Dövlət qurumlarının əməkdaşlarına qaynar xəttin iş prinsipləri mövzusunda təlim keçirilib

9 dekabr 2024 16:18

Paylaş:

3-5 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dövlət qurumları əməkdaşları üçün “Qaynar xəttin əsas iş prinsipləri” mövzusunda təlim keçirilib. Açılış nitqi ilə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva işğaldan azad olunmuş ərazilərə geri qayıdan əhaliyə həssas yanaşmanın onların uyğunlaşmasına təsirini, həmçinin bu sahədə əməkdaşlarının səriştəliliyinin artırılmasının vacibliyini qeyd edib.

Təlimi ekspertlər Yuvenal Ədliyyə Mərkəzinin əməkdaşı, klinik psixoloq Gülşən Axundova, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin Sosial Xidmət Mərkəzinin psixoloqu, təlimçi Fidan Əkbərli və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədr müavini Sənan Ağayev keçiblər. İştirakçılara geri qayıdan əhalinin psixologiyası, yeni şəraitə adaptasiyası, əhaliyə dəstək məqsədilə kadrların peşəkar bacarıqlarının və səriştəliliyinin artırılması, stressin idarə olunması, effektiv ünsiyyət texnikaları, işgüzar mühitdə etik normalar, komanda quruculuğu və fərdi yanaşma, qaynar xəttin iş prinsipləri, bu sahədə mövcud beynəlxalq təcrübə və digər mövzular barədə ətraflı məlumat verilib. Təlimin interaktivliyinin artırılması məqsədilə keçirilən qrup işləri və rollu oyunlar iştirakçıların qaynar xəttin iş prinsiplərini daha yaxşı anlamağa və mənimsəməyə zəmin yaradıb.

Qeyd edək ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Qaynar xəttin əsas iş prinsipləri” mövzusunda təlimlər cari ilin iyun, sentyabr və dekabr aylarında, üç dəfə keçirilib. Təlimlər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, eləcə də ölkənin işğaldan azad olunmuş ərazilərinə geri qayıdan əhaliyə dəstək göstərilməsi, onların adaptasiyasının səmərəli şəkildə həyata keçirilməsi məqsədi ilə keçirilib.

Təlimlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil İdarələri, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi Füzuli, Laçın, Zəngilan, Xocalı, Cəbrayıl, Ağdam, Xocavənd, Qubadlı, Kəlbəcər  rayon və Şuşa şəhər İcra Hakimiyyətləri, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin  tabeliyindəki tibb  müəssisələrinin, eləcə də Komitənin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin  əməkdaşları iştirak edib. Sonda iştirakçılara sertifikat təqdim olunub.