Media
Xəbərlər

Regionlarda sağlamlıq və ailə planlaması mövzusunda maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən reproduktiv sağlamlıq və ailə planlaması mövzusunda məlumatlılıq səviyyəsinin artırılması məqsədilə müxtəlif yaş qrupundan olan icma sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlərin keçirilməsinin məqsədi maarifləndirmə vasitəsilə körpələrin sağlam doğulmasına, ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır. Mütəxəssislərin iştirakı ilə baş tutan görüşlərdə mövzu ilə bağlı geniş məlumat verilib və qeyd olunub ki, reproduktiv sağlamlığın əsası uşaq və yeniyetməlik dövründə qoyulmalıdır. Reproduktiv sağlamlıq səviyyəsi insanın həyat tərzinə, ailədaxili münasibətlərinə, eləcə də əhval-ruhiyyəsinə ciddi təsir göstərir. Həmçinin sağlam həyat tərzinin erkən yaşdan təşviq edilməsinin, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinin, müntəzəm surətdə tibbi müayinədən keçməyin əhəmiyyəti də vurğulanıb. Görüşlərdə iştirakçılara mövzuya dair maarifləndirici materiallar da paylanılıb.

Regionlarda maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması və regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici görüşlər keçirilib. Görüşlərdə UADM-lərin və aidiyyəti qurumların əməkdaşları, rayonun fəal gəncləri və icma sakinləri iştirak edib. Görüşlər zamanı mərkəz əməkdaşları internet əlçalatanlığının mənfi və müsbət tərəflərindən danışıb, həmçinin internetin yaratdığı asılılığın uşaqların fiziki və psixi sağlamlığına mənfi təsiri barədə məlumat verilib. Həmçinin mütəxəssislər tərəfindən internet üzərindən aparılan ödənişlərdə təhlükəsizliyin təmin edilməsi, kart dələduzluğuna qarşı mübarizə tədbirləri çərçivəsindəkartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilməsi halları müəyyən edildiyi təqdirdə nə etməli, internet və mobil bankçılıqdan istifadə zamanı hansı məqamlara diqqət yetirmələri barədə məlumat verilib. Eyni zamanda iştirakçılara hər hansı şübhəli hal ilə rastlaşan zaman aidiyyəti orqanlara məlumat vermələri barədə tövsiyələr verilib. Sonda iştirakçılara mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.

11 iyul Ümumdünya Əhali Günüdür
Bu günün qeyd olunmasında məqsəd ailə planlaşdırılmasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır. Dünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd edilir.
Uşaq və valideynlərlə maarifləndirmə işləri davam etdirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Müharibədən zərər çəkən uşaq və ailələrə psixososial dəstək” layihəsi çərçivəsində Ağdam və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Ağdam rayonunun Rzalar və Mahrızlı kənd məktəbləri, Goranboy rayonu Qaraçınar kənd məktəbi və Kəlbəcər rayonunun E.Hümbətov adına 63 saylı orta məktəbin şagirdləri olmaqla, ümumilikdə 100 nəfər psixoloji treninqlərə cəlb olunub. Yaşa görə formalaşdırılan qruplarda psixoloqların rəhbərliyi altında uşaqların daxili aləmini kəşf etməyə, emosiyalarını idarə etməyə, şəxsi məkanının sərhədlərini müəyyənləşdirməyə imkan verən psixoloji tapşırıqlar yerinə yetirilir, interaktiv oyunlar keçirilir və nəfəs texnikaları tətbiq olunur. Uşaqlarla yanaşı onların valideynləri ilə də psixoloji maarifləndirmə işi aparılır. Sosial pedaqoqlar tərəfindən valideyn bacarıqları, böhran vəziyyətində uşaqlara psixososial yardımın göstərilməsi, valideyn-övlad münasibətləri və s. mövzularda təlimlər keçirilir. Qeyd edək ki, 2021-ci ildən etibarən həyata keçirilən layihənin məqsədi müharibədən zərər çəkmiş, böhran vəziyyətində olan uşaq və ailələrin psixososial rifahını yaxşılaşdırmaq, uşaqların emosiya və hisslərini ifadə etməsinə köməklik göstərmək, stressə davamlılığı gücləndirmək, psixi sağlamlığı möhkəmləndirmək, cəmiyyətə inteqrasiyasını sürətləndirmək, özünüqiymətləndirməsini və fəaliyyət qabiliyyətini yüksəltməkdir. Layihənin iyul ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

Şamaxı rayonunda uşaqlar üçün yay düşərgəsi təşkil edilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ümumilikdə 66 nəfəri əhatə edən düşərgədə Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin benefisiarları olan şəhid və qazi ailələrinin, həmçinin aztəminatlı ailələrinin uşaqları iştirak edəcək. Düşərgənin ilk günündə Komitənin Ailə məsələləri şöbəsinin Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb, düşərgənin məqsədi və təlim proqramı barədə məlumat verib. Yay düşərgəsinin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, onların həmyaşıdları ilə maraqlı və əyləncəli vaxt keçirməsi, yay tətilinin mənalı və yaddaqalan olması, uşaqlara yeni bacarıqların aşılanmasıdır. Düşərgə müddətində uşaqlara uşaq hüquqları, şəxsi inkişaf mövzularında təlimlərin, rəqs üzrə ustad dərslərin keçirilməsi, müxtəlif idman oyunları, kino-cizgi film saatının, musiqili-əyləncəli proqramların, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Şamaxı Safari Parkına ekskursiyaların təşkili nəzərdə tutulur. Qeyd edək ki, uşaqlar üçün yay düşərgəsi 3 dəfə olmaqla, 08-14 iyul, 29 iyul-04 avqust və 19-25 avqust 2024-cü il tarixlərində Şamaxı rayonunda keçiriləcək.

Regionlarda məişət zorakılığının qarşısının alınması mövzusunda keçirilən təlimlər yekunlaşıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 5 region üzrə 40 rayonda (Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, İmişli, Neftçala, Saatlı, Sabirabad, Bərdə ,Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd,Tərtər,Şamaxı, İsmayıllı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Zərdab, Gədəbəy,Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Kəlbəcər, Şəmkir, Qubadlı, Şuşa, Zəngilan, Abşeron, Xızı, Siyəzən, Laçın, Sumqayıt) respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üçün keçirilən məişət zorakılığının qarşısının alınması mövzusunda təlimlərə yekun vurulub. Sumqayıt şəhərində keçirilən yekun tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova öz fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq, baş vermiş zorakılıq halları ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırmış, bu istiqamətdə bələdiyyələrin imkanlarından istifadə olunmasının vacıbliyini vurğulamışdır. Komitə əməkdaşları Vəfa Ələkbərova , Rahil Süleymanzadə və İradə Məmmədova tərəfindən aparılan təlimlər zamanı müvafiq mövzuda təqdimatlarla yanaşı, həm də Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlili aparılıb, nöqsanların aradan qaldırılması kimi məsələlər müzakirə edilib. 185 nəfərin iştirak etdiyi təlimlərin keçirilməsində məqsəd iştirakçıları “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlərlə tanış etməklə yanaşı, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi, zorakılıqla mübarizə sahəsində profilaktik işin görülməsi olub. Sonda təlim iştirakçılarına “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı bukletlər paylanılıb.

Peşə təhsili müəssisələrinin tələbələri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda keçirilən təlimlər yekunlaşıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Peşə Liseylərinin tələbələri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda keçirilən təlimlər yekunlaşıb. Sumqayıt Şəhəri, Heydər Əliyev Mərkəzində keçirilən yekun tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrə toxunaraq, bu sahədə gənclərin məlumatlı olmasının vacibliyini diqqətə çatdırıb. TəlimlərdəKomitə əməkdaşları Vəfa Ələkbərova, Rahil Süleymanzadə və İradə Məmmədovatərəfindən “Azərbaycanda məişət zorakılığı və onun qarşısının alınması sahəsində görülən tədbirlər”lə bağlı təqdimatlar edilib, “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı bukletlər paylanılıb, mövzu ilə bağlı suallar cavablandırılıb. Qeyd edək ki, daha öncə Kürdəmir, Bərdə, Şamaxı, Gədəbəy rayonlarında da keçirilən təlimlərin məqsədi tələbələrin məişət zorakılığı və onun qarşısının alınması sahəsində məlumatlandırılması olub. Təlimlərdə ümumilikdə 950 nəfər tələbə iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsi növbəti dəfə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulunu elan edir
Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsi növbəti dəfə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulunu elan edir. Proqramın məqsədi gənclərin potensialından daha səmərəli istifadə edərək, peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatının inkişafına töhfə verməkdir. “Ailəm könüllüləri” proqramında: − 16-29 yaşlı; − Ali təhsilli (hazırda təhsilini davam edənlər də daxil olmaqla); − İntizamlı; − Təşkilatçılıq bacarığı olan; − Kollektivdə işləmək bacarığına sahib; − Operativ; − Kompüter və xarici dil bilikləri olan; − Təşəbbüskar gənclər iştirak edə bilər. Proqram həftədə 2 dəfə, 6 saat olmaqla, 3 ay davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa vuranlar Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar. Könüllülük proqramı Komitədə, eyni zamanda Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (Bakının Xəzər rayonu, Goranboy, Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab rayonları) keçiriləcək. Müraciət üçün son tarix: 20 iyul 2024-cü il. Qeydiyyat üçün link “Komitəsində könüllü fəaliyyətin təşkili haqqında” Qaydalar Əlaqə: +99451 230 45 78

5 gün davam edən hakatona yekun vuruldu və iti zəkası ilə seçilən qaliblər mükafatlandırıldı
4 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində 14-17 yaşlı uşaqlar arasında keçirilən “ITi Zəka-2” hakatonunun mükafatlandırma mərasimi keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçı uşaqların bir sıra seçim turlarını keçərək hakatona qatılmaq hüququ qazandığını qeyd edərək, müsabiqənin yekun hissəsinin həm də növbəti uğurların başlanğıcı olduğunu bildirib. Ötən hakatonla müqayisədə bu gün uşaqların daha çox maraqla hakatona qoşulduğunu və komanda sayının artdığını vurğulayan Komitə sədri, hakatonun iştirakçıları arasında qızların da xüsusi çəkisinin olduğunu, onların informasiya texnologiyalarına artan marağının sevindirici hal olduğunu bildirib. “Azərbaycanın hazırki inkişaf səviyyəsi və ölkəmizin bu sahədə qarşıya qoyduğu hədəflər, eləcə də yeritdiyi siyasət gələcəkdə öz yaxşı nəticələrini mütləq şəkildə göstərəcəkdir” deyən B. Muradova bu gün informasiya-kommunikasiya texnologiyalarının bütün dünyada vacib sahələrdən olduğunu, inkişafın əsas istinad nöqtəsi kimi qəbul edildiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda uşaqlar arasında kibertəhlükəsizliyin təmin edilməsinə, İKT-nin inkişafına ciddi diqqət yetirilir, bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilir. O, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildiyini qeyd edərək, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” AR-nın Qanunu, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və digər mühüm əhəmiyyət kəsb edən sənədlərin icrası istiqamətində məlumatları diqqətə çatdırıb. Komitə rəsmisi bildirib ki, bu gün qarşımızda duran əsas vəzifə, işğaldan azad olunmuş ərazilərə daha çox vətəndaşın öz yurdlarına sürətli qayıtması, onların məskunlaşması, təhsil və sağlamlığının yüksək şəkildə təmin olunması, bunun üçün infrastrukturun yaradılmasıdır: “Sıfırdan başlanan quruculuq-abadlıq işləri ən yüksək texnologiyalara əsaslanaraq həyata keçirilir. “Ağıllı kəndlər, ağıllı şəhərlər” salınır və burada məskunlaşan ailələrdə böyüyən uşaqlar da bu tələblərə cavab verəcək səviyyədə hazırlanırlar”-deyə, o əlavə edib. Çıxışının sonunda iştirakçıları təbrik edən B. Muradova onların informasiya cəmiyyətində çox iti və çevik şəkildə hər gün dəyişən cəmiyyətdə cavab tədbirlərinə daim hazır olmalarının vacibliyini vurğulayıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib ki, təmsil etdiyi qurum innovasiya və sosial sahələrdə həyata keçirilən layihələrə və startaplara dəstək verir. O, “Bilim Bakı” mərkəzi və “Deneyap” texnologiya laboratoriyası haqqında məlumat verərək, qeyd edib ki, bu layihələr çərçivəsində müxtəlif təlimlər, laboratoriya konseptləri, təhsil modeli icra edilir. Lənkəranda gənclər üçün üç günlük innovativ ideyalar kampının olacağına da diqqət çəkən C. Salmanov əlavə edib ki, “Asan könüllüləri” təşkilatı da innovasiya istiqamətində tədbirlərə dəstək verir. İdeyaların formalaşması, parlaq ideyaların sahibi olmaq məhz uşaq yaşlarından başlayır deyən sədr müavini, “Iti zəka” hakatonunun da bu baxımdan xüsusi əhəmiyyətli olduğunu vurğulayıb. 530 uşağın öz istəyi ilə hakatona müraciət edərək, aralarından 93 nəfərin finala kimi gəlib çıxmasının özünün də böyük uğur olduğunu qeyd edən C. Salmanov bildirib ki, hakaton həm də komandalar yaratmaq, innovativ düşüncə tərzi formalaşdırmaq baxımından vacibdir. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sistemində rəqəmsallaşma və innovasiyanın tətbiqi barədə çıxış edib. O, süni intellektin inkişafını vurğulayaraq, gənclərin özünü idarəetmə bacarığının inkişafı, yeni tanışlıqlar əldə etmək üçün belə intellektual yarışmaların təşkil edilməsinin əhəmiyyətini qeyd edib. F. Qurbanov əlavə edib ki, dünya nə qədər “robotlaşmağa” doğru getsə də, ölkənin gələcəyi insan kapitalına bağlıdır və gənc nəslin nümayəndələri bütün yeni çağırışlara hazır olmalıdırlar. Texnoloji innovasiyalar dövründə yaşadığımızı diqqətə çatdıran gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib ki, gələcəyimizi texnologiyasız, innovasiyalarsız təsəvvür etmək artıq qeyri-mümkündür. Buna görə də dünyaya inteqrasiya və inkişaf üçün texniki elmlərə əhəmiyyət vermək lazımdır. Bunun üçün isə hər bir vətəndaşa lazım olan əsas xüsusiyyət vətənpərvərlik hissidir. Daha sonra Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov dövlət tərəfindən Azərbaycan gəncliyinə daim diqqət göstərildiyini qeyd edib. O əlavə edib ki, uşaqların potensialının üzrə çıxarılmasında əhəmiyyətli olan hakaton, həm də, gəncliyə verilən dəyərin nümunəsidir. Q. Xəlilov uşaqları rəqəmsal bacarıqlar ilə bağlı qrant müsabiqələrdə aktiv iştiraka dəvət edib. Türkiyənin Bahçeşehir Universitetinin dosenti Yavuz Samur, “Azərbaycan Uşaqlarının İnkişaf Platorması” İctimai Birliyinin icraçı direktoru Nurlan Cəbrayılzadə hakatonun uşaqlara verdiyi töhfəni qeyd ediblər. Daha sonra Komitənin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva tərəfindən “İTi Zəka-2” hakatonuna dair məlumatları özündə əks etdirən təqdimat nümayiş etdirilib. Hakatonun mərhələlərini və iştirakçıların hazırlığını əks etdirən videoçarx nümayiş etdirilib. Eyni zamanda hakatona hazırlıq müddətində uşaqlara müxtəlif mövzularda seminarlar keçən təlimçilərə təşəkkürnamələr təqdim edilib. Davamında Münsiflər tərəfindən qiymətləndirilən üç qalib komanda elan edilib. Belə ki, müsabiqədə birinci yeri “Versetech” komandası, ikinci yeri “SustainabiliTeens”, üçüncü yeri isə "Pedicare" komandası tutub. Tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, müsabiqənin məqsədi uşaqlara öz hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, innovativ həll yolları ilə bağlı təkliflər irəli sürmək üçün şərait yaratmaq, onlarda kreativ düşüncəni formalaşdırmaq, eyni zamanda, komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək olub.