Media
Xəbərlər

“Zorakılıq qurbanları olan uşaq və qadınlarla psixososial işin aparılması” mövzusunda təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatala rayonunda uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, həmçinin Zaqatala rayon ümumtəhsil müəssisələrinin psixoloqları üçün “Zorakılıq qurbanları olan uşaq və qadınlarla psixososial işin aparılması” mövzusunda təlim keçirilib. Təlimin açılışında çıxış edən Dövlət Komitəsinin Mərkəzlərlə iş sektorunun əməkdaşı Zülfiyyə Sadıq regionlarda kadr potensialının artırılmasının əhəmiyyətini vurğulayıb, təlim mövzusunun sosial və təhsil sahəsində çalışan mütəxəssislərin peşəkarlığının yüksəldilməsi yönümündə faydalı olacağını bildirib. Təlimçi qismində çıxış edən ekspert, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəllimi Emiliya İgidova tərəfindən zorakılıq qurbanları ilə psixososial işin aparılması zamanı tətbiq olan psixodiaqnostik və korreksiya metodları, qadın və uşaqlara qarşı olan zorakılığın mərhələləri və növləri barədə geniş məlumat verilib, fərdi hal nümunələri əsasında rollu oyunlar təşkil edilib, müzakirələr aparılıb, təhsil sahəsində çalışan psixoloqlara müvafiq tövsiyələr verilib. Təlim iştirakçıları əyani vəsaitlər sayəsində metodikalarla yaxından tanış olub və sınamaq imkanı əldə ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

“ITi Zəka-2” hakatonunun yarış mərhələsi baş tutub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan hakatonun yarış mərhələsində yerli və beynəlxalq mentorların iştirakı ilə infosessiya keçirildikdən sonra, uşaqlar bütün gün ərzində layihələrini hazırlayıblar. Salamlama nitqi ilə çıxış edən Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov tədbirin əhəmiyyətinə diqqət çəkərək, hakatonun, uşaqlarda innovativ düşüncənin formalaşmasına, rəqəmsal bacarıqlarının inkişaf etməsinə töhfə verdiyini bildirib. Çıxış edən Dövlət Agentliyinin İKT infrastrukturunun idarəedilməsi və İT xidmətlərinin təşkili şöbəsinin müdiri Səmral Əliyev yarışmada iştirak edən uşaqları final mərhələsinə çıxmaları münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb. Qeyd edək ki, “ITi Zəka-2” hakatonu üçün seçimlərin qeydiyyat mərhələsindən 14-17 yaşlı uşaqlardan ibarət 130 komanda keçə bilib, münsif heyəti tərəfindən aparılan qiymətləndirmə ilə ən yüksək bal toplayan 22 komanda finala vəsiqə qazanıb. Daha sonra komandalar hazırlıq təlimlərinə cəlb olunublar. Məlumat üçün bildiririk ki, 4 iyul tarixində keçiriləcək yekun tədbirdə uşaqlar tərəfindən hazırlanan layihələrin təqdimatı baş tutacaq. Təqdimat mərhələsindən sonra münsiflər layihələri qiymətləndirəcək və ən güclü 3 layihə seçilərək mükafatlandırılacaq.

2 İyul - Azərbaycanda Polis Günüdür
Bu gün polis orqanlarının yaranmasından 106 il keçir. Respublikamızda sabitliyin vəəmin-amanlığın qorunmasına töhfə verən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin şəxsi heyətini, polislərimizi təbrik edir, onlara bu şərəfli peşələrinin icasında uğurlar arzu edirik.

Yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları ilə bağlı ölkədə mövcud qanunvericilik təkmilləşdirilib
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisin 28 iyun 2024-cü il tarixində keçirilən iclasında III oxunuşda qəbul edilib. Qanunun qəbulu yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları ilə bağlı ölkədə mövcud olan problemlərin qarşısının alınması məqsədi daşıyır. Hər iki məsələ özünün neqativ fəsadları ilə insan hüquq və azadlıqlarının təmin edilməsinə və eyni zamanda cəmiyyətin sağlam gələcəyinə bilavasitə zərbə vuran, daima ictimaiyyəti narahat edən və müxtəlif səviyyələrdə müzakirələrə səbəb olan məsələlərdir. Erkən evlilik hallarının qarşısının alınması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, yəni nikah yaşının hər iki cins üçün eyniləşdirilməsi və 18 yaş müəyyən edilməsi, qadını nikaha daxil olmağa məcbur etmə əməlinin kriminallaşdırılması, habelə ölkə ərazisində dövlət və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər nəticəsində erkən evlilik hallarının dinamikasında azalma qeydə alınsa da, onun tamamilə aradan qaldırılması hələ də mümkün olmamışdır. 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilb. 2021-ci illə müqayisədə 361 nəfər artım olmuşdur. Qanunvericilikdə üzürlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Üzürlü səbəblərin hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma özlüyündə sui-istifadə amili kimi qiymətləndirilir. 2022-ci ildə AR Ailə Məcəlləsinə əsasən nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar qəbul edilmişdir. Eyni zamanda yerli icra hakimiyyəti orqanlarından əldə edilən məlumata əsasən 269 erkən evliliyin qarşısı alınmışdır. Lakin AR Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə yalnız 2023-cü ildə cəmi bir cinayət işi açılmışdır. Qeyd edilənlər erkən evliliyin baş verməsi ilə bağlı əməlin bütün əlamətlərini özündə əks etdirən cinayət hüquq normasının qanunvericiliyə daxil edilməsinə əsas verir. Qanunda AR Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi ilə bağlı normalar əks olunmuşdur. Qanunda erkən evlilk dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq nəzərdə tutulur. Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir. Məcəlləyə əlavə edilən 176-2-ci maddə on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir. Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır. Belə ki, əksər hallarda iyirmi yaş həddində gənclər əsasən valideynlərinin təkidi və istiqamətləndirilməsi nəticəsində evliliyə daxil olurlar. Bu subyektlər erkən evliliyin təşkilinə görə məsuliyyətdən azad edilsələr də, əməldə Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayanlarla cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinin tərkibi mövcud olduqda məsuliyyətə cəlb olunurlar. Məqsəd isə evliliyə daxil olan şəxs arasında böyük yaş fərqi olan halların qarşısının alınması və cəzalandırılmasıdır. Təcrübədə bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasimlərinin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaradır. Dövlət Komitəsinə barəsində mərasim keçirilən qız uşaqlarından və ya onların rəfiqələrindən və yaxud digər şəxslərdən dəfələrlə məlumatlar daxil olmuşdur. Bu cür sövdələşmələr faktiki ailənin qurulması halı olmasa da, hər bir halda uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Bu əməllərin qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddə daxil edilmişdir. Həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutun 189-2 və 189-3-cü maddələrin məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardan biri olmuşdur. Qanunda həmçinin AR Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) nəzərdə tutulan, aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı normalar əks olunmuşdur. Belə ki, yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyəcəkdir. Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Təəssüflər olsun ki, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlara rast gəlmək mümkündür Ölkədə qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363 , 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.

Erkən nikah və qohumlar arasında nikahlarla mübarizə mövzusunda təlimlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması”mövzusunda yekun təlimlər Cəlilabad və Xaçmaz rayonlarında baş tutub. Təlimin keçirilməsində məqsəd reproduktiv sağlamlığın qorunması, erkən və qohumlar arasında nikahın yaratdığı fəsadlar və qızların təhsildən yayınmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsidir. Tibb və hüquq sahəsində peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlərdə müvafiq sahədə mövcud yerli və beynəlxalq qanunvericiliklə yanaşı, Komitə və İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə həyata keçirilən layihələr barədə məlumat verilib. Sonda mövzu ətrafında müzakirə aparılıb.

Bahar Muradova İCESCO-nun baş direktorunun müavini Abdelilah Benarafa ilə görüşüb
Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusunda I Beynəlxalq Konfrans çərçivəsində Mərakeş Krallığında səfərdə olan Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən baş qərargahında qurumun baş direktorunun müavini Abdelilah Benarafa ilə görüşüb. Dövlət Komitəsinin sədrini və onu müşaiyət edən şəxsləri qərargahda salamlamaqdan məmnun olduğunu bildirən baş direktorun müavini Azərbaycanın bu təşkilata üzvlüyü çərçivəsində fəaliyyəti və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək ailə məsələləri və sosial siyasət sahəsində də əməkdaşlığın inkişafında və birgə tədbilərin keçirilməsində maraqlı olduqlarını vurğuladı. Baş direktorun müavini nümayəndə heyətinə Beynəlxalq Konfransda aktiv iştiraka görə də öz təşəkkürünü bildirərək,Azərbaycanın İCESCO-nun ən etibarlı tərəfdaşı olduğunu bildirib. Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Bahar Muradova İslam Dünyasının birliyi və üzv ölkələrin ahəngdar inkişafına töhfələri ilə seçilən bu təşkilatın baş qərargahında olmaq və Dövlət Komitəsi ilə İCESCO arasında əməkdaşlıq haqqında müzakirə aparmaq imkanının yaradılmasından məmnunluğunu ifadə edib. Bu təşkilatla Azərbaycan arasında əlaqələrin getdikcə daha çox sahələri əhatə etdiyini vurğulayan sədr münasibətlərin bu səviyyədə inkişafında, faydalı və geniş məzmunlu olmasında Azərbaycanın 1-ci vitse-prezidenti, İCESCO-nun xoş məramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna rolu barədə danışıb. Görüş zamanı Beynəlxalq təşkilatla Azərbaycan arasında əməkdaşlığın inkişafının təşviqi, əsasən sosial və humanitar sahələrin inkişafı, qadın və gənclərin bacarıqlarının artırılmasına dair fikir mübadiləsi aparılıb. Həmçinin Şuşa şəhərinin 2024 cü ildə İslam dünyasının Mədəniyyət paytaxtı elan edilməsinin bu istiqamətdə fəaliyyətə böyük təkan verdiyi də xüsusi vurğulanıb. Tərəflər İCESCO və Azərbaycan arasında xüsusi münasibətlərin inkişaf etdirilməsi istiqamətlərini də müzakirə ediblər.

Ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə müsabiqə elan edilir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçiriləcək müsabiqəyə sənəd qəbulu elan edir. Müsabiqədə iştirak etmək istəyən ekspert təşkilatları tələb olunan sənədləri 28.08.2024-cü il tarixinə qədər Dövlət Komitəsinə təqdim etməlidirlər. Ətraflı məlumat üçün keçidlər: 1) Müsabiqə haqqında 2) Müsabiqə proqramı 3) 1 nömrəli əlavə- İxtisas attestatının verilməsinə dair ərizə forması 4) “Uşaqların zərərli informasiyadan qorunması haqqında Qanunvericilik”

Növbəti “açıq qapı” günü keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 27 iyun 2024-cü il tarixində növbəti “açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Binə, Ağdam rayonunun Zəngişalı və Mahrızlı, Saatlı rayonunun Əbilkənd, Sabirabad rayonunun Qalağayın, Hacıqabul rayonunun Qubalıbaloğlan, Goranboy rayonunun Rəhimli, Göygöl rayonunun Topalhəsənli, Zərdab rayonunun Yarməmmədbağı, İsmayıllı rayonunun Təzəkənd, Zaqatala rayonunun Aşağı Tala kənd və qəsəbələrində səyyar şəkildə keçirilib. “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma ilə bağlı müraciətlər yer alıb, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. “Açıq qapı” günündə ümumilikdə 102 nəfər vətəndaşınmüraciəti dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

Bahar Muradova Mərakeş Krallığın Həmrəylik, Sosial İnteqrasiya və Ailə naziri Aawatif Hayar ilə ikitərəfli görüş keçirib
“Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusunda I Beynəlxalq Konfrans çərçivəsində Mərakeş Krallığında səfərdə olan Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Krallığın Həmrəylik, Sosial İnteqrasiya və Ailə naziri Aawatif Hayar ilə ikitərəfli görüş keçirib. Komitə sədri beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə, mövzuların xüsusi olaraq seçilməsinə və qonaqpərvərliyə görə xanım nazirə təşəkkürünü bildirib, bu görüşün birgə fəaliyyətin daha səmərəli təşkil olunmasına töhfə verəcəyinə inamını ifadə edib. Görüş zamanı ölkələrimiz və qurumlararası əlaqələrin inkişafı, Qoşulmama Hərəkatı və ISESCO çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Öz növbəsində, mərakeşli nazir beynəlxalq konfransın gələcəkdə Azərbaycanda da keçirilməsi ilə bağlı təklif irəli sürüb. Görüşün sonunda qurumlar arasında imzalanmış memorandumun yenilənməsi ilə bağlı razılığa gəlinib.