"Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib

27 yanvar 2025 10:38

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mərkəzi Seçki Komissiyasının və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı çərçivəsində Göyçayda "Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib.

"Bərabər İnkişaf Naminə" Koalisiyanın Göyçay rayonu üzrə nümayəndəsi Aynur Mahmudova çıxış edərək, fəal qadınların cəmiyyət həyatında rolu, Azərbaycan qadının müxtəlif sahələrdə artan uğurları barədə məlumat verib.

Göyçay rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Vüsalə Məmmədova 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində qadınların fəallığının və təmsilçiliyinin artırılmasının zəruriliyindən danışıb.

91 saylı DSK-nın baş məsləhətçisi Azər Mikayılov son dövrlərdə Azərbaycan Respublikasının ictimai, siyasi və sosial məsələlərində qadın aktivliyini və birliyini vurğulayıb.

Tədbir müzakirələrlə davam edib.