Bələdiyyə seçkisində qadınların fəallığının artırılması məqsədilə layihə başladılıb

7 yanvar 2025 23:21

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın təşkilatçılığı, Qadın Resurs Mərkəzlərinin iştirakı ilə “Bələdiyyə seçkisində qadınların fəallığının yüksəldilməsi” layihəsinə start verilib. Layihə çərçivəsində respublikanın şəhər və rayonlarında fəal qadınlarla görüşlər keçiriləcək, seçki ilə bağlı maarifləndirici söhbətlər aparılacaq.

İlk belə görüş 7 yanvar 2025-ci il tarixində Xəzər rayonu Qadın Resurs Mərkəzində baş tutub. Tədbirdə çıxış edən “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü Təranə Kərimova ölkədə aparılan dövlət qadın siyasəti, bələdiyyə seçkisində qadınların aktivliyinin əhəmiyyəti və rolu barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra çıxış edən MSK-nın 12 saylı Xəzər birinci seçki dairəsinin nümayəndəsi Mütəllim Balaqardaşov bələdiyyə seçkisinin qaydaları, eləcə Xəzər rayonu üzrə qeydiyyatdan keçən qadın namizədlərin sayı barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb. Məlumatda Xəzər rayonunda fəaliyyət göstərən 8 bələdiyyə üzrə üzvlüyə 180 nəfərin namizədliyinin qeydə alındığı, onlardan 42%-nin (75 nəfər) qadınlar olduğu bildirilib.

Xəzər QRM kooridnatoru Lalə Cəfərova çıxış edərək rayonda qadınlara göstərilən sosial iqtisadi dəstəkdən danışıb.

Gənclər evi üzvləri, rayon qurumlarının nümayəndələri, sahibkar qadınların iştirak etdiyi görüşdə suallar cavablandırılıb, müzakirə aparılıb.