Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar tədbirlər keçirilib

1 oktyabr 2026 16:39

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar “Dəyərlərimizi ötürək” mövzusunda maarifləndirici görüşlər keçirilib, tənha ahıl şəxslərin evlərinə ailə səfərləri təşkil edilib.

Yerli idarə, müəssisə və təşkilatların dəstəyi ilə keçirilən tədbirlərdə müvafiq qurumların əməkdaşları, ahıl şəxslər, gənclər, gənc ailələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə ailə dəyərlərinin cəmiyyətin əsas mənəvi dayaqlarından biri olduğu, böyüklərə hörmət, qayğı və diqqətin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, ahıl nəslin zəngin həyat təcrübəsi və mənəvi irsi gənc nəslin tərbiyəsində mühüm rol oynayır. Tədbirlər zamanı nəsillərarası əlaqələrin möhkəmləndirilməsinin, ailə daxilində qarşılıqlı hörmət və ünsiyyətin qorunmasının vacibliyi diqqətə çatdırılıb, gənc nəslin milli-mənəvi dəyərlər, nümunəvi ailə modeli və həyat təcrübəsi ilə tanış olmasında yaşlı nəslin rolundan bəhs edilib.

Görüşlər iştirakçılar arasında fikir mübadiləsi və səmimi müzakirələrlə davam edib.