Bələdiyyə seçkilərində qadınların fəallığının artırılması məqsədilə Masallıda tədbir keçirildi

17 yanvar 2025 12:19

Paylaş:

Masallıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mərkəzi Seçki Komissiyasının və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı çərçivəsində "Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə açan Koalisiyanın nümayəndəsi Sədaqət Həsənova bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qadınların qarşısında yeni məqsəd və vəzifələr dururdu. O, dövlət idarəetmə sistemində qadınların lazımi səviyyədə təmsil olunması istiqamətində Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın mühüm sənəd olduğunu vurğulayıb.

29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində qadınların rolundan danışan S.Həsənova qeyd edib ki, onların seçkilərdə fəallığına nail olmaq və bələdiyyə üzvləri sırasında qadınların təmsilçiliyini artırmaq əsas məqsədimizdir.

Daha sonra çıxış edən 74 saylı Masallı seçki dairəsinin sədri Loğman Şahbazov, 73 saylı Masallı-Cəlilabad seçki dairəsinin komissiya üzvü Dilarə Hüseynova və digər rayon fəalları seçkilərdə qadınların statistik göstəriciləri, qadınların idarəetmə və qərarqəbuletmədə təmsilçiliyinin artırılması, bələdiyyələrdə qadınların aktivliyinin gücləndirilməsinin zəruriliyindən danışıblar.

Tədbir müzakirələrlə davam edib.