Media
Xəbərlər
Uşaq Səfirlər Məclisinin dövlət qurumlarının rəhbərləri ilə ənənəvi hal almış görüşləri davam edir
VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində növbəti görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş tutub. Görüş zamanı nazir Sahil Babayev uşaqları maraqlandıran sualları cavablandırıb. O, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dəstək, azyaşlı uşaqların əməyindən sui-istifadə hallarının qarşısının alınması, işğaldan azad olunmuş ərazilərdə yaşayan ailələrə göstərilən dəstək tədbirləri, eləcə də DOST TV-nin fəaliyyəti barədə ətraflı məlumat verib. S. Babayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən Azərbaycan Uşaqlarının Forumlarının uşaqların ictimai fəallığının artırılması, onların öz hüquqlarına dair qərarların qəbulu prosesində təşəbbüslər irəli sürmək imkanına yiyələnməsi və s. baxımından əhəmiyyətini qeyd edib. Nazir hər bir vətəndaşın cəmiyyətdəki rolunun önəmini vurğulayaraq, iştirakçılara tövsiyələrini verib, onlara uğurlar diləyib.
Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə görüşüb
Cari ilin 5 dekabr tarixində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində Uşaq Səfirlər Məclisi üzvlərinin dövlət orqanları rəhbərləri ilə görüşləri təşkil edilib. Məclis üzvlərinin ilk görüşü Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə keçirilib. Görüş zamanı T.Musayev Forumun uşaqların həyatında əhəmiyyətli hadisə olduğunu və onların gələcək inkişafına təkan verdiyini bildirib. Həmçinin, tədbirin ekologiyaya həsr olunmasını yüksək qiymətləndirərək, təmiz ətraf mühitin insanların sağlamlığına müsbət təsirindən bəhs edib. Daha sonra Teymur Musayev Forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Sonda səmimi görüşə görə cənab nazirə təşəkkür edən uşaqlar dövlətimizin onlara olan qayğısını hər zaman hiss etdiklərini bildiriblər. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2009-cu ildən etibarən Azərbaycan Uşaqlarının Forumlarını keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə həmin ildən başlayaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan Forumların keçirilməsi artıq ənənə halı alıb. Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir. Belə ki, Forumlar uşaqların iştirakı ilə uşaqlar tərəfindən idarə olunan bir tədbirdir.
VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində növbəti görüş Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş tutub
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində növbəti görüş Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş tutub. Görüş zamanı iqlim dəyişikliyinin təsirləri, su qıtlığı, təbiətin mühafizəsi və su ehtiyatlarının səmərəli istifadəsi müzakirə edilib. Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkəmizdə reallaşacaq COP29 tədbirinə hazırlıq işlərindən və bu qlobal tədbirin həm Azərbaycan, həm də dünya ictimaiyyəti üçün əhəmiyyətindən bəhs edib. Nazir işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji bərpa işləri və bu ərazilərin yenidən yaşıl və məhsuldar torpaqlara çevrilməsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. Yekunda M.Babayev ətraf mühitin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayaraq, iştirakçılara bu istiqamətdə aktiv fəaliyyətlərinə görə təşəkkürünü bildirib.
“Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda görüş keçirilib
Bölgələrdə əhali arasında keçirilən maarifləndirici görüşlərin davamı olaraq 24 oktyabr 2024-cü il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 1 nömrəli orta məktəbdə qadın və qızlar üçün “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək, uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni şəkildə pozulması hallarının doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulmasına yol açdığını vurğulayıb. Sonra ekspert qismində çıxış edən Səhiyyə Nazirliyinin İSİM-in həkim-metodisti Zümrüd Kazımova hamiləliyin süni yol ilə pozulmasının fəsadlarından danışıb, tədbir iştirakçılarına ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunmasına dair tövsiyələrini verib. Görüşdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təkilatçısı Qədir Bağırov iştirak edib. Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb. Görüşdən 117 nəfər iştirakçı faydalanıb.
Uşaq Səfirlər Məclisinin növbəti görüşü Elm və Təhsil Nazirliyində baş tutub
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri elm və təhsil naziri Emin Əmrullayevlə görüşüblər. Görüş zamanı Emin Əmrullayev artıq ənənə halını almış Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətinə toxunub, uşaqların inkişafında təhsilin önəmindən danışıb. Görüşdə uşaqların təhsil hüquqları, məktəb kitabxanaları, olimpiadalar, elektron dərsliklər və digər mövzularda müzakirələr aparılıb. Uşaqları maraqlandıran sualları cavablandıran nazir onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Uşaq Səfirlər Məclisinin üzvləri də öz növbələrində faydalı görüşə görə elm və təhsil nazirinə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, uşaqların ictimai fəallığının artırılması və bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2009-cu ildən etibarən beş dəfə Ümumrespublika Uşaq Forumu təşkil edilib. Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda ölkəmizdən 300-dən çox uşağın, qardaş Türkiyədən isə 10 uşağın iştirakı nəzərdə tutulub.
Hacıqabulda vətəndaş qəbulu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 noyabr 2024-cü il tarixində, saat 11:00-da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin müraciətlərinə baxılacaq.
Millət vəkili Səməd Seyidov Uşaq Səfirlər Məclisinin Qazax rayonu üzrə region nümayəndələri və fəalları ilə görüşüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Milli-mənəvi dəyərlərimizdən gələcəyə baxış" adlı silsilə tədbir çərçivəsində millət vəkillərinin uşaqlarla növbəti görüşü Qazax rayonunda baş tutub. Komitənin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin region nümayəndələri və fəalları üçün nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində 22 oktyabr 2024-cü il tarixində Qazax rayonunun millət vəkili Səməd Seyidov Uşaq Səfirlər Məclisinin Qazax rayonu üzrə region nümayəndələri və fəalları ilə görüşüb. Görüşdə Qazax rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal və başqaları iştirak ediblər. Millət vəkili Səməd Seyidov Uşaq Səfirlər Məclisinin fəaliyyəti ilə yaxından maraqlanaraq dəyərli tövsiyələrini verib. Şagirdlərin hərtərəfli inkişafını şərtləndirən məntiqi təfəkkürün, əzmkarlığın, müstəqil və kollektiv iş bacarıqların inkişaf etdirilməsini vacibliyini qeyd edən millət vəkili, müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafında məhz vətənpərvər, savadlı, istredadlı, sağlam, yaradıcı gənclərin yetişməsinin vacibliyini vurğulayaraq, bu yolda gənclərə uğurlar arzulayıb. Görüş müzakirələrlə və uşaqların suallarının cavablandırılması ilə davam edib.
Azərbaycan ilə BMT-nin müxtəlif qurumları, o cümlədən Cenevrədəki ofisi arasında uğurlu əməkdaşlıq həyata keçirilir
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb. Nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. "Azərbaycanın BMT-yə üzv olduğu müddətdən ötən dövrdə Qarabağ probleminin həlli münasibətlərdə həmişə xüsusi yer tutub. Biz BMT və digər təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərə, həm də Qarabağ probleminin həllinə nail olmaqda əsas vasitə kimi baxmışıq. Artıq Qarabağ problemi həll olunduğu üçün münasibətlərimizə yeni prizmadan baxırıq və hazırda əməkdaşlığımızı genişləndirmək üçün digər sahələri nəzərdən keçirməliyik", - deyə Komitə sədri vurğulayıb. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Pekin öhdəliklərinə qoşulan zaman ərazi və insan itkisinə məruz qalan, bütün sahələrdə ciddi çətinliklərlə qarşılaşan Azərbaycan bu problemlərə baxmayaraq, götürdüyü öhdəliklərə sadiq qalmaqla yanaşı, onun uğurla həyata keçirilməsinə də nail olub. Müstəqilliyin bərpasından keçən otuz ildə uğurlu inkişaf yolu keçən Azərbaycanın Qarabağ problemini öz gücü hesabına həll etdikdən sonra regoinda sülhün bərqərar olmasına böyük əhəmiyyət verdiyini və bu istiqamətdə mühüm addımlar atdığını deyən Bahar Muradova diqqətə çatdırıb ki, Pekin öhdəliklərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq birgə fəaliyyətimizin əsas məqsədi olaraq qalır. Azərbaycan bu istiqamətdə, o cümlədən qadın hüquqlarının, gender bərabərliyinin təmin olunması, qadınların səlahiyyətlərinin artırılması kimi öhdəliklərin icrasında böyük uğurlar qazanıb. Komitə sədri dünyada, müharibə və münaqişələrin, iqlim dəyişikliyinin milyonlarla insan, o cümlədən qadınlar üçün də ciddi problemlər yaratdığını qeyd edərək, hazırda bəşəriyyətin bu çətinlikləri həll etmək məcburiyyətində qaldığını diqqətə çatdırıb. Bahar Muradova ölkəmizdə gender bərabərliyinin təmin olunması üçün həm parlament, həm də hökumət səviyyəsində genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayaraq, bu sahədə BMT-nin Cenevrədəki ofisi ilə də əməkdaşlığın önəmini vurğulayıb. Azərbaycanın gələn ay COP29-a ev sahibliyi edəcəyini xatırladan nümayəndə heyətinin rəhbəri bu mötəbər tədbir çərçivəsində mədəniyyət, qadınlar, gənclərlə bağlı bir sıra sessiyaların da təşkil olunacağını diqqətə çatdırıb. Xüsusi vurğulanıb ki, Azərbaycan dünyada sülh və sabitlik, iqlim məsələləri ilə bağlı ciddi təhdidlərin olduğu bir dövrdə bu mühüm problemlərin müzakirə olunacağı COP29-u təşkil etmək kimi mühüm missiyanı üzərinə götürüb. Tatyana Valovaya bildirib ki, BMT-nin müxtəlif qurumları, o cümlədən Cenevrədəki ofisi ilə Azərbaycan hökuməti və parlamenti arasında uğurlu əməkdaşlıq həyata keçirilir və Azərbaycan bu baxımdan müsbət nümunə təşkil edir. O, Azərbaycanın maddi-mədəni irsinin təbliği istiqamətində BMT-nin Cenevrədəki ofisi ilə birgə müxtəlif tədbirlərin keçirildiyini məmnunluqla xatırladaraq, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və ölkəmizin digər qurumları ilə səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini vurğulayan T.Valovaya iki il əvvəl Heydər Əliyev Mərkəzində özünün təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının dəstəyi ilə “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərginin təşkilinin əhəmiyyətini xüsusi vurğulayıb. T.Valovaya dünyada gərginliyin artdığı, yeni münaqişələrin yarandığı bir vaxtda otuz ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişənin yaxın vaxtlarda sülh müqaviləsi ilə başa çatacağına ümidvar olduğunu vurğulayaraq, danışıqlar prosesində məsələlərin 80 faizdən çoxunun razılaşdırılmasını məmnunluqla qeyd edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan parlamentinin də BMT-nin qurumları, o cümlədən Cenevrədəki ofisi arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O, BMT-nin Cenevrədəki ofisi ilə birlikdə təşkil olunan “Çağırışın 17 siması” adlı fotosərginin ilk dəfə məhz Bakıda, Heydər Əliyev Mərkəzində açılmasını bu əməkdaşlığın uğurlu nümunəsi olduğunu qeyd edib.Azərbaycanda qadın hüquqlarının, gender bərabərliyinin təmin olunması istiqamətində parlament və dövlət səviyyəsində mühüm addımların atıldığını vurğulayan Hicran Hüseynova bu baxımdan məişət zorakılığının, gender əsaslı halların, erkən və yaxın qohumlar arasında nikahların qarşısının alınması ilə bağlı mühüm qanunların qəbul olunması və addımların atılması barədə məlumat verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu məsələlərə həssaslıq göstərməsi bu sahədə mühüm uğurların əldə olunmasına ciddi təsir göstərib. Söhbət zamanı işğaldan azad olunmuş ərazilərdə qadınların bacarıqlarının inkişaf etdirilməsi, imkanlarının artırılması məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb. Görüşdə azad olunan ərazilərdə görülən işlər və yaradılan şəraitlə tanışlıq məqsədilə BMT-nin Cenevrədəki ofisinin Baş direktoru ölkəmizə səfərə dəvət olunub.
Bahar Muradova BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean ilə görüşüb
Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oktyabrın 21-də BMT Baş katibinin müavini və BMT-nin Avropa üzrəİqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean ilə görüşüb.