Media
Xəbərlər
Qadın hüquqları və gender bərabərliyi sahəsində Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) Cenevrədəki nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones və "UN Women"in Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb. Görüşdə Azərbaycan ilə BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin Cenevrədəki nümayəndəlik ofisi arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Bu əməkdaşlığın bir sıra sahələri əhatə etdiyi, gender bərabərliyi və qadınların hüquqları ilə yanaşı, onların iqtisadi müstəqilliyi, məşğulluq məsələləri ilə bağlı bir sıra birgə layihələrin həyata keçirildiyi qeyd olunub. Nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycanın BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisi ilə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycanda qadınların hüquqlarının qorunmasına, xüsusilə həssas təbəqədən olan qadınların problemlərinin həllinə böyük diqqət yetirilir, regionlarda müvafiq dəstək və resurs mərkəzləri fəaliyyət göstərir. Ölkəmizdə qadınların hüquq və azadlıqlarının təmin olunması, gender bərabərliyi sahəsində dövlət və parlament səviyyəsində ardıcıl tədbirlər reallaşdırılır, qanunvericilik bazası daha da təkmilləşdirilir, mütərəqqi qanunlar qəbul edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın hüquqları və gender bərabərliyi ilə bağlı vacib qanunların qəbul edildiyini diqqətə çatdırıb, bu sahədə dövlət və parlament arasında nümunəvi əməkdaşlıqdan söz açıb. O, Azərbaycanın sahədəki təcrübəsinə bir sıra ölkələr tərəfindən böyük maraq göstərildiyini qeyd edib. Söhbət zamanı Azərbaycanda qadınların iqtisadi fəallığının artırılması, xüsusilə onların kənd təsərrüfatında uğurlu fəaliyyətinin təmin edilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, ölkəmizdə qadınların bilik və bacarıqlarının artırılması, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün maliyyə resurslarına çıxış imkanları asanlaşdırılır, qadın sahibkara aşağı faizli kreditlər ayrılır. Bu sahədə görülən işlər uğurlu nəticələr verir. Belə ki, Elektron Kənd Təsərrüfatı Sistemində qeydiyyatda olan 683 mindən çox fermerin 26 faizini qadın fermerlər təşkil edir. Həmçinin işğaldan azad olunan ərazilərin minalarla çirkənlədirilməsinin Qarabağda və Şərqi Zəngəzurda digər sahələrlə yanaşı, insanların, xüsusən qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə ciddi maneə olduğu da vurğulanıb. B.Muradova Bakıda keçiriləcək COP29 çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə 21 noyabr - Gender Bərabərliyi Günü münasibətilə beynəlxalq tədbirin keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycanın Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını vurğulayan Komitə sədri həmin tədbirdə iştirak etmək üçün ICESCO-nun Baş katibinin də dəvət olunduğunu bildirib.
Regionlarda növbəti “Açıq qapı” günü keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününü keçirəcək. “Açıq qapı” günü 31 oktyabr 2024-cü il tarixində, saat 10:00-dan 15:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar
Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti BMT-nin Cenevrə ofisində yerləşən “Azərbaycan” otağında yaradılan şəraitlə tanış olub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Cenevrə ofisində yerləşən “Azərbaycan” otağında yaradılan şəraitlə tanış olub. Azərbaycanın BMT-nin Cenevrədəki ofisində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov nümayəndə heyətinə otaqda yaradılmış şərait barədə məlumat verib. 2007-ci ildə istifadəyə verilən “Azərbaycan” otağında sonradan təmir işləri aparılaraq 2023-cü ildə yenidən açılışı olub. Ən yüksək texnologiyalar əsasında təmir edilən otaqda çoxlu sayda monitor, kamera, audio-video avadanlıq və aksesuar quraşdırılıb. Otaq, həmçinin qabaqcıl proqramlaşdırma ilə təmin olunub. Yaradılan texnoloji həllər qlobal şəkildə sinxronlaşdırılmış görüşlərin, təqdimatların və iclasların keçirilməsinə imkan verir. “Azərbaycan” otağının tərtibatında milli elementlərə də xüsusi yer ayrılıb. Burada Qarabağ xalçası, şəbəkə eksponatı, muğam alətləri nümayiş etdirilir. Xatırladaq ki, BMT-nin Cenevrə ofisində az sayda ölkə öz otağını yaratmağa nail olub. Ölkə otaqları BMT-nin müxtəlif tədbirləri zamanı fərqli sessiyaların, iclasların və müxtəlif formatlı görüşlərin keçirilməsi üçün istifadə olunur. Sonra nümayəndə heyətinin üzvləri ölkəmizin BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə 2017-ci ilin oktyabrında BMT-nin Cenevrə ofisində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında ucaldılan, Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı abidəsinə baxıblar.
COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu BMT-nin Cenevrədə keçirilən tədbirində çıxış edib
COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova oktyabrın 22-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə Cenevrədə keçirilən “Pekin+30” Regional Baxış Görüşü çərçivəsində təşkil olunan “Gender fərqinin aradan qaldırılması: Avropa İqtisadi Əməkdaşlıq (ECE) regionunda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün effektiv siyasətlər” mövzusunda sessiyada çıxış edib. L.Həsənova çıxışında iqlim dəyişikliyinin mövcud gender bərabərsizliyini daha da dərinləşdirdiyini, xüsusilə qadınların və qızların fəaliyyətini, sağlamlığını və təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.
Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı beynəlxalq konfransda iştirak edir
Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı beynəlxalq konfransda iştirak edir. Azərbaycan nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işə başlayan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə keçirilən "Pekin+30" Regional Baxış Görüşünün açılış mərasimində iştirak edib. BMT Baş katibinin müavini və Birləşmiş Millətlər Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra BMT Qadınlar Təşkilatının Normativ Dəstək, BMT Sistem Koordinasiyası və Proqram nəticələri üzrə icraçı direktorun müavini Nyaradzayi Qumbonzvanda və Parlamentlərarası İttifaqın Baş katibi, Beynəlxalq Gender Çempionları Qlobal Şurasının sədri Martin Çunqonq çıxış ediblər. “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” mövzusuna həsr olunan tədbirdə açılış çıxışlarından sonra təşkilati məsələlərə baxılıb, tədbirin gündəliyi səsə qoyularaq qəbul edilib və sədr seçilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova "Pekin+30" Regional Baxış Görüşünün "Avropa İqtisadi Komissiyası (ECE) Regionu üzrə gender bərabərliyi ilə bağlı əsas tendensiyalar" mövzusunda sessiyasında məruzə ilə çıxış edib. Azərbaycanın son otuz ildə bu sahədə qazandığı təcrübəni bölüşməyə hazır olduğunu vurğulayan B.Muradova qeyd edib ki, müstəqilliyimizin bərpasından sonra üzləşdiyi çağırışlara, ərazi və insan itkilərinə baxmayaraq, bərabər hüquqlar məsələsi ölkəmiz üçün yalnız öhdəlik kimi deyil, həm də milli dəyər kimi qəbul edilib. Ölkədə bu sahədəki qanunvericilik bazasından söz açan sədr məlumat verib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı 10 qanun, 12 normativ akt, 4 fəaliyyət planı, 1 strategiya qəbul edilərək həyata keçirilib, CEDAW tövsiyələrinə uyğun olaraq, gender bərabərliyi ilə bağlı problemləri həll etmək üçün yeni hüquqi tədbirlər reallaşdırılıb. Hazırda ailə qanunvericiliyinin təkmilləşdirilməsi, Məişət Zorakılığına qarşı ikinci Milli Fəaliyyət Planının və Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsinin hazırlanması üzərində iş aparılır. Qadınlar üçün iş məhdudiyyətlərinin azaldıldığını, ödənişli atalıq məzuniyyəti haqqında yeni qanunun hazırlandığını vurğulayan B.Muradova, gender bərabərliyini təşviq etmək, qadınların səlahiyyətlərini artırmaq, məişət zorakılığına qarşı mübarizə aparmaq, həm mərkəzi, həm də yerli səviyyədə monitorinq qrupları kimi institusional mexanizmləri gücləndirmək üçün qanunvericiliyə dəyişikliklər edildiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, Birinci Pekin Konfransından ötən müddətdə Azərbaycan öhdəliklərini həyata keçirmək və qadınlarımızın səlahiyyətlərini gücləndirməyə kömək etmək üçün daim çalışıb. Belə ki, beş dəfə Azərbaycan Qadınlarının Qurultayı və bir dəfə Forumu keçirilib. İctimai-siyasi həyatda da mühüm irəliləyişlər əldə olunub. DİM kontekstində Dayanıqlı İnkişaf üzrə Milli Koordinasiya Şurası "2030 Gündəliyi" öhdəliklərinə nəzarət etdiyini bildirən sədr diqqətə çatdırıb ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasına dair dördüncü Könüllü Milli Hesabatını təqdim edən regionda ilk və dünyanın beş ölkəsindən biridir. Növbəti ayda Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini xatırladan B.Muradova konfrans çərçivəsində “Gender Günü”nün təşkil olunacağını vurğulayıb. Ölkəmizdə qadınların təhsil imkanlarının genişləndirilməsi məsələsinə də toxunan Komitə sədri bildirib ki, həssas qruplar xüsusi təqaüd proqramları vasitəsilə dəstəklənir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə Biznesinə Asan Dəstək (ABAD), Azərbaycan Kənd Qadınları və Qadın Sahibkarlıq assosiasiyaları, o cümlədən Qadın Resurs mərkəzləri qadınların imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd edən B. Muradova əlavə edib ki, buna görə də biz Pekin Bəyannaməsinə sadiq qalırıq və qadınların bütün sahələrdə bərabər iştirakına töhfə verməyə davam edəcəyik. Tədbir çərçivəsində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının həyata keçirilməsi istiqamətində regional tərəqqi və problemlər haqqında üzv dövlətlərin və vətəndaş cəmiyyətinin bəyanatları qəbul olunub. "Pekin+30" Regional Baxış Görüşünə oktyabrın 22-də yekun vurulacaq.
Bahar Muradova “Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” adlı yan tədbirdə çıxış edib
Cenevrədə keçirilən “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” görüşü çərçivəsində “Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” adlı yan tədbir təşkil edilib. Tədbirin moderatoru, BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones mühüm mövzuya həsr olunan tədbirin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul olunmasının gender bərabərliyinin qlobal əhəmiyyətini artırdığını və qadınların hüquqlarının müdafiəsi və onların iqtisadi gücləndirilməsi sahəsində müsbət nəticələrə gətirib çıxardığını vurğulayıb. B. Muradova, bu illər ərzində əldə edilən bir sıra müsbət rəqəmləri diqqətə çatdırıraq, ölkəmizdə qadınların kənd təsərrüfatı təhsilində iştirakını və müxtəlif layihələr vasitəsilə ixtisaslaşmalarını təşviq etməyə xüsusi diqqət yetirildiyini bildirib. O, Azərbaycanın Pekin Bəyannaməsinin 12 kritik sahəsinə sadiq olduğunu xatırladaraq, yan tədbirin rəqəmsallaşmanın yüksək standartlarını hədəfləyən islahatlar və texnologiyalar vasitəsilə gələcək fəaliyyətləri planlaşdırmaq və proqnozlaşdırmaq imkanı verəcəyinə inamını ifadə edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında gender bərabərliyinin inkişafı və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasının son vaxtlar beynəlxalq maliyyə mühitində əsas müzakirə mövzularından olduğunu qeyd edərək deyib ki, əmək bazarlarında gender fərqinin daralması inkişaf etməkdə olan bazarlarda və iqtisadiyyatlarda ümumi daxili məhsulun artırılmasına töhfə verə bilər. Kənd təsərrüfatının iqtisadiyyatın inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd edən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ölkədə kənd təsərrüfatı sahəsində qadın sahibkarların fəaliyyəti və onlar üçün yaradılan imkanlardan danışıb. Tədbirin davamında digər çıxışlar dinlənilib və müzakirə aparılıb. Qeyd edək ki, yan tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan), UN Women və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Ofislərinin (Food and Agriculture Organization of the United Nations (FAO)) birgə təşkilatçılığı ilə keçirilib.
Dövlət Komitəsinin sədri Bahar Muradova Cenevrədə səfərdədir
Azərbaycanın müvafiq dövlət qurumları nümayəndələrinin təmsil olunduğu nüməyəndə heyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Cenevrədə keçirilən “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” məqsədilə görüşdə iştirak edir. Görüşün təşkilatçıları Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisidir (UN Women Europe and Central Asia). Qeyd edək ki, görüşdən öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan), UN Women və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Ofislərinin (Food and Agriculture Organization of the United Nations (FAO)) birgə təşkilatçılığı ilə yan tədbir təşkil edilib.
Bu gün Zəngilan Şəhəri Günüdür
Müzəffər Ordumuzun döyüş meydanında göstərdiyi rəşadət sayəsində 44 günlük Vətən müharibəsi dövründə Zəngilan rayonunun işğaldan azad edilməsindən 4 il keçir.
“Süd vəzi xərçəngi-fərqindəlik” mövzusunda konfrans keçirilib
18 oktyabr 2024-cü il tarixində Ailə Qadın və Uşaq Komitəsi və Liv Bona Dea Xəstəxanasının birgə təşkilatçılığı ilə ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində “Süd vəzi xərçəngi-fərqindəlik” mövzusunda konfrans keçirilib. Konfransda qeyri-hökumət təşkilatlarının rəhbərləri, Komitə və Xəstəxananın əməkdaşları, həkimlər iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Xəstəxanın Baş Direktoru Taner Özbek ictimaiyyətin diqqətini süd vəzi xərçəngi ilə mübarizəyə yönəltmək məqsədilə təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, bütün dünya məhz oktyabr ayı bu mövzu ətrafında daha çox düşünür və müzakirələr aparır. T. Özbek xüsusilə qadınlar və uşaqlar üçün reallaşdırılan işlərdə və həyata keçirilən layihələrdə əməkdaşlığa maraqlı olduğunu vurğulayıb. Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, tədbirin məqsədi qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsüllarının əhəmiyyətini vurğulamaqdır. S. Qəhrəmanova ölkəmizdə əhalinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb. Qadın məsələləri sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının tədbirdə iştirakına diqqət çəkən sədr müavini bildirib ki, sıralarında çoxsaylı qadınları birləşdirən belə təşkilatlar süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə işinə töhfə verərək, əldə etdikləri məlumatları daha geniş kütləyə çatdıra bilərlər. Qeyd edib ki, xəstəliklə əlaqədar gənc nəslin maariflənməsi xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı Xəstəxananın müvafiq sahə üzrə peşəkar həkimləri mövzuya dair təqdimatla çıxış ediblər. Həkimlər tərəfindən xəstəliyin risk faktorları, onun əlamətləri, müayinə metodları barədə iştirakçılara geniş məlumat verilib, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodlarından bəhs edilib. Bildirilib ki, onkoloji xəstəliklərin erkən diaqnostikası və bu sahədə vətəndaşların məlumatlı olması xəstənin vaxtında müalicəyə cəlb edilməsi, yarana biləcək fəsadların qarşısının alınması baxımından faydalıdır. İctimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə süd vəzi xəçəngi ilə bağlı maarifləndirici materiallar paylanılıb.