“Qadın iştirakçılığının təbliği” mövzusunda konfrans panel müzakirələri ilə yekunlaşıb

27 fevral 2025 17:50

Paylaş:

Rəsmi hissədən sonra “Qadın iştirakçılığının təbliği” mövzusunda konfrans panel müzakirələrlə davam edib.

“Bərabərlikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” mövzusuna həsr olunan ilk panel müzakirəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin moderatorluğu ilə keçirilib.

“Əməyin ödənilməsində bərabərlik hüququ: reallıq və perspektivlər” mövzusunda çıxış edən Azərbaycan Respublikasının əmək və əhalinin  sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sözügedən hüququn təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Ölkəmizdə geniş məşğulluq proqramlarının qəbul edildiyini qeyd edən nazir müavini, bu sahədə gender bərabərliyinin təmin olunmasının, qadınların əmək bazarında aktivliyinin artırılmasının əhəmiyyətindən danışıb.

“Rəhbər və qərarverici mövqelərdə bərabər təmsilçilik” mövzusunda çıxış edən Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Komitəsinin üzvü Mübariz Qurbanlı qadın və kişi bərabərliyinin konstitusiyamızda təsbit edildiyini bildirib. Qadınların idarəetmədə say tərkibi ilə bağlı illər üzrə statistik göstəriciləri diqqətə çatdıran M.Qurbanlı, rəqəmlərin illər ötdükcə artdığını qeyd edib.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdir müavini Arzu Tairquliyeva-Nağıyeva “Dayanıqlı və yüksək iqtisadi artım: rifah və inkişafda bərabər imkanlar” mövzusunda çıxış edib. O, dayanıqlı və yüksək iqtisadi artımın təmin edilməsində bərabər təmsilçiliyin təsirindən, əmək bazarında qadın və kişilərə məvacibin ödənilməsində fərqli münasibətlərin qarşısının alınması istiqamətində maarifləndirmənin önəmindən danışıb. Qadınların iqtisadi səlahiyyətləndirilməsi sahəsində dövlət tərəfindən görülən işlər haqqında məlumat verib.

Konfrans Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə "Möhkəm ailə institutu güclü dövlətin və ahəngdar cəmiyyətin sarsılmaz bünövrəsidir” mövzusuna həsr olunan ikinci panellə davam edib.

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilinin “İnsan kapitalının inkişafı məsələləri dövlət və cəmiyyət müstəvisində” mövzusunda çıxışı dinlənilib. Ölkəmizdə insan kapitalının formalaşmasında ailənin rolundan bəhs olunub, qadınlarımızın müxtəlif sahələrdə iştirakçılığı ilə bağlı göstəricilərin digər ölkələrdəki vəziyyətlə təhlili aparılıb.           

“Vətəndaş həmrəyliyinin gücləndirilməsində ailə institutunun yeri və rolu” mövzusunda çıxış edən Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Pərvin Kərimzadə Azərbaycanda ailəni cəmiyyətin əsası adlandırıb və müasir dövrdə qərbə inteqrasiyanın təbliğ olunduğu bir zamanda ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlandığını qeyd edib. O, belə dəyərlərlə formalaşan uşaqların cəmiyyəti inkişafa apardığını bildirib.

Panelin davamında “Ailə institutu: cəmiyyət və dövləti birləşdirən harmonik münasibətlər sistemi” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, qadınlarımızın ağlı və zəkası ilə cəmiyyətin müxtəlif sahələrində, xüsusilə də hüquq-mühafizə, həmçinin prokurorluq orqanlarında təmsil olunduğunu diqqətə çatdırıb.

Müzakirələr zamanı ailə institutunun Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu,  genefondun daşıyıcısı kimi inkişafında xüsusi rol oynadığı, gənc nəslin təlim-tərbiyəsinin formalaşmasına, cəmiyyətin inkişafına, dövlətin sağlam dəyərlər üzərində qurulmasına təsir göstərdiyi vurğulanıb. Ailə institutunun möhkəmləndirilməsinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas xətt olaraq müəyyən edildiyi qeyd edilib.

Konfrans yekun müzakirələrlə başa çatıb.