Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Qusarda “Qadınların seçkilərdə fəallığının yüksəldilməsi” mövzusunda tədbir keçirildi

09 yanvar 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı ilə, Qusar Qadın Resurs Mərkəzinin iştirakı ilə “Qadınların seçkilərdə fəallığının yüksəldilməsi”mövzusunda növbəti tədbir keçirilib. “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü Təranə Kərimova tədbiri giriş nitqi ilə açaraq, müasir dövrdə gender bərabərliyinin bütün sahələrdə olduğu kimi dövlət idarəetməsi və siyasi sferada da qorunmasının aktual olduğunu, Azərbaycan qadınlarının ölkəmiqyaslı tədbirlərdə daim aktivlik nümayiş etdirməsinin sevindirici hal olduğunu qeyd edib. Daha sonra Qusar Dairə Seçki Komissiyasının sədri Cəlil İbrahimov seçki prosesində qadınların fəallığının nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayıb. Qusar rayon Mərkəzi Xəstəxanasının həkimi Xuraman Əliyeva, şəhər 2 saylı tam orta məktəbin müəllimi Rima Cavadova da çıxış edərək, Qusar qadınlarının rayon üzrə fəallığından danışıblar. Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb. Tədbirdə 105 qadın iştirak edib.

Ətraflı
Bələdiyyə seçkisinə hazırlıq məqsədilə növbəti görüş Sumqayıtda keçirilib

8 yanvar 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın təşkilatçılığı, Sumqayıt şəhər Qadın Resurs Mərkəzinin iştirakı ilə “Bələdiyyə seçkisində qadınların fəallığını yüksəldilməsi” mövzusunda görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Bərabər İnkişaf Naminə Koalisiyanın sədri Təranə Kərimova ölkəmizdə 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkisində qadınları fəal iştiraka, ən əsas vətəndaş hüququndan istifadə etməyə çağırıb. 42 saylı Sumqayıt seçki dairəsinin sədri Təravət Rəsulova, 45 saylı seçki dairəsinin sədri Məhəbbət Məmmədova hazırda ölkədə keçirilən seçkiyə hazırlıq prosesi və seçki prosedurları haqqında məlumat veriblər. Görüşdə çıxış edən Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva, 6 saylı məktəbin direktoru Qönçə Səttərova , Qadın Resurs Mərkəzinin rəhbəri Günel Ələkbərova qadınların ictimai-siyasi həyatda aktiv iştirakının əhəmiyyətini vurğulayaraq, hər kəsi növbəti seçkidə fəal olmağa çağırıblar.

Ətraflı
Bələdiyyə seçkisində qadınların fəallığının artırılması məqsədilə layihə başladılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın təşkilatçılığı, Qadın Resurs Mərkəzlərinin iştirakı ilə “Bələdiyyə seçkisində qadınların fəallığının yüksəldilməsi” layihəsinə start verilib. Layihə çərçivəsində respublikanın şəhər və rayonlarında fəal qadınlarla görüşlər keçiriləcək, seçki ilə bağlı maarifləndirici söhbətlər aparılacaq. İlk belə görüş 7 yanvar 2025-ci il tarixində Xəzər rayonu Qadın Resurs Mərkəzində baş tutub. Tədbirdə çıxış edən “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü Təranə Kərimova ölkədə aparılan dövlət qadın siyasəti, bələdiyyə seçkisində qadınların aktivliyinin əhəmiyyəti və rolu barədə iştirakçılara ətraflı məlumat verib. Daha sonra çıxış edən MSK-nın 12 saylı Xəzər birinci seçki dairəsinin nümayəndəsi Mütəllim Balaqardaşov bələdiyyə seçkisinin qaydaları, eləcə Xəzər rayonu üzrə qeydiyyatdan keçən qadın namizədlərin sayı barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb. Məlumatda Xəzər rayonunda fəaliyyət göstərən 8 bələdiyyə üzrə üzvlüyə 180 nəfərin namizədliyinin qeydə alındığı, onlardan 42%-nin (75 nəfər) qadınlar olduğu bildirilib. Xəzər QRM kooridnatoru Lalə Cəfərova çıxış edərək rayonda qadınlara göstərilən sosial iqtisadi dəstəkdən danışıb. Gənclər evi üzvləri, rayon qurumlarının nümayəndələri, sahibkar qadınların iştirak etdiyi görüşdə suallar cavablandırılıb, müzakirə aparılıb.  

Ətraflı
Dövlət Komitəsinin “Ailəm Könüllüləri” “Park Bulvar” Ticarət Mərkəzinin dəstəyi ilə ekoloji aksiya keçirib

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailəm Könüllüləri” “Park Bulvar” Ticarət Mərkəzinin dəstəyi ilə ekoloji aksiya keçirib. Aksiya zamanı könüllülər Ticarət Mərkəzinin ziyarətçilərinə toxumlar paylayıblar. Bu təşəbbüs ətraf mühitin və bitki örtüyünün mühafizəsinə diqqət çəkmək məqsədi ilə keçirilib.  

Ətraflı
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib

Azərbaycan Respublikasında uşaq hüquqlarının inkişafı istiqamətində normativ hüquqi aktların təkmilləşdirilməsi prosesi davam edir. Belə ki, 24 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən aşağıdakı yeni sənədlər təsdiq olunmuşdur: ·         “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu; ·    “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Qeyd edilən dəyişikliklər aşağıdakı məsələləri əhatə edir:       1. Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətin keyfiyyətinə dair tələblər təsdiq ediləcək.   ”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş yeni 29-1-ci maddəyə əsasən, dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətin keyfiyyətinə dair tələblərə uyğun olaraq göstəriləcək. Qanunvericiliyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin formalarından biri olaraq, uşaq müəssisələrində keçirilən monitorinqlər zamanı qeyd edilən tələblər nəzərə alınacaq.        2. Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar təsdiq ediləcək.  ”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əlavə edilən ikinci hissəyə əsasən,  uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Qeyd edilən monitorinqin aparılması üçün dövlət orqanları (qurumları) fəaliyyət istiqamətləri üzrə həmin meyarlara uyğun olaraq  cari il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumatları (göstəricilər əvvəlki illə müqayisəli şəkildə olmaqla) növbəti il yanvarın 15-dək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edəcəklər. Yuxarıda qeyd olunan dəyişikliklər uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsinə və BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının müddəalarından irəli gələrək ölkəmizin üzərinə düşən öhdəliklərin daha səmərəli şəkildə yerinə yetirilməsinə şərait yaradacaqdır.

Ətraflı
Dövlət Komitəsinin əməkdaşları üçün onlayn təlimlər keçirilib

24-25 dekabr 2024-cü il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün  “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “İnsan resurslarının idarə edilməsi” mövzularında onlayn təlimlər keçirilib. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın tələblərinə uyğun olaraq keçirilən təlimlərdə Dövlət İmtahan Mərkəzinin nümayəndələri Gündüz Əhmədli və Miranə Abbasova tərəfindən hər iki mövzu ilə bağlı ətraflı izah verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı
Məişət zorakılığının qarşısının alınması mövzusunda təlimlər yekunlaşıb

25 dekabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon icra hakimiyyətlərinin Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üçün təşkil etdiyi məişət zorakılığının qarşısının alınması mövzusunda təlimləri başa çatıb. Ümumilikdə 4 rayonu əhatə edən təlim proqramı çərçivəsində son təlim Ağstafa Rayonunda Ağstafa, Qazax, Şəmkir, Tovuz və Gədəbəy Rayon İcra Hakimiyyətlərində yaradılmış müvafiq monitorinq və əlaqələndirmə qruplarının üzvləri üçün keçirilib. Təlimin məqsədi monitorinq və əlaqələndirmə qruplarının üzvlərini “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlərlə tanış etmək, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində profilaktik işin görülməsi, eyni zamanda Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlilinin aparılması, nöqsanların aradan qaldırılmasıdır. Ağstafa RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova təlim iştirakçılarını salamlayaraq, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış monitorinq və əlaqələndirmə qruplarının zorakılıqla mübarizə sahəsində öz fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri rəhbər tutduqlarını vurğulayıb. Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarını təhlil etmiş, nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı tövsiyələr verib. Həmçinin Komitənin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorunin əməkdaşı Rahil Süleymanzadə müvafiq monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti və hüquqi müstəvidə görülməli olan tədbirlər, Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanuna edilən yeni düzəlişlər mövzusunda təqdimatla çıxış edib. Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib, sonda iştirakçılara bukletlər təqdim edilib. Qeyd edək ki, təlimlər daha öncə Lerik (Astara, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Lerik), Balakən (Şəki, Zaqatala, Qax, Oğuz) və Xızı (Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən) rayonlarında da  keçirilib.

Ətraflı
Gender bərabərliyi mədəniyyətinin təbliği mövzusunda elmi seminar keçirilib

24 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlər və tələbələr üçün “Gender bərabərliyi mədəniyyətinin təbliği və beynəlxalq təcrübə” adlı elmi seminar keçirilib.    Universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva seminarı giriş sözü açaraq, dövrümüzün aktual problemlərinə toxunub, gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.  Məruzə ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva  gender bərabərliyinin təmin olunması istiqamətində aparılan dövlət siyasəti, mövcud qanunvericilik aktları və institusional mexanizmlər haqqında ətraflı məlumat verib. Həmçinin bu sahədə beynəlxalq təcrübə və Azərbaycan hökumətinin 1995-ci ildə qoşulduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası”ndan irəli gələn tövsiyyələrin icrası ilə bağlı həyata keçirilən tədbirlər və təqdim edilən dövri hesabat haqqında danışıb. O, COP29 Konfransı çərçivəsində qəbul edilən 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı haqqında iştirakçıları məlumatlandırıb.  Komitənin Qadın və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova ’“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatını və ictimai həyatın bütün sahələrində kişi və qadınların təmsilçiliyi ilə bağlı mövcud vəziyyəti, statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb. Seminar müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.  

Ətraflı
BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi Qrupun ilk iclası keçirilib

24 dekabr 2024-cü il tarixində Dövlət Komitəsində BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi Qrupun ilk iclası keçirilib. Çıxış edən Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Konvensiyasının icrasına dair altıncı dövri məruzə ilə bağlı CEDAW Komitəsinin yekun tövsiyələri barədə İşçi Qrupun üzvlərinə məlumat verib. Qeyd olunub ki, sonuncu dövri hesabatın yekun müşahidələrinə əsasən Azərbaycana bir sıra tövsiyələr verilib. Ötən iki il müddətində qeyd edilən tövsiyələrin icrasına dair ciddi irəliləyişlərin əldə olunduğunu bildirən Komitə rəsmisi, xüsusilə qanunvericilikdə edilən dəyişikliklərə diqqət çəkib. İclasda ölkə Prezidentinin Sərəncamı ilə yaradılmış İşçi Qrupun üzvləri-Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak edib. İclas çərçivəsində təhsil, səhiyyə, məşğulluq, iqtisadi, sosial imtiyazlar, ədalət mühakiməsinə çıxış, qadınların vəziyyətinin yaxşılaşdırılması üçün milli mexanizmlər və digər tövsiyələr ətrafında müzakirə aparılıb.  

Ətraflı