Media
Xəbərlər

Rəqəmsal mühitdə uşaqların müdafiəsinə həsr olunmuş beynəlxalq konfransın açılış mərasimi keçirilib
23 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib. Konfrans Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın açılış nitqi ilə işə başlayıb. Bahar Muradova, konfransın uşaqların hüquqları, təhlükəsizliyi və gələcəyi naminə dövlətlərin və beynəlxalq tərəfdaşların birgə məsuliyyətinin ifadəsi olduğunu vurğulayıb və qonaqları multikultural dəyərlərin və dialoq mühitinin hökm sürdüyü Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib. O, rəqəmsal mühitin uşaqlar üçün mühüm inkişaf imkanları yaratmaqla yanaşı, real həyatları üçün qlobal miqyasda ciddi təhlükə və risklərlə də müşayiət olunduğunu qeyd edib. B.Muradova bildirib ki, uşaqların rəqəmsal mühitdə müdafiəsi insan hüquqları, milli təhlükəsizlik və davamlı inkişaf baxımından strateji əhəmiyyət daşıyır və bu sahədə beynəlxalq sənədlərdə nəzərdə tutulan əməkdaşlıq prinsipləri Azərbaycan tərəfindən milli siyasətdə ardıcıl şəkildə həyata keçirilir. 2025-ci ildə ölkədə “Rəqəmsal İnkişaf Konsepsiyası” və “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsi ilə süni intellekt və rəqəmsal texnologiyaların insan mərkəzli, etik və təhlükəsiz tətbiqinin prioritet kimi müəyyən edildiyi diqqətə çatdırılıb. Eyni zamanda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun bu sahədə fundamental hüquqi baza yaratdığı, qanun çərçivəsində yaş təsnifatı sisteminin tətbiq olunduğu, ekspert institutlarının formalaşdırıldığı, dövlət qurumları arasında koordinasiya mexanizmlərinin gücləndirildiyi vurğulanıb. Komitə sədri, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdə həyata keçirilən layihələr çərçivəsində müasir rəqəmsal həllərin tətbiqi uşaqlar üçün təhlükəsiz və inklüziv mühitin formalaşmasına xidmət etdiyini bildirib. Rəqəmsal risklərin sərhəd tanımadığı bir şəraitdə bu çağırışın yalnız milli deyil, qlobal əməkdaşlıq tələb etdiyini deyən sədr, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın himayəsi ilə keçirilən konfransı bu əməkdaşlıq üçün mühüm platforma adlandırıb.Qeyd edib ki, konfransın yüksək səviyyədə təşkilinə göstərilən bu himayə tədbirin məzmununa xüsusi dəyər qatmaqla yanaşı, uşaqların hüquqlarının müdafiəsi və onların təhlükəsiz sağlam inkişafının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və sistemli fəaliyyətin növbəti bariz nümunəsidir. B.Muradova konfransda İran, Türkiyə, Mərakeş, Qətər, Şimali Kipr Türk Cümhuriyyəti və digər tərəfdaş dövlətləri təmsil edən dəyərli həmkarlarının iştirakının ailə və uşaq siyasəti sahəsində regional dialoqun və humanitar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Çıxışın sonunda uşaqların rəqəmsal mühitdə müdafiəsində ailənin rolu, eləcə də ailədaxilində etibarlı və açıq ünsiyyət mühitinin qurulmasının vacibliyi vurğulanıb, valideynlərin rəqəmsal savadlılığının artırılmasının mühüm prioritetlərdən biri olduğu qeyd edilib. Çıxış edən İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian, rəqəmsal texnologiyaların sürətli inkişafının uşaqlar üçün yeni imkanlarla yanaşı, ciddi risklər də yaratdığını bildirib. O, uşaqların kiberməkanda təhlükəsizliyinin təmin edilməsinin qlobal çağırış olduğunu vurğulayaraq, İranın bu sahədə həyata keçirdiyi qanunvericilik, süni intellekt əsaslı məzmun tənzimlənməsi, valideyn nəzarət mexanizmləri və media savadlılığı proqramları barədə məlumat verib. Qeyd olunub ki, İranın Kiber Polisi və aidiyyəti qurumları valideynlər və uşaqlar üçün geniş maarifləndirmə kampaniyaları həyata keçirir, təhsil və sosial rifah qurumları isə bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Sonda Z.Pezeşkian uşaqların rəqəmsal hüquqlarının qorunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin və uşaqların rəqəmsal hüquqlarının qorunması üçün güclü beynəlxalq mexanizmlərin formalaşdırılmasının vacibliyini qeyd edib. Çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, uşaqların bu gün əldə etdikləri bilik və bacarıqlar onların gələcək inkişafını və cəmiyyətdəki rolunu müəyyən edir. Nazir, uşaqlar üçün internet imkanlarının tam şəkildə faydaya çevrilməsinin dövlət və valideynlərin birgə əməkdaşlığından asılı olduğunu dilə gətirib. R.Nəbiyev, Azərbaycan dövlətinin uşaqların rəqəmsal mühitdə təhlükəsiz və səmərəli inkişafını dörd əsas mərhələdə gördüyünü bildirib və əlavə edib ki, bunlar uşaqların internetə çıxış imkanlarının tam şəkildə təmin edilməsi, onlara rəqəmsal təhsilin verilməsi, normativ və hüquqi bazanın formalaşdırılması, həmçinin kiberməkanın dövlət tərəfindən tənzimlənmə mexanizmlərinin müəyyən olunmasıdır. O, son dörd il ərzində ölkədə internetə çıxış imkanlarının təxminən beş dəfə artdığını və bunun da uşaqların, gənclərin rəqəmsal resurslardan daha geniş istifadə etməsinə şərait yaratdığını söyləyib. Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, rəqəmsal mühitdə uşaqların qorunmasının dövlətlərin ortaq məsuliyyəti olduğunu vurğulayıb. Türkiyədə bu sahədə həyata keçirilən siyasətə toxunan nazir, 2024-2028-ci illəri əhatə edən “Ailənin qorunması və gücləndirilməsi üzrə Fəaliyyət Planı”nda rəqəmsallaşmanın əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. O, Türkiyə Uşaq Hüquqları Strategiya Sənədi, “Uşaqlara Dost Tətbiqlər” platforması və Sosial Media İşçi Qrupu vasitəsilə uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü vurğulayıb. M.Ö.Göktaş çıxışında bir sıra ölkələrdə uşaqların sosial mediaya çıxışı ilə bağlı tətbiq edilən məhdudiyyətlərə toxunaraq, Türkiyədə də rəqəmsal media və oyun platformaları üçün tənzimləyici nəzarət mexanizmlərinin tətbiqi üzərində iş aparıldığını bildirib. Qeyd edib ki, uşaqların psixoloji inkişafının alqoritmlərin təsiri altına düşməsinə yol vermək olmaz və Türkiyə bu sahədə öz təcrübəsini bölüşməyə, regional və qlobal əməkdaşlıqda fəal iştirak etməyə hazırdır. Çıxış edən Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri Naima Ben Yahya, uşaqların onlayn mühitdə müdafiəsinin müasir dövrdə uşaq siyasətinin əsas çağırışlarından biri olduğunu bildirib. Nazir qeyd edib ki, texnoloji transformasiyalar uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, onları zərərli məzmun, istismar və məxfilik riskləri ilə də üz-üzə qoyur və bu, dövlətlərdən daha çevik və effektiv yanaşmalar tələb edir. Naima İbn Yəhya çıxışında Mərakeşdə uşaqların müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, bu sahədə hüquqi və institusional mexanizmlərin gücləndirildiyini vurğulayıb. O, kibercinayətkarlıqla mübarizə, maarifləndirmə proqramları, təhlükəsiz internet təşəbbüsləri və valideynlərin rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu, rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunmasının qlobal prioritetə çevrildiyini bildirib və uşaqların onlayn mühitdə müdafiəsi istiqamətində həyata keçirilən institusional və hüquqi təşəbbüslərdən danışıb. O, bu sahədə hüquqi tənzimləmələrin gücləndirilməsinin, ailələrin və valideynlərin rəqəmsal savadlılığının artırılmasının vacibliyini qeyd edib. Nazir rəqəmsal təhdidlərin sərhəd tanımadığını vurğulayaraq, dövlətlər, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin birgə səylərinin uşaqlar üçün daha təhlükəsiz rəqəmsal gələcəyin qurulmasında həlledici rol oynadığını diqqətə çatdırıb. Çıxış edən Qətər Dövlətinin Sosial İnkişaf və Ailə Nazirliyinin ailə məsələləri üzrə köməkçi katibi Şeyxa Şaika bint Casim Al Thani rəqəmsal mühitin uşaqlar üçün yaratdığı risklərin açıq və tənzimlənməyən informasiya axını fonunda daha da artdığını bildirib. O, uşaqların onlayn təhlükəsizliyinin təmin edilməsinin fərdlərin, cəmiyyətin və dövlətin ortaq məsuliyyəti olduğunu vurğulayaraq, Qətərdə bu sahədə görülən əsas tədbirlərdən bəhs edib. Bildirib ki, müvafiq qanunvericilik gücləndirilib, Kiber Cinayətlərlə Mübarizə Mərkəzi yaradılıb, valideyn razılığı olmadan uşaqların şəxsi məlumatlarının toplanması qadağan edilib və “Təhlükəsiz Məkan” platforması istifadəyə verilib. 2025–2030-cu illəri əhatə edən Milli Strategiya çərçivəsində rəqəmsal təhlükəsizlik, kibermobbinqlə mübarizə və maarifləndirmə istiqamətində sistemli tədbirlər həyata keçirilir. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, rəqəmsal mühitdə mövcud risklərin xüsusilə əlilliyi olan, valideyn himayəsindən məhrum, müəssisələrdə yaşayan, aztəminatlı ailələrdən olan və ayrı-seçkiliyə məruz qalan uşaqlara daha ciddi təsir göstərdiyini deyib. O, rəqəmsal təhlükələrin qlobal xarakter daşıdığını və bu çağırışlara yalnız beynəlxalq əməkdaşlıq əsasında cavab verməyin mümkün olduğunu qeyd edib. V.Andreyeva, BMT-nin bu sahədə fəaliyyətinin normativ liderlik, uşaqyönümlü rəqəmsal siyasətlərin və onlayn təhlükəsizlik çərçivələrinin formalaşdırılması, məsuliyyətli innovasiya və süni intellektə etik yanaşmaların təşviqini əhatə etdiyini vurğulayıb. Əlavə edib ki, BMT Azərbaycanda uşaqlar üçün təhlükəsiz, inklüziv və hüquqlara əsaslanan rəqəmsal mühitin yaradılması istiqamətində milli qurumlarla əməkdaşlığı davam etdirməyə hazırdır. BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri Sofiya Kiladze çıxışında rəqəmsal mühit və süni intellekt dövründə uşaqların hüquqlarının qorunmasının dövlətlərin aparıcı rolu və beynəlxalq əməkdaşlıq olmadan mümkün olmadığını vurğulayıb. O qeyd edib ki, Uşaq Hüquqları Konvensiyası və uşaqların rəqəmsal mühitdə hüquqları ilə bağlı “Ümumi Şərh №25” dövlətlər üçün əsas yol xəritəsi rolunu oynayır. S. Kiladze süni intellektin uşaqların hüquqlarına uyğun şəkildə tətbiqi üçün ilk beynəlxalq istiqamətləndirici sənəd olan və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə hazırlanmış Süni İntellekt və Uşaq Hüquqları üzrə Birgə Bəyanatın 2026-cı ildə təqdim olunacağını deyib. Çıxışda uşaqların qorunmasında preventiv yanaşmanın, ailələrin gücləndirilməsinin, valideynlər və təhsil işçiləri ilə sistemli işin vacibliyi xüsusi vurğulanıb, bu sahədə milli və beynəlxalq səviyyədə konkret təşəbbüslərin həyata keçirilməsinin zəruriliyi qeyd olunub. Konfransda İSESKO-nun baş direktoru Salim Al Malikin adından çıxış edən müşavir Amira Al Fadil bildirib ki, rəqəmsal transformasiya uşaqlıq anlayışını köklü şəkildə dəyişib və bu gün dünyada internet istifadəçilərinin hər üç nəfərindən biri uşaqdır. Qeyd edilib ki, İSESKO uşaqların rəqəmsal mühitdə qorunması üçün psixoloji ilk yardım, onlayn və rəqəmsal zorakılığın qarşısının alınması, eləcə də süni intellekt üzrə etik çərçivələrin hazırlanması istiqamətində praktiki təşəbbüslər həyata keçirir və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsini vacib hesab edir. O, təşkilatın Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində İslam dünyası üçün İSESKO Süni İntellekt İndeksinin təqdim edildiyini vurğulayıb. Əlavə edib ki, bu sənəd süni intellektin insan mərkəzli, etik prinsiplərə və İslam dəyərlərinə uyğun tətbiqi üçün strateji istiqamət müəyyənləşdirir. Açılış nitqləri dinlənildikdən sonra konfrans panel sessiya ilə davam edib. Qeyd edək ki, konfransda yerli və xarici dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, mütəxəssislər və ekspertlər iştirak edirlər.

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək
23 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransın əsas məqsədi tərəfdaş ölkələrdən olan yüksək səviyyəli hökumət nümayəndələri və müvafiq sahənin ekspertlərini bir araya gətirərək mövcud məsələlərin müzakirəsini aparmaq və təcrübə mübadiləsini təmin etməkdir. Eyni zamanda, süni intellekt də daxil olmaqla, rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması sahəsində mövcud problemlər və çağırışlar müzakirə ediləcək, uşaqların zərərli informasiyadan qorunması üzrə milli və beynəlxalq təcrübə paylaşılacaq, rəqəmsal mühitdə uşaqların hüquqlarının müdafiəsində ailənin rolu vurğulanacaq, qlobal və regional əməkdaşlıq imkanlarının gücləndirilməsi məsələləri diqqət mərkəzində olacaqdır. Konfransda İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian, həmçinin Türkiyə, Mərakeş, Qətər və Şimali Kiprdən olan rəsmi şəxslər və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri (BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) sədri, İCESCO-nun baş direktorunun müşaviri) çıxış edəcək. Konfrans çərçivəsində “Rəqəmsal mühitdə təhlükələr: Həll yolları və müasir yanaşmalar” mövzusunda panel sessiya keçiriləcəkdir. Yekunda konfransın bəyannaməsi qəbul ediləcəkdir. Tədbir regionda və dünyada rəqəmsal mühitdə uşaqların müdafiəsi, eləcə də bu prosesdə ailənin rolunun artırılması istiqamətində əməkdaşlıq üçün mühüm platforma rolunu oynayacaq və gələcək birgə fəaliyyətlərə zəmin yaradacaqdır.

Beynəlxalq konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
23 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində iştirakçılar və ölkəmizdə səfərdə olan xarici qonaqlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət zamanı Ulu öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsinə dərin ehtiram ifadə olunub, məzarı önünə gül dəstələri düzülüb.

Məişət zorakılığının qarşısının alınması mövzusunda keçirilən silsilə təlimlər başa çatıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şəhər və rayon icra hakimiyyətlərinin Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları (MƏQ) üçün təşkil etdiyi məişət zorakılığının qarşısının alınması mövzusunda keçirilən silsilə təlimlər başa çatıb. Yekun təlim 19 dekabr 2025-ci il tarixində Şirvan şəhərində Saatlı, Sabirabad, Salyan, İmişli, Hacıqabul, Neftçala Rayon İcra Hakimiyyətlərində və Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış müvafiq monitorinq və əlaqələndirmə qruplarının üzvlərinin iştirakı ilə keçirilib. Şirvan şəhər icra hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva tədbir iştirakçılarını salamlayaraq, Şirvan şəhərində məişət zorakılığı ilə mübarizə istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış MƏQ-lərin fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutması vacibdir. O həmçinin bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi, rayon üzrə qeydə alınmış münaqişəli ailələrlə işin aparılması, risk qrupuna aid olan ailələrin aşkar edilməsi, sistemli fəaliyyət və xüsusilə bələdiyyələrin rolunun əhəmiyyətini diqqətə çatdırıb. Komitənin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlilini, nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı bağlı təlim iştirakçılarına tövsiyələr verib. Daha sonra Dövlət Komitəsinin əməkdaşı İradə Məmmədova çıxış edib. O, Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlər mövzusunda təqdimatla çıxış edib, yeni dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib. Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib, sonda iştirakçılara bukletlər təqdim edilib. Qeyd edək ki, təlimlər daha öncə Yardımlı (Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Lerik), Suraxanı (Bakı şəhəri üzrə bütün rayonlar və Abşeron rayonu, Sumqayıt şəhəri) və Tovuz (Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Tovuz) rayonlarında da keçirilib.

“İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Qəbələ, İsmayıllı, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 15-19 dekabr 2025-ci il tarixlərində təhsil müəssisələrində “İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Mərkəz əməkdaşları, informatika müəllimləri, valideyn və məktəblilərin iştirak etdiyi tədbirlərdə informasiya təhlükəsizliyi barədə məlumat verilib, cəmiyyətdə bu istiqamətdə zəruri bilik və bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edilib. İnternetdən istifadə zamanı diqqət edilməli vacib məqamlar, şəxsi məlumatların qorunması barədə zəruri tövsiyələr verilib, sosial mediadan düzgün istifadə qaydaları izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici material paylanılıb, mövzu ilə əlaqəli sosial çarx nümayiş etdirilib.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil edilib.
19 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) mediatur təşkil edilib. Tədbirdə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşları Sevil Rəsulzadə və Pərvanə Əsgərzadə çıxış ediblər. Bildirilib ki, mediaturun məqsədi mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq yaratmaq, həyata keçirilən sosial layihələr, uşaqlara və ailələrə göstərilən psixoloji, sosial və hüquqi dəstək mexanizmləri barədə ictimaiyyəti dolğun məlumatlandırmaqdır. Qeyd olunub ki, mediatur “2024–2026-cı illər üzrə Kommunikasiya Strategiyası”na uyğun olaraq təşkil edilib. Daha sonra iştirakçılar mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva çıxış edərək, əhali ilə aparılan sosial işlərin səmərəliliyinin artırılmasında regionlarda fəaliyyət göstərən Mərkəzlərin mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Dövlət Komitəsinin nəzdində ölkənin 11 rayonunda belə mərkəz fəaliyyət göstərir. Direktor mərkəzdə təşkil olunan inkişafetdirici məşğələlər, aktiv terapiya otağı, Denver II qiymətləndirmə proqramı, eləcə də psixoloq otaqlarının fəaliyyəti barədə ətraflı məlumat verib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov da iştirak edib. O, rayonda qadınların, uşaqların və ailələrin sosial rifahının yaxşılaşdırılması, onların hüquqlarının qorunması və psixoloji-sosial dəstəklə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra psixoloq Rəsul Rəhimli tərəfindən mərkəzin fəaliyyəti və statistik göstəriciləri əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Bahar Muradova Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların gücləndirilməsi naziri Tatjana Matsura ilə görüşüb
“Birgə fəaliyyətlər bizi hədəfə doğru daha sürətlə aparacaq” Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların gücləndirilməsi naziri Tatjana Matsura ilə görüşü zamanı deyib. Görüşdə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub. Dövlət Komitəsinin sədri Bahar Muradova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Serbiya və Azərbaycan xalqları arasında mövcud olan dostluq münasibətlərinə diqqət çəkən Komitə sədri bildirib ki, iki ölkənin prezidentləri və hökumətləri arasında formalaşmış yüksək səviyyəli əlaqələr xalqlar arasındakı münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir. Bahar Muradova vurğulayıb ki, müasir dünyada baş verən mürəkkəb proseslər və mövcud geosiyasi vəziyyət bütün ölkələri və onların siyasi rəhbərlərini müharibələrə son qoymağa, qlobal sülhün bərqərar olunmasına yönəlmiş addımlar atmağa sövq etməlidir. Bildirib ki, bu çağırışların mərkəzində xüsusilə qadınların, uşaqların və ailələrin rifahına xidmət edən mesajlar dayanmalıdır. Komitə sədri qeyd edib ki, bu istiqamətdə görülən işlər hər iki ölkənin insan kapitalına qoyulan mühüm investisiyalardır və səylərin birləşdirilməsi daha sürətli və daha səmərəli nəticələrin əldə olunmasına imkan yaradır. B.Muradova Serbiya nümayəndələrini Azərbaycana səfərə dəvət edərək, qarşıdakı dövrdə əməkdaşlığın daha da dərinləşəcəyinə inamını ifadə edib. Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların gücləndirilməsi naziri Tatjana Matsura diqqətə çatdırıb ki, Serbiyada qadınların reproduktiv sağlamlığı mövzusunda həyata keçirilən milli kampaniya çərçivəsində Dövlət Komitəsi ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Tatjana Matsura qeyd edib ki, kampaniyaya müxtəlif dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və özəl sektorun cəlb edilməsi planlaşdırılır və əsas məqsəd qadınların reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsinin gücləndirilməsidir. Nazir qadın hüquqlarına həsr olunacaq növbəti qlobal təşəbbüs çərçivəsində də qarşı tərəfi partnyor qismində iştiraka edib və bu əməkdaşlığın gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyinə əminliyini bildirib. Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

Bahar Muradova Belqradda “Lojionitsa” Mərkəzində olub
Serbiyada işgüzar səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Belqradda yerləşən kreativ sənayelər və innovasiya mərkəzi “Lojionitsa”nın fəaliyyəti ilə tanış olub. Ziyarət zamanı B.Muradovaya, “İdeyalar və ilham gələcəyə çevrilir” şüarı ilə fəaliyyət göstərən Mərkəzin sənət, texnologiya, elmi inkişaf və biznes sahələrini birləşdirən yeni tipli yaradıcılıq məkanı haqqında məlumat verilib. Həmçinin Mərkəzdə təşkil olunan kreativ və innovativ proqramlar, təhsil, yaradıcılıq və innovasiya üçün əməkdaşlıq imkanları, həmçinin musiqi, kino və incəsənət sahələrində təşkil olunan tədbirlər barədə də danışılıb. Sonda B.Muradova yerli medianın suallarını cavablandırıb.
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı brifinq keçirilib
18 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda brifinq keçirilib. Brifinq zamanı uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, zərərli informasiya riskləri və profilaktik tədbirlər barədə aktual məsələlər media nümayəndələrinin diqqətinə çatdırılıb. Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov rəqəmsal mühitdə uşaq hüquqlarının və üstün mənafelərinin qorunmasının əhəmiyyətini qeyd edib. Yeni texnologiyaların, o cümlədən süni intellektin inkişafı ilə meydana çıxan təhlükələrdən danışıb. Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov, Uşaqların zərərli informasiyadan qorunması haqqındaAzərbaycan Respublikasının Qanununda nəzərdə tutulan məqamları vurğulayıb, gələcəkdə ediləcək dəyişikliklərdən söz açıb. Bu sahədə dünya təcrübəsinin öyrənildiyini və gələcəkdə tətbiq ediləcəyini deyib. Ekspert Şurasının fəaliyyətindən danışan Komitənin Uşaq məsələləri şöbəsinin əməkdaşı Könül Tağıyeva, Şuranın fəaliyyətinin əsasında beynəlxalq təcrübənin öyrənilməsinin dayandığını bildirib. O, 2025-ci il ərzində Dövlət Komitəsi, Daxili İşlər Nazirliyini, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə paytaxtda fəaliyyət göstərən bir sıra əyləncə mərkəzi, oyun zalına baxış keçirildiyini, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələbləri barədə sahibkarlara tövsiyələr verildiyini diqqətə çatdırıb. Brifinqdə iştirak edən İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının üzvləri müvafiq sahədə görülən işlər barədə məlumat veriblər. Audiovizual Şuranın nümayəndəsi Ayxan Sadıqlı çıxışında vurğulayıb ki, uşaqların zərərli informasiyadan qorunması yalnız nəzarət və cəza mexanizmləri ilə məhdudlaşmamalı, eyni zamanda media subyektlərinin məsuliyyətli davranışı və cəmiyyətdə ictimai şüurun formalaşdırılması ilə daha effektiv şəkildə təmin olunmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Fatimə Eyyub uşaqların zərərli informasiyadan qorunması sahəsində milli qanunvericiliyə əsasən yayımlanması məhdudlaşdırılan məlumatlarla bağlı rəqəmsal xidmətə cavabdeh olan təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini bildirib. Brifinqin sonunda baş tutan sual-cavab sessiyasında uşaqların sosial mediada və internet məkanında təhlükəsizliyinin təmin edilməsi sahəsində görüləcək tədbirlərlə bağlı suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi