Məişət zorakılığının qarşısının alınması mövzusunda təlimlər yekunlaşıb

25 dekabr 2024 15:00

Paylaş:

25 dekabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon icra hakimiyyətlərinin Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üçün təşkil etdiyi məişət zorakılığının qarşısının alınması mövzusunda təlimləri başa çatıb.

Ümumilikdə 4 rayonu əhatə edən təlim proqramı çərçivəsində son təlim Ağstafa Rayonunda Ağstafa, Qazax, Şəmkir, Tovuz və Gədəbəy Rayon İcra Hakimiyyətlərində yaradılmış müvafiq monitorinq və əlaqələndirmə qruplarının üzvləri üçün keçirilib.

Təlimin məqsədi monitorinq və əlaqələndirmə qruplarının üzvlərini “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlərlə tanış etmək, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində profilaktik işin görülməsi, eyni zamanda Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlilinin aparılması, nöqsanların aradan qaldırılmasıdır.

Ağstafa RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova təlim iştirakçılarını salamlayaraq, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış monitorinq və əlaqələndirmə qruplarının zorakılıqla mübarizə sahəsində öz fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri rəhbər tutduqlarını vurğulayıb.

Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarını təhlil etmiş, nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı tövsiyələr verib.

Həmçinin Komitənin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorunin əməkdaşı Rahil Süleymanzadə müvafiq monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti və hüquqi müstəvidə görülməli olan tədbirlər, Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanuna edilən yeni düzəlişlər mövzusunda təqdimatla çıxış edib.

Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib, sonda iştirakçılara bukletlər təqdim edilib.

Qeyd edək ki, təlimlər daha öncə Lerik (Astara, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Lerik), Balakən (Şəki, Zaqatala, Qax, Oğuz) və Xızı (Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən) rayonlarında da  keçirilib.