Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Ailəm könüllüləri” ilə görüş keçirib

3 iyun 2025 11:19

Paylaş:

03 iyun 2025-ci il tarixində keçirilən görüşdə “Ailəm könüllüləri” proqramı çərçivəsində fəaliyyət göstərən könüllülərlə yanaşı, proqrama yeni qoşulan gənclər də iştirak ediblər.

Görüş zamanı sədr müavini Aynur Sofiyeva dövlət komitəsinin gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş təşəbbüslər həyata keçirdiyini vurğulayaraq, bu kimi layihələrin gənclərin ictimai həyata fəal inteqrasiyasında mühüm rol oynadığını qeyd edib. O, Komitənin təşkil etdiyi təlimlərin gənclərin bilik və bacarıqlarının artırılmasına, sosial məsuliyyət hissinin formalaşmasına xidmət etdiyini bildirib.

 Aynur Sofiyeva çıxışında gənclərin Komitəyə verdikləri töhfəni yüksək qiymətləndirərək, onların təşəbbüskarlığını və fəallığını təqdir etdiyini söyləyib, göstərdikləri səylərə görə könüllülərə təşəkkürünü ifadə edib.

 Görüşdə könüllülər təqdimatlarla çıxış edərək, fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

 Davamında Komitənin könüllülərlə iş üzrə məsul əməkdaşları Rafiq Mahmudov və Dəniz Vəliyeva, proqram çərçivəsində həyata keçirilən tədbirlər və layihələr, eyni zamanda yeni qoşulmuş iştirakçılar barədə məruzə ilə çıxış ediblər.

 Müzakirələrlə davam edən görüşdə təəssüratlarını bölüşən könüllülər, nəzəri biliklərin təkmilləşdirilməsində, eləcə də təcrübi bacarıqların əldə olunmasında Dövlət Komitəsindəki könüllülük fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, yaradılan şəraitə və dəstəyə görə təşəkkürlərini bildiriblər.

 Yekunda könüllülük fəaliyyətini başa vuran gənclər sertifikatla təltif olunub.