Ali Məhkəmənin Plenum Qərarı ilə əlavə və dəyişikliklər edilmişdir
Paylaş:
Vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması və digər məqsədlərlə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına 20.12.2024-cü il tarixində 15 nömrəli Ali Məhkəmənin Plenum Qərarı ilə əlavə və dəyişikliklər edilmişdir.
Müvafiq Qərarla əlavə və dəyişiklik olunan Ali Məhkəmənin Plenum Qərarları aşağıdakılardır:
1. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli;
2. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli;
3. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2021-ci il 24 dekabr tarixli 13 nömrəli.
1.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarda edilən dəyişikliklərə əsasən:
1.1. məhkəmələr tərəfindən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə uşaqla birgə yaşamayan valideynin uşaqla ünsiyyət məsələsinin də həlli imkanı.
Azərbaycan Repsublikasının Ailə Məcəlləsinin 22.2-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə tərəflər arasıda saziş olmadıqda məhkəmənin həll etdiyi məsələlərin dairəsi nəzərdə tutulmuşdur. Mövcud qanunvericiliyə əsasən uşaqlarla bağlı məhkəmənin həll etməli olduğu məsələlər aşağıdakılardır:
-boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması;
-uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması.
Göründüyü kimi, burada uşaqla ünsiyyət məsələsi nəzərdə tutulmamışdır. Lakin bununla yanaşı uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı da qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmələrə müvafiq Qərarla izah edilir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və onun belə tələbi irəli sürdüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir.
1.2. Məhkəmə tərəfindən alimentin sabit pul məbləğində tutulması qərarına gəlindikdə məbləği konkret rəqəmlə deyil, ölkə üzrə minimum əməkhaqqı məbləğinin müəyyən misli həddində göstərilməsi.
Bu qayda alimentin məbləğinin minimum əməkhaqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əməkhaqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, alimentin artırılması ilə bağlı lüzumsuz məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması imkanını yaradacaq. Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edildiyi halda isə, maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaqdır.
1.3. Bundan başqa digər dəyişiklik-aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, qətnamənin icra qaydasında ərizənin verilməsi (nəzərə alınmalıdır ki, ərizəyə daha qısa müddətə-10 iş günü müddətində baxılır) yolu ilə həll edilməsini nəzərdə tutur.
1.4. Alimentlərlə bağlı aydınlıq gətirilmiş digər bir məsələ isə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qaydanın, həmçinin həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilməsidir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr mülki prosessual qanunvericiliyə əsasən dərhal icra edilən qətnamələrin sırasına (alimentin təyin edilməsindən fərqli olaraq) aid edilməmişdir.
2. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarı üzrə:
2.1. Məhkəmələr ayrı yaşayan valideynin uşağı ilə istirahətinin səmərəli təşkili və digər məqsədlərlə birlikdə ölkə daxili və xarici səfərlər etmə imkanını nəzərə alaraq, verilmiş əsaslandırılmış tələbə uyğun qiymətləndirmə həyata keçirməklə ardıcıl bir neçə gün gecə qalmaqla, ünsiyyət qaydasını müəyyən edə bilərlər.
2.2. Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması ilə deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə 10 iş günü ərzində həll ediləcəkdir.
2.3. Uşaqla ünsiyyət hüququnun müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu bu ünsiyyətin sonradan uşağın mənafeyinə zidd, yəni fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi ilə həyata keçirilməsi qanunla müəyyən edilmiş digər yeni halların yaranması daha əvvəl məhkəmə qaydasında verilmiş ünsiyyət hüququnun ləğv edilməsi (məsələn, ünsiyyət hüququ olan tərəfin valideynlik hüququndan məhrum edilməsi əsası ilə), tam və yaxud müəyyən şərtlərlə (cavabdehin sağlamlıq vəziyyətinin bərpasınadək və digər) məhdudlaşdırılması tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. Bu iddialara baxılarkən ünsiyyətin ləğvi və yaxud məhdudlaşdırılması əsaslarına dair ilkin sübutların olduğu hallarda mübahisəyə baxılıb yekunlaşanadək, iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbiri qismində uşaqla ünsiyyət qadağan edilə bilər.
2.4. Ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir.
3.“Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2021-ci il 24 dekabr tarixli 13 nömrəli Qərar üzrə:
Qanunverici yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi qaydasını tənzimləyərkən onlar arasında ayrı-seçkilik qoymamış, uşaqdan ayrı yaşayan valideynlə də ölkədən gedə bilməsi hüququnu istisna etməmişdir. Lakin belə bir hüququn realizəsi üçün ilk növbədə ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququ tanınmış olmalı və müəyyən olunmuş ünsiyyət qaydasının (müddətinin) buna imkan verib-verməməsi aydınlaşdırılmalıdır. İmkan verdiyi hallarda ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi ayrı yaşayan valideynin üzərinə düşür. Ayrı yaşayan valideyn uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədilə əsaslandırdıqda, habelə uşaqla birgə yaşayan valideyn ayrı yaşayan valideynin daimi əsaslarla başqa ölkəyə köçdüyünü sübuta yetirdiyi hallarda iddia rədd olunmalıdır.