BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi Qrupun ilk iclası keçirilib

24 dekabr 2024 17:08

Paylaş:

24 dekabr 2024-cü il tarixində Dövlət Komitəsində BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi Qrupun ilk iclası keçirilib.

Çıxış edən Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Konvensiyasının icrasına dair altıncı dövri məruzə ilə bağlı CEDAW Komitəsinin yekun tövsiyələri barədə İşçi Qrupun üzvlərinə məlumat verib. Qeyd olunub ki, sonuncu dövri hesabatın yekun müşahidələrinə əsasən Azərbaycana bir sıra tövsiyələr verilib. Ötən iki il müddətində qeyd edilən tövsiyələrin icrasına dair ciddi irəliləyişlərin əldə olunduğunu bildirən Komitə rəsmisi, xüsusilə qanunvericilikdə edilən dəyişikliklərə diqqət çəkib.

İclasda ölkə Prezidentinin Sərəncamı ilə yaradılmış İşçi Qrupun üzvləri-Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak edib.

İclas çərçivəsində təhsil, səhiyyə, məşğulluq, iqtisadi, sosial imtiyazlar, ədalət mühakiməsinə çıxış, qadınların vəziyyətinin yaxşılaşdırılması üçün milli mexanizmlər və digər tövsiyələr ətrafında müzakirə aparılıb.