailə ilə müsahibəmizi Sizə təqdim edirik: - Xoşbəxt evliliyin sirri nədədir? - O.Dosti-zadə: “Xoşbəxt ailənin təməlində qarşılıqlı hörmət, etibar, səbir və anlayış dayanır. Bir-birimizi dinləməyə, çətin anlarda dəstək olmağa və problemləri birlikdə həll etməyə çalışırıq. Bu illər ərzində sevgi ilə yanaşı, bir-birimizi anlamağı, dinləməyi və çətin günlərdə bir-birimizə dayaq olmağı bacardıq. Ailədə "mən" yox, "biz" anlayışı ön planda olmalıdır. - Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? - S.Dosti-zadə: “Fikir ayrılıqları hər ailədə olur. Əsas məsələ onu necə həll etməkdir. Biz heç vaxt incikliyi uzatmamışıq. Problemləri sakit şəkildə müzakirə edir, bir-birimizi dinləyir və ortaq qərara gəlməyə çalışırıq. Hər zaman qarşılıqlı ünsiyyət quraraq fikirlərimizi bölüşmüşük. Hörmət olan yerdə hər problemin həlli tapılır. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? - Övladın tərbiyəsi ailədən başlayır. Vətəninə, dövlətinə layiqli vətəndaş yetişdirmək üçün uşağın qəlbində hələ kiçik yaşlarından vətən sevgisinin toxumu səpilməlidir. Ona öyrədilməlidir ki, vətən sadəcə yaşadığın torpaq deyil, şəhid qanı ilə yoğrulmuş müqəddəs əmanət, bayrağımız, dilimiz və kimliyimizdir. Uşaqar dürüst, məsuliyyətli və ədalətli olmaq kimi dəyərlərlə böyüdülməli, insanlara və dövlətinə faydalı olmağın ən böyük şərəf olduğu aşılanmalıdır. Valideyn ilk növbədə öz davranışı, əməyi və Vətənə olan sevgisi ilə övladına nümunə olmalıdır. Çünki uşaqlar eşitdiklərindən daha çox gördüklərini mənimsəyirlər. Vətənini sevən, onun uğurlarına sevinən, çətin günündə yanında olmağı bacaran övladlar yetişdirmək hər bir ailənin müqəddəs borcudur. Güclü ailələr güclü cəmiyyətin, güclü cəmiyyət isə qüdrətli dövlətin təməlidir. Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? - Ailəmizdə münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. Övladlarımızın fikirlərinə hörmətlə yanaşır, onlarla açıq ünsiyyət qurmağa çalışırıq. Biz övladlarımızı həm sevgi, həm də məsuliyyət hissi ilə böyütmüşük. Onların fikirlərinə həmişə hörmət etmişik, eyni zamanda düzgün yolu göstərməyə çalışmışıq. Bu gün də münasibətlərimiz bu formada tənzimlənir. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri etmək istərdiniz? Nəyisə etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? - Ümumilikdə övladlarımızın tərbiyəsindən razıyıq. Bununla belə, bəlkə də onlarla daha çox vaxt keçirməyə və maraqlarını daha yaxından dəstəkləməyə çalışardıq. Hər biri zəhməti ilə öz həyat yolunu qurub. Bəlkə də işlərin çoxluğundan bəzi vaxtlar onlarla daha çox vaxt keçirə bilməmişik. İndi geriyə baxanda düşünürük ki, həmin anlar daha çox olsaydı, daha gözəl olardı. Övladlarımızla keçirdiyimiz hər bir an böyük xoşbəxtlikdir. Ailə qurmaq istəyən gənclərə nə tövsiyə edərdiniz? - Ailə qurmaq istəyən gənclərə ilk tövsiyəmiz budur ki, həyat yoldaşını seçərkən yalnız qəlbinizin səsinə deyil, ağlınızın və vicdanınızın səsinə də qulaq asın. Sevgi ailənin ən gözəl başlanğıcıdır, amma onu yaşadan hörmət, etibar, səbir və məsuliyyətdir. Həyat yolunu birlikdə addımlayacağınız insanı dəyişdirməyə çalışmayın, onu olduğu kimi qəbul etməyi və anlamağı öyrənin. Çünki əsl ailə bir-birini dəyişən deyil, bir-birini tamamlayan insanların qurduğu ocaqdır. Əziz gənclər, ailə həyatında elə günlər olacaq ki, hər şey istədiyiniz kimi alınmayacaq. O zaman inciklikləri susqunluqla böyütmək əvəzinə, səmimi söhbətlə həll etməyə çalışın. Unutmayın ki, danışılan problem həllini tapar, danışılmayan problem isə zamanla ürəklər arasında görünməz divarlar yaradar. Heç vaxt ailənizdə hörməti və etibarı itirməyin. Biz 52 illik ailə həyatımız boyunca öyrəndik ki, xoşbəxt ailənin sirri böyük möcüzələrdə deyil, hər gün göstərilən kiçik qayğılarda, bir xoş sözdə, bir anlayışlı baxışda, çətin anlarda əl-ələ verməkdə gizlidir. Bu illər bizə sübut etdi ki, ailə iki insanın birlikdə yaşaması deyil, iki qəlbin eyni amal uğrunda ömür boyu bir-birinə dayaq olmasıdır. Bütün gənclərə sevgi ilə başlayan, hörmətlə möhkəmlənən, etibarla qorunan və ömür boyu xoşbəxtlik gətirən nümunəvi ailələr qurmağı arzu edirik. “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində fikir və təcrübələrini bizimlə paylaşdıqlarına görə Dosti-zadələr ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və xoşbəxt ömür arzu edirik. Qeyd edək ki, layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən nümunəvi ailələri geniş ictimaiyyətə tanıtmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir.

Bakı şəhəri və regionlarda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-21 avqust 2026-cı il tarixlərində uşaqların iştirakı ilə “Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgisi keçirilib. Tədbirlərin keçirilməsində məqsəd uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yaşadıqları bölgənin təbiətinə, tarixinə və mədəni irsinə maraqlarının artırılmasıdır. Rəssamlar tərəfindən keçirilən ustad dərslərində uşaqlara rəsm çəkmək texnikaları, təbiətin, ətraf mühitin təsviri, rənglərin düzgün seçilməsi, eləcə də kompozisiyanın qurulması ilə bağlı məlumat verilib, suallar cavablandırılıb. Uşaqlar yaşadıqları bölgənin təbiətini, mənzərəsini və gözəlliklərini öz rəsmlərində əks etdiriblər. Yekunda təşkil olunan sərgidə rəsm əsərlərinə baxış keçirilib, fəal uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib. Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan sərgidə Mərkəzlərin əməkdaşları, yerli idarələrin nümayəndələri, rəsm müəllimləri, uşaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi