“Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” layihəsi davam edir
Paylaş:
21 yanvar 2025-ci il tarixində “Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” mövzusunda növbəti tədbir Tərtər rayonunda keçirilib.
Tədbirdə çıxış edən Tərtər Qadın Resurs Mərkəzinin koordinatoru, “Bərabər İnkişaf Naminə” Koalisiyanın Tərtər Rayonu üzrə nümayəndəsi Qumru Şəmilova bütün sahələrdə olduğu kimi siyasi mühitdə də qadınların fəal iştirakının müşahidə olunduğunu vurğulayıb, bir neçə gün sonra ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınları fəal iştiraka çağırıb.
Seçkilərə hazırlıq prosesi və prosedurlar haqqında məlumatı diqqətə çatdıran 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi Dairə Seçki Komissiyasının katibi Çiçək Ələsgərova, bu kampaniyada qadınların aktiv iştirakının əhəmiyyətindən söz açıb.
2019-cu ildə Tərtər Şəhər Bələdiyyəsinin sədri seçilmiş Tünzalə Vəliyeva öz çıxışında qadınların ictimai-sosial həyatda aktivlik göstərməsinin xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə həmçinin Tərtər Qadın Resurs Mərkəzinin üzvü olan bir qrup sahibkar qadınların çıxışları və təklifləri dinlənilib.
Qeyd edək ki, tədbirlər Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı ilə keçirilir.