Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi

2025-ci il ərzində müxtəlif mövzular üzrə 152 müraciət daxil olub. Keçirilən 51 tədbirdən 1762 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 53 ailə səfəri edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 1980 nəfər bəhrələnib.

2024-cü il ərzində 182 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 43 tədbirdən 1373 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 84 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 1555 nəfər bəhrələnib.

Ünvan: Sabirabad şəhəri, 20 yanvar küçəsi 16.

Əlaqə nömrəsi: (02123) 8-84-13

Facebook linki: Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi

Bakı şəhəri və regionlarda səyyar icma görüşləri davam etdirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən icma ilə əlaqələrin gücləndirilməsi məqsədilə 2026-cı ilin iyul-avqust aylarında kənd və qəsəbələrdə 438 nəfərin iştirakı ilə 48 icma görüşü təşkil edilib. Səyyar şəkildə keçirilən icma görüşləri “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu, məişət zorakılığı, erkən və qohum evliliklərin qarşısının alınması və bu istiqamətdə mövcud qanunvericilik, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları, əlilliyi olan uşaqların sosial müdafiəsi, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin hüquqları, təhsildən yayınma hallarının qarşısının alınması kimi aktual mövzuları əhatə edib. Qeyd edək ki, icma görüşlərinin keçirilməsi həssas kateqoriyadan olan ailələrin, qadın və uşaqların aşkar edilməsi, onların hüquqlarının müdafiəsi və profilaktik tədbirlərin görülməsində, icmanın imkanlarının səfərbər edilməsində mühüm rol oynayır. İcma sakinləri, kəndlərin icra, bələdiyyə və dini icmasının nümayəndələri, tibb məntəqləri və təhsil müəssisələrinin əməkdaşları, psixoloq və pedaqoqlarının iştirakı ilə keçirilən görüşlərdə ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər diqqətə çatdırılır, icmanın ehtiyaclarına uyğun mövzular üzrə müzakirələr aparılır, həmçinin vətəndaşların müraciətləri qeydə alınaraq həlli istiqamətində müvafiq tədbirlər görülür.

Ətraflı
Uşaqların yay tətili faydalı və maraqlı tədbirlərlə yadda qalıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların yay tətilində asudə vaxtlarını səmərəli, maraqlı, eyni zamanda öyrədici və yaddaqalan keçirməsi məqsədilə 2026-cı ilin iyun-avqust aylarında müxtəlif formatlı tədbirlər, o cümlədən “Kitabımı paylaşıram” layihəsi, “Şəxsiyyət yüksəlişi” təlim proqramı, sağlam həyat tərzi və ekoloji tərbiyə mövzularında maarifləndirici görüşlər, “Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgiləri keçirilib. Uşaqların fərdi inkişafı üçün əvəzsiz fürsət olan yay tətilində Mərkəzlərin əməkdaşları tərəfindən onların yaşına, emosional ehtiyaclarına və maraqlarına uyğun proqramlar hazırlanıb. Uşaqlar yeni bacarıqlar öyrənərək həmyaşıdları ilə xoş anlar keçiriblər. Yerli idarə, müəssisə və təşkilatların da dəstəyi ilə keçirilən tədbirlərdən ümumilikdə 800 nəfərə yaxın uşaq faydalanıb.

Ətraflı
Bakı şəhəri və regionlarda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-21 avqust 2026-cı il tarixlərində uşaqların iştirakı ilə “Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgisi keçirilib.   Tədbirlərin keçirilməsində məqsəd uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yaşadıqları bölgənin təbiətinə, tarixinə və mədəni irsinə maraqlarının artırılmasıdır.   Rəssamlar tərəfindən keçirilən ustad dərslərində uşaqlara rəsm çəkmək texnikaları, təbiətin, ətraf mühitin təsviri, rənglərin düzgün seçilməsi, eləcə də kompozisiyanın qurulması ilə bağlı məlumat verilib, suallar cavablandırılıb. Uşaqlar yaşadıqları bölgənin təbiətini, mənzərəsini və gözəlliklərini öz rəsmlərində əks etdiriblər.   Yekunda təşkil olunan sərgidə rəsm əsərlərinə baxış keçirilib, fəal uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.   Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan sərgidə Mərkəzlərin əməkdaşları, yerli idarələrin nümayəndələri, rəsm müəllimləri, uşaqlar iştirak ediblər.

Ətraflı
Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə tədbirlər keçirilib

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 10-14 avqust 2026-cı il tarixlərində uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər keçirilib. Rayonların kənd və qəsəbələrində keçirilən görüşlərdə Mərkəzlərin əməkdaşları, tibb işçiləri və icmadan olan sakinlər iştirak ediblər. Tədbirlərdə Mərkəzlərin əməkdaşları çıxış edərək mövzunun aktuallığını vurğulayıb, uşaqların doğulanadək cins seçiminin (selektiv abort) qarşısının alınması istiqamətində ölkəmizdə görülən işlərdən bəhs ediblər. Ekspertlər selektiv abortların fəsadlarından danışıblar. Qeyd edilib ki, təbii cinsi tarazlığın pozulması demoqrafik vəziyyətə, qadınların və gələcəkdə doğulacaq uşaqların sağlamlığına  ciddi təsir edir. Həmçinin iştirakçılara ailə planlaması və hamiləlikdən qorunmaq üsulları barədə tövsiyələr verilib. İnteraktiv şəkildə keçirilən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb.

Ətraflı
“Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27-31 iyul 2026-cı il tarixlərində “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib. İnteraktiv şəkildə keçirilən tədbirlərdə Mərkəz əməkdaşları və tibb işçiləri tərəfindən uşaqlara sağlam həyat tərzinin əsas prinsipləri barədə ətraflı məlumat verilib, fiziki aktivlik, sağlam qidalanmanın faydaları, şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyətindən danışılıb, zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilib.    Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Ətraflı
Paytaxt və regionlarda ictimai dinləmələr keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 12-16 iyun 2026-cı il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları” mövzusunda ictimai dinləmələr keçirilib. İctimai dinləmələrdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu barədə ətraflı məlumat verilib. İctimai dinləmələrdə Mərkəzlərin, rayon idarə və müəssisələrin əməkdaşları, vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər. Qeyd edilib ki, ölkəmizdə son illərdə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminin formalaşdırılması,  çətin həyat şəraitində olan uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, erkən və qohum evliliyi, məişət zorakılığı, uşaqlara qarşı cinsi istismar və cinsi zorakılığın qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunması istiqamətlərində qəbul edilən hüquqi sənədlər minlərlə uşağın rifahına, həyat keyfiyyətinə təsir edib, həyatlarını dəyişib. İctimai dinləmələrdə həmçinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrası istiqamətində görülən işlərdən də bəhs edilib. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq sahədə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Ətraflı
15 May - Beynəlxalq Ailə Günü münasibətilə paytaxtda və regionlarda psixoloji təlimlər keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Günü münasibətilə "Ailə həyatına hazırlıq" mövzusunda təlim proqramı keçirilir. Ailə institutunun möhkəmləndirilməsi və gənclərin bu məsuliyyətli mərhələyə mənəvi-psixoloji  hazırlanması məqsədilə təşkil edilən təlimlərdə paytaxt və regionlardan 220 ailənin iştirakı nəzərdə tutulur. Təlimlər ailədaxili münasibətlərin sağlam təməllər üzərində qurulması, qarşılıqlı anlaşma və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, həmçinin müasir dövrdə ailələrin qarşılaşdığı çətinliklərin effektiv idarə olunması mövzularını əhatə edir. Psixoloq-təlimçilər Əsli Zeynalabdinova və Aygün İsmayılova cütlüklərin emosional hazırlığı, effektiv ünsiyyət və empatiya bacarıqları, rol bölgüsü və gözləntilər barədə məlumat verilib, ailə həyatının müxtəlif mərhələlərində yarana biləcək stress amilləri ilə mübarizə üsullarından danışıblar. Vurğulanıb ki, ailənin davamlılığı təkcə maddi və hüquqi amillərdən deyil, hər iki tərəfin psixoloji yetkinliyindən və münasibətləri inkişaf etdirmə iradəsindən asılıdır. İştirakçılar təlim zamanı müxtəlif psixoloji testlər, situasiya oyunları və keyslər vasitəsilə fərdi münasibət formasını təhlil etmək imkanı əldə ediblər. Sonda iştirakçılara ailə daxilində emosional bağların gücləndirilməsi və konfliktlərin həllinə dair praktik tövsiyələrdən ibarət maarifləndirici materiallar, həmçinin hədiyyələr təqdim olunub. Qeyd edək ki, ailələrin maraqla qarşıladığı təlimlər Bakının Xəzər rayonu, eləcə də Hacıqabul, Sabirabad və Saatlıda keçirilib. Mayın 22-nə kimi daha 7 rayonda təşkili nəzərdə tutulur. 

Ətraflı
Bakı şəhəri və regionlarda internet resurslarından istifadənin faydaları mövzusunda maarifləndirici görüşlər keçirilib

16-20 fevral 2026-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən internet resurslarından istifadənin faydaları mövzusunda maarifləndirici tədbirlər keçirilib. Təhsil müəssisələrində keçirilən tədbirlərdə Mərkəzlərin əməkdaşları və ekspert qruplarının üzvləri, müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər. Tədbirlərdə ekspertlər təqdimatlar vasitəsilə internet resurslarından istifadənin faydalarından bəhs edib, həmçinin uşaqların internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatları iştirakçıların diqqətinə çatdırıblar. İnteraktiv şəkildə keçirilən tədbirlərdə “Mobil telefonlarda  valideyn  nəzarəti funksiyasından istifadə qaydası” adlı video çarx nümayiş etdirilib, “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” adlı bukletlər paylanılıb.

Ətraflı
Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial media fəaliyyətinə dair təlim keçirilib

21 yanvar 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) direktorları və əməkdaşlarının iştirakı ilə Mərkəzlərin sosial media səhifələrinin aktivliyinin artırılması və düzgün kontent strategiyasının qurulması mövzusunda təlim təşkil olunub. Dövlət Komitəsinin Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli Mərkəzlərin fəaliyyətinin önəminə diqqət çəkərək, bu fəaliyyətin düzgün işıqlandırılmasının vacibliyini vurğulayıb. Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva tərəfindən keçirilən təlim zamanı UADM-lərin sosial mediada rəsmi və vahid təmsilçiliyinin təmin edilməsi, paylaşım planlamasının düzgün qurulması, keyfiyyətli vizual və mətn kontentinin hazırlanması məsələləri ətraflı şəkildə izah edilib. Qeyd edilib ki, sosial media UADM-lərin fəaliyyəti barədə ictimaiyyətin operativ və dolğun məlumatlandırılmasında mühüm rol oynayır və bu sahədə vahid yanaşmanın tətbiqi Mərkəzlərin fəaliyyətinin daha səmərəli təqdim olunmasına imkan yaradır. İnteraktiv formatda təşkil olunan təlim zamanı sosial media fəaliyyətində yol verilən nöqsanlar diqqətə çatdırılıb, mövcud problemlər təhlil olunub və onların aradan qaldırılması istiqamətində praktik həll yolları müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.

Ətraflı