Bahar Muradova COP29 çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb

22 noyabr 2024 11:35

Paylaş:

21 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşü keçirilib.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin insanlıq və bəşəriyyət naminə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib, yarandığı vaxtdan Azərbaycanın yanında olduğunu qeyd edib. Mərkəzin COP29 çərçivəsində fəaliyyətinə diqqət çəkən sədr, təşkil olunan tədbirlərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib. Eyni zamanda ailə, qadın və uşaq məsələləri ilə bağlı dövlət siyasətini həyata keçirən Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib.

O, bu gün dünyada konfliklərlə körüklənən iqlim dəyişiklikləri fonunda beynəlxalq təşkilatların rolunun önəmindən danışıb. Sonda COP29 günlərində dünyanın müxtəlif nöqtələrindən olan insanların bir amal uğrunda Bakıda toplandığını deyən B. Muradova, siyasətlərin insanların istək və arzularına uyğun qurulması arzusunu dilə gətirib.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti Ismail Serageldin Azərbaycanda olmaqdan və belə bir qlobal konfransda iştirakdan məmnunluğunu ifadə edib. O bildirib ki, COP29 konfransından keçən müddət ərzində aparılan işlər kifayət qədər intensivdir və vacib məsələlər arasında gender məsələlərini xüsusilə qeyd etməliyik.

Dünyada qadınların üzləşdiyi məsələlər sırasında iqlim dəyişmələrinin təsirlərinin də yer aldığını diqqətə çatdıran qonaq bildirib ki, biz qadınlara nəinki yardım etməli, həm də düzgün həll yollarının tapılmasında onlarla birgə işləməli, onların iqlim dəyişmələrinə qarşı müqavimət gücünün artırılmasına çalışmalıyıq.

Mərkəzin üzvü, BMT-nin Baş Assambleyasının keçmiş prezidenti Maria Fernanda Espinosa COP29 çərçivəsində uğurlu tərəfdaşlığın qurulmasından məmnunluğunu ifadə edərək, vurğulayıb ki, zəngin diskussiyalar, müzakirələr və panel toplantılarında iştirak etmək, beynəlxalq məşvərət Komitəsi çərçivəsində çalışmaq qürurvericidir. Azərbaycanın belə böyük tədbirin öhdəsindən layiqincə gəldiyini vurğulayan qonaq əlavə edib ki, bu konfrans həm iqlim üçün, həm də çoxtərəfli əməkdaşlıq üçün faydalıdır.

Bu günlərdə paytaxtımızda keçirilən mötəbər tədbirə diqqət çəkən Mərkəzin üzvü, Gürcüstanın sabiq ədliyyə naziri Eka Tkeshelashvili qeyd edib ki, Azərbaycan regionda bu beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı tarixində ilk dəfə idi ki, bir gün tam olaraq qadın mövzusuna, gender məsələlərinə həsr edildi.

Görüş qarşılıqlı maraq doğuran faydalı və mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam edib.