Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi

2025-ci il ərzində müxtəlif mövzular üzrə 87 müraciət daxil olub.Keçirilən 60 tədbirdən 1824 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 89 ailə səfəri edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 1977 nəfər bəhrələnib.

2024-cü il ərzində 133 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 59 tədbirdən 1450 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 69 həssas ailəyə səfər edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 1671 nəfər bəhrələnib.

Ünvan: Hacıqabul rayonu, İsmət Qayıbov küçəsi 9.

Əlaqə nömrəsi: (02120) 4-44-70

Facebook linki: Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi

 

Bakı şəhəri və regionlarda internet resurslarından istifadənin faydaları mövzusunda maarifləndirici görüşlər keçirilib

16-20 fevral 2026-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən internet resurslarından istifadənin faydaları mövzusunda maarifləndirici tədbirlər keçirilib. Təhsil müəssisələrində keçirilən tədbirlərdə Mərkəzlərin əməkdaşları və ekspert qruplarının üzvləri, müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər. Tədbirlərdə ekspertlər təqdimatlar vasitəsilə internet resurslarından istifadənin faydalarından bəhs edib, həmçinin uşaqların internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatları iştirakçıların diqqətinə çatdırıblar. İnteraktiv şəkildə keçirilən tədbirlərdə “Mobil telefonlarda  valideyn  nəzarəti funksiyasından istifadə qaydası” adlı video çarx nümayiş etdirilib, “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” adlı bukletlər paylanılıb.

Ətraflı
Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial media fəaliyyətinə dair təlim keçirilib

21 yanvar 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) direktorları və əməkdaşlarının iştirakı ilə Mərkəzlərin sosial media səhifələrinin aktivliyinin artırılması və düzgün kontent strategiyasının qurulması mövzusunda təlim təşkil olunub. Dövlət Komitəsinin Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli Mərkəzlərin fəaliyyətinin önəminə diqqət çəkərək, bu fəaliyyətin düzgün işıqlandırılmasının vacibliyini vurğulayıb. Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva tərəfindən keçirilən təlim zamanı UADM-lərin sosial mediada rəsmi və vahid təmsilçiliyinin təmin edilməsi, paylaşım planlamasının düzgün qurulması, keyfiyyətli vizual və mətn kontentinin hazırlanması məsələləri ətraflı şəkildə izah edilib. Qeyd edilib ki, sosial media UADM-lərin fəaliyyəti barədə ictimaiyyətin operativ və dolğun məlumatlandırılmasında mühüm rol oynayır və bu sahədə vahid yanaşmanın tətbiqi Mərkəzlərin fəaliyyətinin daha səmərəli təqdim olunmasına imkan yaradır. İnteraktiv formatda təşkil olunan təlim zamanı sosial media fəaliyyətində yol verilən nöqsanlar diqqətə çatdırılıb, mövcud problemlər təhlil olunub və onların aradan qaldırılması istiqamətində praktik həll yolları müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.

Ətraflı
“İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Qəbələ, İsmayıllı, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 15-19 dekabr 2025-ci il tarixlərində təhsil müəssisələrində “İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Mərkəz əməkdaşları, informatika müəllimləri, valideyn və məktəblilərin iştirak etdiyi tədbirlərdə informasiya təhlükəsizliyi barədə məlumat verilib, cəmiyyətdə bu istiqamətdə zəruri bilik və bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edilib. İnternetdən istifadə zamanı diqqət edilməli vacib məqamlar, şəxsi məlumatların qorunması barədə zəruri tövsiyələr verilib, sosial mediadan düzgün istifadə qaydaları izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici material paylanılıb, mövzu ilə əlaqəli sosial çarx nümayiş etdirilib.

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

29 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə “açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Zirə, Ağdam rayonunun Əfətli, Goranboy rayonunun Yuxarı Ağcakənd, Hacıqabul rayonunun Navahı, Qəbələ rayonunun Laza, Saatlı rayonunun Cəfərxan, Sabirabad rayonunun Güdəcühür, Zaqatala rayonunun Fındıqlı, Zərdab rayonunun Yuxarı Seyidlər, Göygöl rayonunun Toğana, İsmayıllı rayonunun Cülyan kənd və qəsəbələrində səyyar şəkildə təşkil olunub. Mərkəzlərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, aliment, boşanma, müalicə, sosial müavinətlər, işlə təmin olunma, təhsil və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb. “Açıq qapı” günündə ümumilikdə 75 nəfər vətəndaşın müraciəti dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı Məmmədovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Layihənin bu dəfəki qonağı Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Məmmədovlar ailəsidir. 39 ildir birgə ömür sürən İntiqam bəy və Leyla xanım 3 oğul böyüdüblər. Onların 5 nəvəsi  var. İntiqam Məmmədov 1957-ci ildə Hacıqabul rayonunda anadan olub. 8 illik məktəbi bitiriərək, 1972-ci ildə Bədən Tərbiyəsi Texnikumuna daxil olub. 1975-1988-ci illərdə Hacıqabul şəhər 5 nömrəli orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib, eyni zamanda 1980-1985-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda qiyabi  təhsil alıb. 1996-cı ildən isə Uşaq İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. Leyla Nəcəfova 1960-cı ildə Hacıqabul rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra 1987-ci ildən  Hacıqabul rayon 5 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Böyük oğlu İqbal Azərbaycan İdman Akademiyasının III kurs tələbəsidir. Ailəlidir, 3 övladı var. Ortancıl və kiçik oğulları Emin və Elçin də atalarının  yolunun davamçısı kimi Azərbaycan İdman Akademiyasını bitiriblər. Vətən müharibəsi iştirakçısı olan Emin ailəlidir və 2 övladı var.   Bu zəhmətkeş ailə ilə müsahibəmizi Sizə təqdim edirik. -       Hörmətli İntiqam bəy və Leyla xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 39 ildir ki, davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Leyla xanım, əvvəlcə Sizdən başlayaq. - Leyla Nəcəfova: Belə deyək ki, xoşbəxt ailənin sirri ondadır ki, ailədə ər-arvad arasında hər zaman həmrəylik olmalıdır. Bəzən olur ki, ailədə kiçik mübahisələr düşür, bu mübahisələr çox vaxt uşaqlarla bağlı olur və qadın bu zaman elə davranmalıdır ki, atanın fikri səhv olsa belə övladlarının yanında ona irad bildirməsin. Çünki bu irad zaman keçdikcə atanın övladlarının gözündə kiçilməsinə səbəb ola bilər ki, bu da nəticədə ailənin təməlinin çökməsinə gətirib çıxarır.  - İntiqam Məmmədov:Xoşbəxtliyin sirrini, zəhmətdə və sadəlikdə görürəm. - Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?  - Leyla Nəcəfova: İlk növbədə bir-birimizi dinləməyə, anlamağa çalışmışıq və hər zaman bir-birimizin fikirlərinə  hörmətlə yanaşmışıq. Elə ev yoxdur ki, orada problem  olmasın. Biz o problemlərin böyüməsinə imkan yaratmamışıq. -       İntiqam bəy sizcə vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? -       Mən düşünürəm ki, vətənə, dövlətə sevgi sonradan qazanılmır. Bu sevgi kiçik yaşlarından başlanır. Onu deyim ki, mənim övladlarımın üçü də Vətənə olan borclarını layiqli şəkildə yerinə yetiriblər. 44 günlük müharibə başlayanda böyük oğlum müharibədə iştirak etmək üçün könüllü muraciət etmişdir. Lakin, yaşını nəzərə alaraq ehtiyatda saxlanılıb. Ortancıl oğlum Emin isə Vətən müharibəsi iştirakçısıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.  -       Leyla xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz?  -       Övladlarımın səhvləri və  doğruları ilə çalışmışam ki, hər zaman yanlarında olum. İşimin gərgin olmasına baxmayaraq bir ana kimi daima onların gündəlik qayğıları mənim prioritetim olub.  Onların hər zaman dostu olmuşam. Eyni zamanda ailədə valideyn və övlad sərhədlərini daim xatırlatmışam.  -       Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Yaxud bugünə kimi nəyisə etmədiyinizə görə təəssüf hissi keçirmisiniz?   -       İntiqam Məmmədov və Leyla Nəcəfova: Fikrimizcə təməldə düzgün təlim-tərbiyə olduqda insan geriyə dönüb baxanda heyifslənməz. Bu günə kimi övladlarımızın tərbiyəsi ilə bağlı “kaş ki” ifadəsini işlətməmişik.  -       Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? -       İntiqam Məmmədov və Leyla Nəcəfova: Ailə kiçik dövlətdir. Ailəni qurmaq, qoruyub saxlamaq, möhkəm təməl yaratmağın da çətinlikləri var. Bunun üçün fədakar və bir-birinə qarşı anlayışlı olmaq, qarşılıqlı hörməti gözləmək lazımdır. Hörmətli Məmmədovlar ailəsinə fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə  təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq, sosial işçiləri və vəkillərin iştirakı ilə 25 iyun 2025-ci il tarixində “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Qala, Ağdam rayonunun Təzəkənd, Goranboy rayonunun Börü, Hacıqabul rayonunun İkinci Udullu, Qəbələ rayonunun Abrıx, Saatlı rayonunun Nəsimikənd, Sabirabad rayonunun Çölbeşdəli, Zaqatala rayonunun Mamrux, Zərdab rayonunun Gödəkqobu, Göygöl rayonunun Üçtəpə, İsmayıllı rayonunun Hacıhətəmli kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, hüquqi məsələlər, aliment, boşanma, əlilliyin müəyyən edilməsi, müalicə, sosial müavinətlər, işlə təmin olunma, istirahət, yaşayış şəraitinin yaxşılaşdırılması, uşaqla ünsiyyət, təhsildən yayınma və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb. “Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
Regionlarda icma sakinlərinin məlumatlandırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib

  12-16 may 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici tədbirlər keçirilib. Erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər barədə icma sakinlərinin məlumatlandırılması məqsədilə keçirilən tədbirlərdə rayon icra hakimiyyəti, polis şöbələri, eləcə də bələdiyyələrin nümayəndələri, din xadimləri, tibb və mətbuat işçiləri, ictimai iaşə obyektində çalışan şəxslər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.  Tədbirlərdə iştirakçılara erkən evlilik və qohum evliliklərinin fəsadları, riskləri, eyni zamanda qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxsin evliliyinə dair qanunveriricilikdə nəzərdə tutulan məsuliyyət barədə məlumat verilib. İştirakçıların sualları cavablandırılıb, maarifləndirmə materialları paylanılıb, videomateriallar nümayiş etdirilib.

Ətraflı
Regionlarda internet resurslarından istifadənin faydaları barədə maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 5-8 may 2025-ci il tarixlərində təhsil müəssisələrində mərkəzlərin və rayon polis şöbələrinin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, müəllimlər, şagirdlər, valideynlərin iştirakı ilə internet resurslarından istifadənin faydaları barədə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə ekspertlər internet resurslarından istifadənin faydalarından bəhs edib, həmçinin uşaqların internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatları iştirakçıların diqqətinə çatdırıblar. Tədbirdə mobil telefonlarda olan valideyn nəzarəti funksiyasından istifadə qaydalarını özündə əks etdirən video-material nümayiş etdirilib, maarifləndirmə materialı paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Ətraflı
Regionlarda Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1-3 aprel 2025-ci il tarixlərində rayonlarda, eləcə də kənd və qəsəbələrdə mərkəzlərin ekspert qruplarının üzvləri, tibb işçiləri, autizm spektr pozuntusu (ASP) olan uşaqların valideynləri, uşaqlarla işləyən mütəxəssislər, icma sakinlərinin iştirakı ilə 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər cəmiyyətin autizm mövzusunda maarifləndirilməsinin vacibliyindən bəhs edib, ölkəmizdə bu istiqamətdə görülən işlərdən danışıblar. Qeyd edilib ki, autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Valideynlər autizm haqqında nə qədər çox məlumatlı olsalar, bir o qədər özlərinə və övladlarına kömək edə bilərlər. İştirakçılara autizmli uşaqlarla düzgün davranış qaydaları barədə zəruri tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı