Lənkəran şəhərində uşaqlar üçün təlim proqramları təşkil edilib

24 dekabr 2024 16:10

Paylaş:

24 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lənkəran şəhərində Uşaq Səfirlər Məclisinin Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı və Yardımlı rayonları üzrə regional nümayəndələri və fəalları üçün “Uşaqların informasiya təhlükəsizliyi” və “Uşaq hüquqları” mövzularında təlim proqramları təşkil edilib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova vurğulayıb ki, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir. O qeyd edib ki, tədbir zamanı keçiriləcək təlimlərin əsas məqsədi uşaqlara öz hüquqları haqqında məlumat vermək, internetdən istifadə zamanı təhlükəsizlik qaydalarını öyrətmək, onlarda şəxsi məlumatların qorunması vərdişlərini inkişaf etdirmək, eyni zamanda iştirakçılıq və komanda ilə işləmək bacarıqlarını formalaşdırmaqdır.

Daha sonra, 2023-cü ildən Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Uşaqlarının İnkişaf Platformasının sədri Müslüm Məmmədov platformanın fəaliyyət istiqamətləri, məqsəd və hədəfləri barədə iştirakçılara geniş məlumat təqdim edib.

Təlim proqramı çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri Fatimə Fətəliyeva və Ömər Eyvazlı  internetdən istifadə zamanı təhlükəsizlik qaydaları və fərdi məlumatların qorunması üsulları haqqında iştirakçılara məlumat veriblər. Məclis üzvü İbrahim İbrahimli isə uşaq hüquqları və onların müdafiəsi ilə bağlı mövzuları əhatə edən təlim keçib.Təlimdə uşaqların inkişafında ailə və cəmiyyətin rolu, onların qarşılıqlı təsiri müxtəlif mövzulu hekayələr və keyslər ətrafında geniş müzakirə edilib.

İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılar komandalar quraraq əldə etdikləri bilikləri “Kahoot” tipli oyun vasitəsilə daha da möhkəmləndiriblər. Oyunun sonunda “Diamond” komandası qalib gəlib.

Tədbirin yekununda qalib komanda mükafatlandırılıb. Təlimlərə cəlb olunmuş uşaqlara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, təlim proqramları “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində həyata keçirilib.