Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
İnformasiya məhsullarının istehsalçıları və yayıcıları üçün XƏBƏRDARLIQ

İnformasiya məhsullarının istehsalçıları və yayıcılarının nəzərinə çatdırırıq ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən, informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz. İnformasiya məhsulunun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən müstəqil şəkildə və ya Qanunun 4-cü fəslinə müvafiq olaraq ekspertin iştirakı ilə həyata keçirilir. İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması həmin Qanuna əsasən hazırlanmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli, 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na uyğun olaraq  aparılır. Uşaqların ziyarət etməsi və ya olması qadağan olunmayan yerlərdə, o cümlədən uşaqların informasiya məhsullarına girişi mümkün olan ictimai yerlərdə uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının inzibati, texniki proqram vasitələri tətbiq edilmədən yayılmasına yol verilmir. Eyni zamanda bildiririk ki, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması halları AR İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur (fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir). Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 31-5 – 31-11-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar aşkarlandıqda müvafiq qurumlar adından nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən protokol tərtib edilir. Uşaqların zərərli informasiyadan qorunması məsələsinin əhəmiyyətini nəzərə alaraq, informasiya məhsulu istehsalçıları və yayıcılarından qanunvericiliyin tələblərinə məsuliyyətlə  yanaşmağı, həssas olmağı xahiş edirik. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun icrasında ictimai nəzarətin önəmini vurğulayaraq, hər kəsi bu istiqamətdə aparılan dövlət siyasətinə töhfə verməyə çağırırıq. Uşaqları zərərli informasiyadan qoruyaq! Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Maddə 388-2. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması

Ətraflı
“Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib

  Azərbaycan Respublikasında gender bərabərliyinin təmini sahəsində həyata keçirilən tədbirlərin davamı kimi yeni “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilmişdir.   Milli Fəaliyyət Planında qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Milli Fəaliyyət Planın hədəfləri - beynəlxalq təcrübədən yararlanmaqla gender bərabərliyinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi,  gender bərabərliyinə dair dövlət siyasətinin həyata keçirilməsi üzrə qurumlararası əlaqələndirmə mexanizminin yaradılması, qadınların ictimai-fəallığının artırılması, əmək bazarında gender fərqlərinin aradan qaldırılması, təhsil müəssisələrində gender bərabərliyinin tədrisi, gender bərabərliyini təbliğ və təşviq edən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin göstərilməsi, qadınların rəqəmsal savadlılığının artırılması, sosial cəhətdən həssas qrupdan olan qadınların tibbi, psixoloji, sosial və hüquqi yardımlara çıxış imkanlarının genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan qadınların sosial-iqtisadi ehtiyaclarının müəyyənləşdirilməsi, gender bərabərliyi mədəniyyətinin təbliğində və cinsi mənsubiyyətə görə ayrı-seçkiliklə mübarizədə medianın rolunun artırılması, qadınların iqlim dəyişiklikləri ilə mübarizə üzrə fəaliyyətə cəlb olunmasıdır. Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı

Ətraflı
Uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə müvafiq dövlət qurumları ilə birgə uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir. 2025-ci ilin aprel ayından etibarən Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə paytaxtın Səbail, Nəsimi, Nərimanov və Nizami rayonu ərazisində fəaliyyət göstərən əyləncə mərkəzlərinə və oyun zallarına baxış keçirilib. Monitorinq zamanı uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələbləri barədə sahibkarlara tövsiyələr verillib, “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici vəsait təqdim olunub.  Hal-hazırda paytaxtın digər rayonları üzrə birgə monitorinqlərin keçirilməsi davam edir.  

Ətraflı
Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb

25 dekabr 2025-ci il tarixində BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyevanın Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş keçirilib. Qonağı salamlayan Bahar Muradova Azərbaycanın BMT və onun qurumları ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, ailə, qadın və uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayaraq, bu əməkdaşlığın ölkədə sosial siyasətin inkişafına mühüm töhfə verdiyini qeyd edib. BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisiVladanka Andreeva isə Azərbaycandakı fəaliyyəti dövründə əldə etdiyi təcrübədən məmnunluq duyduğunu bildirib, bu illərin onun peşəkar və şəxsi həyatında dəyərli iz buraxdığını vurğulayıb. O, Azərbaycan tərəfi ilə qurulan tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. B.Muradova Komitənin gələcək dövrdə də BMT ilə əməkdaşlığa xüsusi önəm verəcəyini, birgə təşəbbüslərin davamlı olmasının prioritetlər sırasında yer aldığını bildirib. O, Vladanka Andreevanın Azərbaycanda həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı ötən illər ərzində BMT-nin Azərbaycan ofisi ilə Dövlət Komitəsi arasında formalaşmış uğurlu əməkdaşlıq modeli və bu əməkdaşlığın Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” əsasında davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı
“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində görkəmli pedaqoq Səidə İmanzadənin xatirəsi anılıb

25 dekabr 2025-ci il tarixində “Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Maarifçilik yolunda davamlı irs: Səidə İmanzadə-115” adlı tədbir keçirilib. Görkəmli pedaqoq, Əməkdar müəllim Səidə İmanzadənin anadan olmasının 115 illiyinə həsr olunan tədbirin məqsədi onun pedaqoji irsinin təbliği, eləcə də gənc qızların təhsilinin dəstəklənməsi, maarifçilik ənənələrinin təşviqidir. Öncə Bakı–Qrozni marşrutu üzrə uçuş həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev, Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa diqqət çəkib, “Qızların Təhsilinə Dəstək” layihəsinin əhəmiyyətinə toxunub. Bu təşəbbüsün illər keçdikcə bəhrəsinin daha aydın hiss olunacağını bildirib. E.Babayev, Səidə İmanzadənin Azərbaycan təhsil tarixində önəmli yer tutduğunu, siyasi və mədəni həyatda mühüm rol oynadığını və fəaliyyətinin bu gün də aktual olduğunu vurğulayıb. Rektor S.İmanzadənin BDU-nun nüfuzlu müəllimlərindən biri kimi bu gün də xoş xatirələrlə yad edildiyini, elmi və maarifçilik fəaliyyətinin, xüsusilə də gənclər üçün dəyərli nümunə olduğunu qeyd edib. Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan cəmiyyətinin intellektual və mənəvi inkişaf tarixində qadınların xüsusi yeri olduğunu vurğulayıb, qadınların təhsili və tərəqqisi, cəmiyyətdə rolunun dəyişməsi, siyasi proseslərə qatılması üçün çalışan maarifçi qadınları xatırlayıb. Hənifə Məlikova-Zərdabi kimi qadınların irsinin bu gün də aktuallığını qoruduğunu qeyd edən Komitə sədri, bu ideyaların hazırda dövlət siyasəti və konkret layihələr vasitəsilə davam etdirildiyini deyib. Qızların təhsilinin cəmiyyətin davamlı inkişafında mühüm rol oynadığını bildirən sədr, artıq beş ildir həyata keçirilən “Qızların Təhsilinə Dəstək” layihəsi haqqında danışıb. Layihənin regionlarda yaşayan, sosial baxımdan həssas ailələrdən olan qızların ali təhsilə çıxış imkanlarını genişləndirərək, qadın təhsilinin cəmiyyətin inkişafında həlledici rolunu dəstəklədiyini bildirib. BDU-nu elm və təhsil məbədi adlandıran B.Muradova, həm də layihənin ən fəal tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. Görüşün təyyarə qəzasının ildönümünə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığını qeyd edən sədr, Milli Qəhrəman Hökumə Əliyevanın timsalında fədakarlığın qadınlara xas yüksək mənəvi keyfiyyət olduğunu vurğulayıb. Maarifçi qadınların mirasını dəyərlər sistemi kimi qiymətləndirən sədr, S.İmanzadənin pedaqoq, alim və ictimai xadim kimi fəaliyyətinin maarifçi qadınların ümumi irsinin parlaq təcəssümü olduğunu deyib. Bu irsin qorunmasının və gənc nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.B.Muradova bu gün layihə iştirakçılarının maarifçi qadınların ideya davamçıları kimi əldə etdikləri bilik və imkanları cəmiyyətin inkişafına yönəltməli olduqlarını diqqətə çatdırıb. Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan qadınının tarixən ağlı, zəkası, fədakarlığı və vətənpərvərliyi ilə seçildiyini qeyd edib. O, Ümummilli lider Heydər Əliyevin qadınların cəmiyyətin inkişafında rolunun gücləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Hicran Hüseynova S.İmanzadənin, qızların və qadınların təhsili naminə böyük səylər göstərdiyini bildirib, onun elmi fəaliyyətindən və qadın hərəkatının inkişafına verdiyi töhfələrdən bəhs edib. Səidə İmanzadənin tələbələri olmuş Milli Məclisin deputatı Anar İsgəndərov və tarix elmləri doktoru, professor İradə Hüseynova onun nümunəvi pedaqoq, müəllim kimi müsbət keyfiyyətlərindən, yetirdiyi nəslin cəmiyyətə verdiyi töhfələrdən bəhs ediblər. Çıxışlarda S.İmanzadənin Azərbaycan maarifçiliyində və elm tarixində mühüm rolu vurğulanıb, zəngin elmi-pedaqoji fəaliyyəti, mənalı ömür yolu, milli təhsilin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib, şəxsiyyətinin bu gün də gənclər və elm adamları üçün nümunə olduğu qeyd edilib. S.İmanzadəyə həsr olunmuş “Nura boyanmış ömür” kitabının müəllifi, yazıçı-jurnalist Xeyrulla Ağayev gənclərə, elm adamlarına nümunə olan bu mənalı ömür yolundan, onun elmi fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Bildirib ki, S. İmanzadə BDU-nun tarix fakültəsinin dekanı olarkən xalqımızın ümummilli lideri Heydər Əliyev bu fakültədə təhsil almış, onun sevimli tələbəsi olmuşdur. O,  S. İmanzadəni xalqın taleyində müstəsna rol oynamış, qadınların azadlığı, tərəqqisi uğrunda fəadakarlıq göstərmiş ziyalı adlandırıb. Sonda çıxış edən Mübariz İmanzadə anası haqqında xatirələrini bölüşüb, tədbirin təşkilinə görə minnətdarlığını bildirib. Müzakirələr zamanı çıxış edən alim və ziyalılar S.İmanzadənin gənc nəslin formalaşmasında, xüsusilə qadınların təhsil və ictimai fəallığının artırılmasında göstərdiyi xidmətləri vurğulayıblar.  

Ətraflı
Bahar Muradova Azərbaycan Din Xadimlərinin II Forumunda çıxış edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 24 dekabr 2025-ci il tarixində “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxış edib.   Komitə sədri bildirib ki, din və dövlət münasibətlərinin balanslı şəkildə, konstitusion əsaslar üzərində qurulması cəmiyyətin sabitliyini, multikultural harmoniyanı və insan ləyaqətinə hörməti təmin edir. Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşadığı unikal məkan olduğunu qeyd edən Bahar Muradova  bildirib ki, Konstitusiyada təsbit edilən dünyəvi dövlət modeli, dini etiqad azadlığının təmin olunması və dövlətin bütün dinlərə bərabər, ədalətli münasibəti bu ənənənin hüquqi əsasını təşkil edir. Bu model bu gün regional və qlobal miqyasda maraqla öyrənilən və uğurlu nümunə kimi dəyərləndirilir. B. Muradova vurğulayıb ki, Azərbaycan Din Xadimlərinin II Forumunun keçirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq ölkədə dövlət–din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişaf etdirilməsinə, dünyəvilik və vicdan azadlığı kimi fundamental dəyərlərin qorunmasına verilən yüksək önəmin bariz ifadəsidir. Ölkə başçısının müəyyən etdiyi dövlət siyasətinin mərkəzində məhz güclü ailə, sağlam mənəviyyat və sosial ədalət dayanır. Komitə sədri əlavə edib ki, mənəvi gücün əsas dayaqlarından biri qadının iqtisadi cəhətdən gücləndirilməsidir və bu harmoniyanın formalaşmasında dini icmaların, din xadimlərinin, maarifləndirici sözün və düzgün təqdim olunan dini dəyərlərin rolu xüsusi əhəmiyyət daşıyır.“Müasir dövrdə qadınlar bir sıra çağırışlarla üz-üzədirlər. Ailə və ictimai həyat arasında balansın qorunması, informasiya məkanında mənəvi təsirlər, sosial təzyiqlər və yanlış dini yozumlar bu çağırışların əsasını təşkil edir. Bu nöqtədə dini icmaların üzərinə böyük məsuliyyət düşür”, – deyə Bahar Muradova qeyd edib. Azərbaycanda mövcud dəyərlər sisteminin qadını hörmət edilən, qorunan, inkişaf edən və qərar verən şəxsiyyət kimi təqdim etdiyini vurğulayan Komitə sədri bildirib ki, multikulturalizm və dini dözümlülük bu dəyər sisteminin mühüm tərkib hissəsidi. Onun sözlərinə görə, həqiqətlərin düzgün izahı və təbliği dini liderlərin mənəvi missiyasıdır. Qadınların ailə və cəmiyyət qarşısında üzərlərinə düşən missiyanı uğurla yerinə yetirməsi təkcə hüquqi mexanizmlərlə deyil, həm də mənəvi və ictimai dəstək tədbirləri ilə mümkündür və bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Komitə sədri bildirib ki, birgə həyata keçirilən təşəbbüslər çərçivəsində ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadınlara qarşı zorakılığın dini dəyərlərə zidd mahiyyətinin izahı, uşaqların sağlam mənəvi mühitdə böyüməsinin təşviqi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür: “Azərbaycan beynəlxalq aləmdə qadın hüquqlarının qorunması, tolerantlıq və dinlərarası dialoq sahəsində nümunəvi ölkə kimi tanınır və bu uğurun arxasında dövlət siyasəti ilə yanaşı, cəmiyyətin bütün institutlarının, o cümlədən dini icmaların məsuliyyətli mövqeyi dayanır” – deyə o çıxışına əlavə edib. Konfransın davamında dünyəvilik və vicdan azadlığı kimi konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.  

Ətraflı
“Rəqəmsal mühitdə təhlükələr: Həll yolları və müasir yanaşmalar” mövzusu müzakirə edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən konfrans çərçivəsində “Rəqəmsal mühitdə təhlükələr: Həll yolları və müasir yanaşmalar” mövzusu müzakirə edilib.  "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın eksperti, ADA Universitetinin professoru Təbriz Raufoğlunun moderatorluğu ilə baş tutan panel sessiyada İSESCO-nun (Rabat) Baş ofisinin, Sosial və humanitar elmlər sektorunun İnsan elmləri bölməsinin rəhbəri Dinara Quliyeva, Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər İdarısinin müdiri Alev Ecevit, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Esmira Qasımova və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin sədri Kəmalə Aşumova iştirak edib.  Çıxış edən İSESCO-nun (Rabat) Baş ofisinin, Sosial və humanitar elmlər sektorunun İnsan elmləri bölməsinin rəhbəri Dinara Quliyeva bildirib ki, rəqəmsal mühit uşaqlar üçün böyük imkanlar yaratmaqla yanaşı, kiberzorbalıq, zərərli məzmun və dezinformasiya kimi ciddi risklər də yaradır. Uşaqların onlayn qorunması yalnız texniki tədbirlər deyil, həm də etik yanaşma, mədəni dəyərlərin qorunması və psixi sağlamlıq dəstəyi tələb edir.  O diqqətə çatdırıb ki, ICESCO-nun təşəbbüsü ilə  İslam dəyərlərinə əsaslanan Süni İntellekt İndeksini və müxtəlif sosial-təhsil təşəbbüslər həyata keçirilir. Təşkilat zorbalığa qarşı mübarizə, psixi sağlamlığın gücləndirilməsi və rəqəmsal savadlılığın artırılmasını prioritet hesab edir. Bu istiqamətdə məktəblər, ailələr və icmalar üçün maarifləndirici resurslar və proqramlar təqdim olunur. “Uşaqların təhlükəsiz rəqəmsal mühitdə inkişafı dövlətlərin, beynəlxalq təşkilatların və cəmiyyətin birgə məsuliyyətidir” - deyən D. Quliyeva yalnız əməkdaşlıq yolu ilə uşaqlar üçün daha təhlükəsiz və inklüziv rəqəmsal gələcək qurmağın mümkünlüyünü vurğulayıb. Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər İdarəsinin müdiri Alev Ecevit isə qeyd edib ki, rəqəmsallaşma uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, kiber zorakılıq və onlayn istismar kimi ciddi riskləri də artırmışdır. KKTC-nin kiçik və qapalı cəmiyyət quruluşu bu halların bildirilməsini çətinləşdirir və erkən müdaxiləni məhdudlaşdırır. O bildirib ki, bu səbəbdən uşaqların rəqəmsal mühitdə qorunması üçün uşaq mərkəzli, çoxpaydaşlı və dayanıqlı bir modelin formalaşdırılması zəruridir: “Sosial Xidmətlər İdarəsi, təhsil sistemi, polis və vətəndaş cəmiyyəti arasında institusionallaşdırılmış əməkdaşlıq erkən aşkarlama və effektiv müdaxilə baxımından həlledici rol oynayır” - deyə əlavə edib. Bildirilib ki, ailələrin rəqəmsal valideynlik bacarıqlarının gücləndirilməsi və məktəb əsaslı qabaqlayıcı proqramların yayğınlaşdırılması əsas prioritetlər sırasında yer almalıdır. Rəqəmsal savadlılığın erkən yaşlardan təhsil sisteminə inteqrasiyası uşaqların risklərə qarşı davamlılığını artıracaqdır. Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Esmira Qasımova çıxışında diqqətə çatdırıb ki, rəqəmsal mühitdə psixoloji manipulyasiya əsasən istifadəçilərin emosiyalarına və davranışlarına təsir göstərmək üzərindən həyata keçirilir. Sosial şəbəkə alqoritmləri, hədəflənmiş reklamlar, saxta profillər və manipulyativ məzmunlar istifadəçilərin maraqlarını, qorxularını və zəif nöqtələrini nəzərə alaraq formalaşdırılır. Bu cür hallarla mübarizənin əsas yolu texniki nəzarətdən daha çox maarifləndirmə və davranış bacarıqlarının formalaşdırılmasıdır. O əlavə edib ki, aktual tendensiyalardan biri süni intellektin uşaqlar üçün “etibarlı mənbə” kimi qəbul edilməsi riskidir. Digər mühüm risk isə şəxsi məlumatların süni intellekt sistemlərinə nəzarətsiz ötürülməsi və bunun nəticəsində məxfiliyin pozulmasıdır: “Bu səbəbdən diqqət edilməli əsas məqamlar maarifləndirmənin məzmununun yenilənməsi, süni intellektlə bağlı risklərin ayrıca izah edilməsi və tənqidi düşünmə bacarıqlarının gücləndirilməsidir” - deyə o vurğulayıb.  2025-ci ilin 11 ayı ərzində Azərbaycan Uşaq Qaynar Xəttinə 4265 müraciətin daxil olduğunu diqqətə çatdıran “Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin sədri Kəmalə Aşumova bildirib ki, bizi rəqəmlərdən daha çox narahat edən, tendensiyanın dəyişməsidir. Əvvəllər daha çox fiziki və ya emosional zorakılıqla üzləşirdiksə, indi rəqəmsal terror ön plana keçir. Qlobal mənzərə də eynidir. Avropada son dörd ildə 1.3 milyon zorakılıqla bağlı müraciət qeydə alınıb. Təkcə keçən il 80000 uşaq kiberbullinq səbəbindən yardım istəyib. Ən qorxulusu isə texnologiyanın sürətidir. O qeyd edib ki, süni intellektin inkişafı ilə cinayətkarlar artıq real görüntülərə ehtiyac duymadan uşaqların sosial şəbəkələrdəki adi şəkillərindən istifadə edərək ağır istismar materialları yarada bilirlər və bu, uşaq istismarını normallaşdıran son dərəcə təhlükəli bir tendensiyadır. Uşaqlar bu hallarla üzləşdikdə çox vaxt qorxu və utanma səbəbindən susur, kömək üçün isə zəngdən çox rəqəmsal və anonim kanallara üstünlük verirlər. Bu reallıq göstərir ki, effektiv müdafiə yalnız hüquqi tədbirlərlə deyil, eyni zamanda psixoloji dəstək və rəqəmsal təhlükəsizlik mexanizmlərinin birgə işləməsi ilə mümkündür. K. Aşumova vurğulayıb ki, dövlət qurumları, texnologiya şirkətləri, vətəndaş cəmiyyəti və medianın vahid yanaşması olmadan bu təhlükələrin qarşısını almaq mümkün deyil. Hər bir uşaq həm real, həm də rəqəmsal mühitdə təhlükəsiz uşaqlıq hüququna malikdir və bu hüququ qorumaq hamımızın ortaq məsuliyyətidir. Panel müzakirə sualların cavablandırılması, təklif və tövsiyələrin səsləndirilməsi ilə davam edib. Bildirilib ki, effektiv qorunma yalnız texnoloji həllərlə məhdudlaşmamalı, eyni zamanda hüquqi mexanizmlərin təkmilləşdirilməsi, psixoloji dəstəyin gücləndirilməsi, ailələrin və uşaqların rəqəmsal savadlılığının artırılması ilə müşayiət olunmalıdır. Uşaqlar üçün təhlükəsiz, inklüziv və dayanıqlı rəqəmsal mühitin formalaşdırılmasının ümumi məsuliyyət olduğu və bu istiqamətdə birgə addımların atılmasının vacibliyi xüsusi vurğulanıb. Konfrans çərçivəsində Bəyannamə qəbul edilib.  Dövlət Komitəsinin sədri Bahar Muradova yekun nitqi ilə çıxış edərək bildirib ki, bu gün keçirilən beynəlxalq konfrans müxtəlif ölkələrin nümayəndələrinin müsbət təcrübələrinin paylaşılması, ölkələr arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və birgə fəaliyyətin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, təşkil olunan tədbirlər yalnız o zaman məqsədinə çatır ki, göstərilən səylər gələcəyə yönəlik strateji baxışların formalaşmasına xidmət etsin və öz məntiqi nəticəsini tapsın. B. Muradova qeyd edib ki, konfrans boyunca səsləndirilən fikirlər, təqdim olunan təcrübələr və paylaşılan yanaşmalar bir daha sübut etdi: uşaqların rəqəmsal mühitdə müdafiəsi təkcə ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın ortaq məsuliyyətidir. Bu sahədə spesifik platformaların yaradılması, mövcud beynəlxalq şəbəkələrin və əməkdaşlıq mexanizmlərinin daha da intensivləşdirilməsi, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Komitə sədri aktual məsələlər ətrafında imkan və səylərin birləşdirilməsinin vacibliyini vurğulayaraq, konfransda səslənən fikirlərin, mütəxəssislər tərəfindən təklif olunan həll yollarının, alətlərin, eləcə də çərçivə və standartların önəmini qeyd edib. O, tədbirin yekununda qəbul edilən bəyannamədə əks olunan müddəaların bu formatda əməkdaşlığın davamlılığını təmin edəcəyinə əminliyini ifadə edib. Gələcəyə yönəlik planların uğurla reallaşdırılması üçün hüquqi çərçivələrin müəyyənləşdirilməsinin vacib olduğunu bildirən B. Muradova vahid yanaşmaların formalaşdırılmasının və birgə həll mexanizmlərinin yaradılmasının zəruriliyini diqqətə çatdırıb. Sonda xatirə fotosu çəkilib.

Ətraflı
Bahar Muradova ilə İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian arasında görüş keçirilib

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian arasında görüş baş tutub. Görüşdə Bahar Muradova Azərbaycan–İran münasibətlərinin dərin tarixi köklərə söykəndiyini vurğulayaraq, iki ölkənin qonşu və dost dövlətlər kimi regionda baş verən proseslərə əməkdaşlıq ruhunda yanaşdıqlarını bildirib. O, dövlət başçıları və parlamentlər arasında əlaqələrin genişləndiyini qeyd edərək, İranla müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu diqqətə çatdırıb. Bahar Muradova həmçinin qeyd edib ki, bugünkü beynəlxalq konfrans Heydər Əliyev Fondunun himayəsi ilə keçirilir və bu, tədbirin əhəmiyyətini bir daha göstərir. Zəhra Pezeşkian konfransda iştirakdan məmnunluğunu ifadə edərək, İran Prezidentinin iki ölkə arasında mövcud müsbət münasibətləri nəzərə alaraq onun tədbirdə iştirakını yüksək qiymətləndirdiyini bildirib. O, İran və Azərbaycan arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığın qurulması, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürüb. Görüş gələcək birgə təşəbbüslərlə bağlı məsələlərin müzakirəsi ilə davam edib.

Ətraflı
Bahar Muradova Mərakeşin ailə və sosial inteqrasiya naziri ilə görüşüb

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri Naima Ben Yahya ilə görüşü baş tutub. Görüş zamanı ailə və uşaq siyasəti sahəsində qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib, bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın, o cümlədən İSESKO kimi beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər rəqəmsal mühitdə uşaqların qorunması üzrə vahid yanaşmaların formalaşdırılmasının və təcrübə mübadiləsinin xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Həmçinin bu sahədə dialoqun davam etdirilməsinə, institusional əməkdaşlığın möhkəmləndirilməsinə və uşaqların hüquqlarının müdafiəsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsinə hazır olduqlarını ifadə ediblər.

Ətraflı