Media
Xəbərlər

“Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda onlayn görüş keçirilib
2 avqust 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mediasiya Şurası ilə birgə əməkdaşlığı ilə “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda onlayn görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin nümayəndələri Gülnarə Məmmədova, Cəmilə Bağırova, Taliyə İbrahimova, Səmra Əliyeva, Mediasiya Şurasını təmsil edən Maksim Lətifov, Sadiq Bağırov və eyni zamanda 55 yerli icra hakimiyyətinin müvafiq nümayəndələr iştirak ediblər. Tədbirdə Mediasiya haqqında qanun, mediasiya xidmətləri barədə əhalinin məlumatlandırılması, əlçatanlığın artırılması, ailədaxili mübahisələr və bu mübahisələr zamanı xüsusilə uşaqların mənafeyinin qorunması ilə bağlı mövcud problemlər, həmçinin onların həlli istiqamətində təkliflər müzakirə edilib. Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Dövlət Proqramının icrası istiqamətində mövzu ilə bağlı görüşlərin davam etdirilməsi nəzərdə tutulub.

“Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə təşkil edilən Yay Təlim Proqramı uğurla yekunlaşdı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələdə tələbə jurnalistlər üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə təşkil edilən Yay Təlim Proqramı uğurla yekunlaşdı. 29 iyul - 2 avqust 2024-cü il tarixlərini əhatə edən proqramın son günündə “Sosial iş və media” mövzusunda çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva sosial işçinin bacarıqları, media nümayəndələrinin həssas təbəqəli insanlarla münasibətlərinin prinsipləri, intihar hadisələrinin işıqlandırılması qaydalarını diqqətə çatdırıb. O qeyd edib ki, yalnış məlumat yaymaqdan çəkinməklə, intiharın qarşısının alınması barədə ictimaiyyətə doğru məlumat vermək lazımdır. Aparat rəhbəri həssas mövzulu hadisələrin mediada düzgün yayımlanması ilə bağlı jurnalistlərə tövsiyələrini verib. Təlimin yekununda gənc jurnalistlərə fəal iştiraka görə sertifikatlar təqdim edilib. Qeyd edək ki, Yay Təlim Proqramı “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyasının” Fəaliyyət Planına uyğun olaraq, təşkil edilib.
Bahar Muradova “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclərlə görüşüb
Görüş iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, könüllülük fəaliyyətinin gənclərin bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində rolunu vurğulayıb. Sədr artıq bir neçə ildir ki, Komitə tərəfindən könüllülük proqramının həyata keçirildiyini və ötən ildən başlayaraq proqram çərçivəsində bir sıra yeniliklərin tətbiq olunduğunu, həmçinin müəyyən standartların və qaydaların qəbul olunduğunu bildirib. B.Muradova qeyd edib ki, könüllülük proqramı Prezident cənab İlham Əliyevin Sərəncamı əsasında ölkə üzrə daha geniş vüsət alıb və proqram çərçivəsində gənclər dövlət və ictimai həyata, ölkədə baş verən proseslərə fəal şəkildə cəlb olunur, cəmiyyət həyatına töhfə verirlər. Proqram çərçivəsində gənclərin həm də yeni bacarıq və səriştələr qazandığını vurğulayan sədr, bu hərəkatı gənclərin həyatında növbəti bir mərhələ adlandırıb, onların tərcümeyi-halının vacib hissəsinə çevrildiyini qeyd edib. B. Muradova bütün sahələrdə, xüsusilə də Komitənin fəaliyyət sahəsinə uyğun təhsil alan gənclərin, şəffaf şəkildə proqrama qoşulmaq imkanı olduğunu və “Ailəm” könüllüləri proqramının artıq Azərbaycanda brendə çevrildiyini vurğulayıb. Könüllülərin Komitənin müxtəlif layihə və tədbirlərində iştirakını xatırladan sədr, vaxtlarının səmərəli keçdiyini, burada topladıqları təcrübənin gələcək fəaliyyətlərində onlara fayda verəcəyinə inandığını bildirib. Çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, könüllülük proqramının növbəti mərhələsinin uğurla başa çatdığını qeyd edib. Proqram çərçivəsində könüllülərin 4 ay ərzində 50-ə yaxın tədbirdə fəal iştirak etdiyini diqqətə çatdıran A.Sofiyeva, onların bundan sonra da Komitənin fəaliyyətində aktiv iştirak edəcəyinə inamını ifadə edib. Daha sonra “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclər təqdimatla çıxış edərək, proqram çərçivəsində fəaliyyətləri barədə geniş məlumat veriblər. Tədbir zamanı fikirlərini bölüşən könüllülər, ilkin biliklərin təkmilləşdirilməsi, eləcə də təcrübə əldə olunması baxımından könüllülük fəaliyyətinin əhəmiyyət kəsb etdiyini qeyd ediblər və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. Görüş müzakirələrlə davam edib və sonda könüllülük fəaliyyətini uğurla başa vuran gənclər sertifikatla təltif olunub.
Bahar Muradova Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvləri ilə görüşüb
İştirakçıları salamlayan Dövlət Komitəsinin sədri B. Muradova, Uşaq Səfirlər Məclisinin könüllü fəaliyyət platforması kimi Komitənin uğurlu və perspektivli layihəsi olduğunu bildirib. B. Muradova cəmiyyətdə bu layihəyə böyük maraq olduğunu, Səfirlər Məclisinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanındığını söyləyib. Gənclərin müxtəlif sahələrdə qazandıqları uğurlara diqqət çəkən Komitə sədri, bunu həm ölkə səviyyəsində, həm də ondan kənarda Azərbaycan gəncliyinin yüksək səviyyədə təmsil olunması və ölkəmizin uğuru adlandırıb. Əldə edilən nailiyyətlərin ölkə Prezidenti cənab İlham Əliyevin gənclər, xüsusilə uşaqların və yeniyetmələrin sağlam, təhlükəsiz, azad, sərbəst, özünə inamlı şəkildə böyüdülməsinə yönəlmiş siyasətinin nəticəsi olduğunu qeyd edən B.Muradova bildirib ki, Dövlət Komitəsi də öz fəaliyyəti ilə bu siyasətə töhfə verir. Səfir uşaqların istedadı və bacarığı haqqında müşahidələrini və fikirlərini bölüşən sədr, gələcəkdə onlara burda qazandıqları təcrübə və biliklərin faydalı olacağını bildirib. O, Komitənin uşaqların inkişafı ilə bağlı uğurla reallaşdırdığı bu layihəni gələcək üçün faydasını verən sərmayə adlandırıb, səfirlərin daha sonra layihənin dayanıqlılığının təmin edilməsi missiyasını öz üzərinə götürən Azərbaycan Uşaqlarının İnkişaf Platformasında təmsil olunaraq, fəaliyyətlərini davam edəcəklərini qeyd edib. B. Muradova cəmiyyətdə baş verənlərə gənclərin öz münasibət və yanaşmasının əhəmiyyətini qeyd edərək, özündən əvvəlki nəsillərin fikirlərinə hörmət və ehtiram göstərmələrini tövsiyə edib. Gənclərin həyatlarının növbəti mərhələsinə qədəm qoyduqlarını vurğulayan sədr, bu yolda onlara uğurlu fəaliyyət arzulayıb, Azərbaycan naminə çalışmağı qarşıya hədəf qoyacaqlarına ümidini ifadə edib. Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, bu gün Uşaq Səfirlər Məclisinin sıralarında olmağa, bu prosesdə iştirak etməyə uşaqlar tərəfindən xüsusi maraq var. O, Məclisin 4 il ərzində fəaliyyətini yüksək qiymətləndirərək vurğulayıb ki, Məclis öz işini səmərəli aparmaqla günbəgün inkişaf etdi, peşəkarlığı artdı və öz əhatə dairəsini genişləndirdi. Qazandıqları uğurlara görə səfirləri təbrik edən A. Sofiyeva, onlara müvəffəqiyyətlər arzu edib. Çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova Məclisin regional və məktəb nümayəndəlikləri ilə işinin əhəmiyyətini vurğulayıb. O uşaqların Səfirlər Məclisinə seçim turu haqqında məlumat verərək, qeyd edib ki, müsabiqəyə 4 yer uğrunda müstəqil özünü ifadə etmə bacarığına, ictimai fəallığa, liderlik keyfiyyətinə malik 13-16 yaş qruplarından olan 120 uşağın müraciəti qeydə alınıb. Ali məktəbə qəbul olmaqları ilə bağlı məclisdə fəaliyyəti başa çatmış səfirlər çıxış edərək qeyd edib ki, ötən dövr ərzində uşaq hüquqları istiqamətində maarifləndirilmə işinin aparılması, uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılması istiqamətində həyata keçirilmiş layihələrdə böyük səylə iştirak etmələri onların inkişafına töhfə verib. Onlar burada qazandıqları bacarıqların gələcək fəaliyyətlərində də yararlı olacağına əminliyini ifadə ediblər. Daha sonra Məclisin sıralarına yeni qatılan uşaqlar özləri haqqında məlumat verərək, uşaq səfirləri olaraq bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildiriblər. Uşaq Səfirlər Məclisinin üzvü seçilmələri ilə bağlı qürur hissi keçirdiklərini ifadə edən uşaqlar, Məclisdə uşaqların səsi olaraq onları layiqincə təmsil edəcəklərini bildiriblər. Yekunda Komitə sədri yeni seçilmiş üzvlərin hər birini bir daha ürəkdən təbrik edib, həmçinin onların qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib. Eyni zamanda, Məclisdə fəaliyyətini başa vuran uşaqlara gələcək işlərində uğurlar arzu edib. Sonda Məclisdə fəaliyyəti başa çatmış səfirlərə uğurlu fəaliyyətlərinə görə təşəkkürnamələr təqdim edilib, xatirə fotosu çəkilib.

Şamaxı rayonunda uşaqlar üçün yay düşərgəsi davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən düşərgədə Komitənin Saatlı, Sabirabad, Hacıqabul və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin benefisiarları olan şəhid və qazi ailələrinin, həmçinin aztəminatlı ailələrin uşaqları iştirak edir. 29 iyul-04 avqust 2024-cü il tarixlərini əhatə edən düşərgə müddətində uşaq hüquqları, şəxsi inkişaf mövzularında təlimlərin, rəqs üzrə ustad dərslərinin, idman oyunları, musiqili-əyləncəli proqramların, eyni zamanda asudə vaxtın səmərəli təşkili ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, yay düşərgəsinin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, onların həmyaşıdları ilə maraqlı və əyləncəli vaxt keçirməsi, yay tətilinin mənalı və yaddaqalan olması, uşaqlara yeni bacarıqların aşılanmasıdır.

Qəbələ rayonunda tələbələr üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə Yay Təlim Proqramı təşkil edilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən 5 günlük proqramda ali təhsil müəssisələrinin jurnalistika, media və kommunikasiya ixtisası üzrə təhsil alan tələbələri iştirak edir. 29 iyul - 02 avqust 2024-cü il tarixlərini əhatə edən təlimin ilk günündə Dövlət Komitəsinin əməkdaşları açılış nitqi ilə çıxış edərək, proqramın məqsədi və gündəliyi, eləcə də media nümayəndələri ilə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat veriblər. Təlimin ikinci günündə Azərbaycan Mətbuat Şurasının üzvü, media üzrə ekspert Müşfiq Ələsgərli ailə, qadın və uşaq məsələləri üzrə mövcud trendlər və mövzuların təsnifatlaşdırılması, media platformaları arasında fərqlər, etik davranış kodeksində ailə, qadın və uşaq problemləri mövzusunun işıqlandırılması üzrə prinsiplər, informasiyanın etik standartlarını müəyyən edən milli və beynəlxalq sənədlər, uşaqlardan müsahibə götürməyin on əsas şərti, məişət zorakılığı barədə məlumat hazırlamağın düzgün qaydaları və digər mühüm məlumatları diqqətə çatdırıb. Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Sevil Rəsulzadə “Uşaq hüquqlarının müdafiəsi: milli və beynəlxalq standartlar” mövzusunda təqdimatla çıxış edərək, uşaq hüquqlarının pozulması halları ilə mübarizə, uşaqların müdafiəsi istiqamətində mövcud hüquqi sənədlər, media nümayəndələrinin öhdəlikləri, eləcə də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verib. Təlim qrup tapşırıqları və interaktiv müzakirələrlə davam edib. Günün yekununda tələbələr üçün Qəbələ Dövlət Tarixi-Bədii Qoruğuna, eləcə də Qəbələ Arxeoloji Mərkəzinə infotur təşkil edilib. Tələbələr qoruğun Səlbir və Qala ərazilərinə səfər edərək, arxeoloji qazıntılar aparılan sahələrlə, Qəbələnin qədim tarixi ilə tanış olublar. Daha sonra Nic kəndində yerləşən Müqəddəs Yelisey adına Cotari Kilsəsi ziyarət edilib. Təlimin üçüncü günündə Komitənin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə media tura təşkil edilib. Təlimin dördüncü günündə 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Komitə əməkdaşı tərəfindən “Nitq mədəniyyəti və ana dilindən düzgün istifadə" mövzusunda təlim keçirilib. Qeyd edək ki, Yay Təlim Proqramı “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyasının” Fəaliyyət Planına uyğun olaraq, təşkil edilib.

Azərbaycanlı oxatan Yaylagül Ramazanovanın mübarizəsi tribunada alqışlarla qarşılanıb
“Paris-2024" Yay Olimpiya Oyunlarında ilk görüşündə Çin idmançısı Qixuan An üzərində 6-5 hesabı ilə qalib gələn azərbaycanlı oxatan Yaylagül Ramazanovanın mübarizəsi tribunada alqışlarla qarşılanıb. Ana olmağa hazırlaşan idmançımızın bu performansı idman ekspertləri tərəfindən yüksək qiymətləndirilib, həmçinin tamaşaçıların dəstək və rəğbətini qazanıb. 2-ci tura yüksəlməyi bacaran Yaylagül Ramazanovanın nailiyyəti, ümumiyyətlə qadın idmançıların aktivliyi və mötəbər turnirlərdə əldə etdiyi uğurlar Azərbaycan qadınının gücünü və əzmini göstərir. Azərbaycanın Yay Olimpiya Oyunlarındakı kamandan oxatma yarışında ilk təmsilçisi Yaylagül Ramazanovanı bu uğur münasibətilə təbrik edir, gələcək idman karyerasında müvəffəqiyyətlər arzulayırıq!

“Mənim hüquqlarım” təşviqat avtobusu Tovuzda
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Tovuz rayonuna təşkil olunub. Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağbulaq, Çatax, Böyük Qışlaq, Çeşməli və Qəribli kəndlərində, 125 uşağın iştirakı ilə “Uşaq hüquqları” və “Uşaq inkişafı” mövzularında təlimlər keçirilib. Təlimlər zamanı Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli və Uşaq Səfirlər Məclisinin nümayəndələri Mətləb Orucov, Ayan Əhmədova, Musab Məmmədli və Fatimə Fətəliyeva tərəfindən müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Təlimlərin sonunda uşaqlara hüquqlarla bağlı maarifləndirici çap materialları və müxtəlif mövzularda yapışqanlı stikerlər paylanılıb, həmçinin bədii kitablar hədiyyə olunub. Qeyd edək ki, növbəti səfər Qax rayonuna olacaq.
Dövlət Komitəsinin sədri İsveçrə Konfederasiyasının səfiri ilə görüşdü
29 iyul 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli arasında görüş keçirilib. Qonaqları salamlayan Komitə sədri B. Muradova, İsveçrə Konfederasiyası ilə ikitərəfli münasibətlərin qarşılıqlı maraqlara, dostluğa və əməkdaşlığa əsaslandığını qeyd edib. Dövlət Komitəsinin qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs edən sədr, Qadın Resurs Mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib. B. Muradova Resurs Mərkəzlərinin fəaliyyətinin dayanıqlılığının təmin olunmasının əhəmiyyətini qeyd edərək, İsveçrə Konfederasiyasının bu layihələrdə iştirakının iki ölkə arasındakı əməkdaşlığın da inkişafına təkan verdiyini diqqətə çatdırıb. Xüsusən də, işğaldan azad olunmuş ərazilərdə oxşar layihələrin davam etdirilməsi və qadınlarla müvafiq işin aparılmasının vacibliyini vurğulayıb. Səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirən səfir Tomas Ştəli, qarşılıqlı əlaqələrin bundan sonra da səmərəli inkişaf edəcəyinə inamını ifadə edib. Gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı səylərin davam etdirilməsinin səfirliyin fəaliyyət istiqamətlərindən biri olduğunu və Dövlət Komitəsinin bu sahədə fəaliyyətini müsbət qiymətləndirən səfir, birgə əməkdaşlığa açıq olduqlarını qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları və fəaliyyət perspektivləri müzakirə edilib.