Uşaqların zərərli və təhlükəli informasiyadan qorunmasına həsr olunmuş onlayn görüş keçirilib

20 noyabr 2024 12:09

Paylaş:

20 noyabr 2024-cü il tarixində “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində dövlət rəsmilərinin və müvafiq sahə üzrə mütəxəssislərin uşaqlarla onlayn görüşü keçirilib.

Layihə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı, “Nar”ın dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

Dünya Uşaqlar Gününə həsr edilmiş görüş “Zoom” platforması üzərindən Naxçıvan, Bakı, Gəncə şəhərlərini, Lənkəran və Qəbələ rayonlarını təmsil edən 100-dən çox məktəblinin iştirakı ilə təşkil olunub.

Görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq, uşaqları gələcəyə yönələn hədəflərin əsas iştirakçısı adlandırıb, onların hüquqlarının təmin olunmasının əhəmiyyətini vurğulayıb. B.Muradova, Komitənin əlaqələndirici qurum kimi müvafiq sahədə qəbul olunmuş qanunlar, konvensiyalar, eləcə də ölkəmizin qoşulduğu beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsini diqqətdə saxladığını əlavə edib və həyata keçirilən layihələr haqqında danışıb. O, Komitənin uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi məqsədilə keçirdiyi araşdırma barədə məlumat verib, həmçinin uşaq hüquqları haqqında yeni qanun layihəsinin hazırlandığını əlavə edib.

Uşaqların fəal iştirakının vacibliyini qeyd edən sədr, Komitənin təşəbbüsü ilə yaradılan Uşaq Səfirlər Məclisinin uğurlarından söz açıb. Eyni zamanda növbəti ay keçiriləcək Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu haqqında məlumat verib. B.Muradova çıxışının sonunda Dövlət Komitəsinin bütün tərəfdaşları ilə birlikdə Azərbaycanda həyata keçirilən dövlət uşaq siyasətinin reallaşdırılması və uşaqlarının təhlükəsiz, sağlam, azad bir mühitdə inkişafını təmin edən siyasətin yeridilməsinə nəzarəti bundan sonra da davam etdirəcəyini bildirib.

Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, ADA Universitetinin prorektoru Vəfa Kazdal, “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, RİİB-in nümayəndəsi Günay Ağayeva və İB-in hüquqşünası Təbriz Qasımov, Azərbaycan Kibertəhlükəsizlik Assosasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov və sədr müavini Rauf Cabbarovun çıxışları dinlənilib.

Tədbir, iştirakçıların görüş müddətində qeydə alınan görüntülərindən hazırlanmış fləş-mobla başa çatıb.