“Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirildi

24 noyabr 2017

Paylaş:

24 noyabr 2017-ci il tarixində “Four Seasons” (Rast Zalı) mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı ilə birgə “Gender zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası”na həsr olunmuş “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilib.

Tədbir millət vəkilləri, beynəlxalq təşkilatlar, dövlət qurumları, vətəndaş cəmiyyəti və ictimaiyyətin tanınmış nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, dünyanın ən mühüm problemlərindən biri gender əsaslı  zorakılığın qarşısının alınmasında bütün ölkələr  dövlət səviyyəsində iş aparır, mühüm qərar qəbul edirlər. Azərbaycan da bu prosesdən kənarda qalmayıb: “Hətta ölkəmizin ən ağır ictimai-siyasi və hərbi vəziyyətində belə qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Elə ölkəmizin qoşulduğu ilk beynəlxaq konvensiyalar “Uşaq Hüquqları və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”dır. Və bu prosesin davamı olaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusi ilə də Məişət Zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Respublikanın Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun  prezidenti xanım Mehriban Əliyevanın təşəbüsü ilə 2010-cu ildə Məişət Zorakılığının qarşısının alınması haqqında Qanun qəbul olub.”

Komitə sədri qeyd edib ki, Azərbaycan Hökuməti gender əsaslı zorakılığın qarşısının alınması sahəsində çox mühüm işlər görür. İlk növbədə qanunun implementasiyası üçün hakimlər, vəkillər  üçün təlimlər keçirilib və bu öz müsbət nəticəsini verir.  Artıq son iki ildə məhkəmə qərarlarında bu sahədə qəbul olunmuş qanun və qoşulduğumuz konvensiyalara, o cümlədən, «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi» haqqında Konvensiyaya istinad edilir. Yerli icra hakimiyyətlərində  fəaliyyət göstərən   Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının iş keyfiyyətinin artırılması üçün seminarlar təşkil olunub, tövsiyələr verilib. Eyni zamanda, gender məsələləri üzrə təyin  edilmiş əlaqələndirici şəxslər üçün Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında  xüsusi  fakultativ dərslər keçirilib. Komitə  müvafiq dövlət qurumları ilə birgə “Məişət zorakılığının qarşısınin alnması ilə bağlı”  2016-2018-ci ilər üçün  tədbirlər  planı çərçivəsində müvafiq işlər görüb.  Bu ilin oktyabr ayında Məişət zorakılığı ilə bağlı onlayn məlumat bankının təqdimatı keçirildi.

Hicran Hüseynova diqqətə çatdırıb ki, biz çalışırıq çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görək: “Bu  məsələdə biz Heydər Əliyev Fondu, BMT-nin İnkişaf Proqramı, Əhali Fondu ilə sıx əməkdaşlıq çərçivəsində  müxtəlif tədbirlər,  təlimlər, dəyirmi masalar keçiririk. Konkret olaraq qadın məşğulluğu sahəsində çox uğurlu layihələrimiz var. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların  kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Salyanda  Qadın Resurs Mərkəzləri yaranmışdır.”   

Komitə sədri gender əsaslı zorakılıqla mübarizə istiqamətində çox işlərin görüldüyünü, lakin hələ də qarşımızda görüləsi işlərimizin olduğunu deyib: “Zorakılıq faktına görə hər birimiz məsuliyyət hiss etməliyik. Qeyd etmək lazımdır ki, bütün dünyada insanlar gender əsaslı zorakılıqla mübarizə aparmağa, mövcud olan stereotipləri dəyişməyə, qanunvericiliyi təkmilləşdirməyə və imkanları genişləndirməyə çalışırlar. Bu istiqamətdə müvafiq dövlət orqanları və qeyri- hökumət təşkilatları ilə səmərəli fəaliyyətin gücləndirilməsinə xüsusi önəm verilir. Burada məqsəd ictimaiyyətin diqqətini bir daha həmin problemə cəlb etmək və cəmiyyətdə mövcud yanaşmanı dəyişməkdir.  Qadınlara və qızlara qarşı  məişət zorakılığı hallarının  çox və ya az olmasından asılı olmayaraq,  hər bir belə fakta qarşı cəmiyyətin bütün sağlam qüvvələri birləşməlidir.”

Daha sonra Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, ABŞ-ın Azərbaycandakı səfirinin müavini William R. Gill, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, “Gender əsaslı zorakılıq üzrə Monitorinq Qrupu”nun sədri Gülnaz İsrafilova, “Konstitusiya Araşdırmalar Fondu” nun rəhbəri Əliməmməd Nuriyev çıxış ediblər.

Çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, gender əsaslı zorakılığın mənfi təsirini aradan qaldırmaq üçün dövlət qurumları və beynəlxalq inkişaf agentliklərinin əməkdaşlığı vacibdir. O, eyni zamanda qadınlara qarşı zorakılığın onların sağlamlığına, təhsilinə və ictimai həyatda iştirak etməsinə təsir etdiyini deyib.

ABŞ-ın Azərbaycandakı səfirinin müavini William R. Gill qeyd edib ki, gender əsaslı zorakılıq təkcə qadınların və qızların sağlamlığına, ləyaqətinə, təhlükəsizliyinə təsir etmir. O, həm də bütün cəmiyyətləri təhdid edir: "Biz yalnız zorakılığa qarşı ayağa qalxdıqda və dözülməz olana artıq dözmədikdə zorakılığa son qoyula bilər. Bizim analarımız, bacılarımız, qızlarımız və qız dostlarımız tam qiymətləndirildikdə və onlar cəmiyyətdə tam şəkildə iştirak edə bildikdə zorakılıq bitə bilər".

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov bildirib ki, Azərbaycanda ümumilikdə törədilən bütün cinayətlərin çox cüzi hissəsi qadına qarşı törədilən cinayətlərdir. Onun sözlərinə görə, münaqişəli ailələrlə bağlı hüquq-mühafizə orqanları tərəfindən iş aparılır. Buna baxmayaraq, bu gün məişət zorakılığı halları baş verir. A.Adıgözəlov əlavə edib ki, zorakılıqla bağlı hüquq mühafizə orqanlarına daxil olan bütün müraciətlər araşdırılır.

Milli Məclisin Ailə və qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çıxış edərək bildirib ki, Azərbaycanda qadınlar fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa məruz qalırlar: “Azərbaycanda evli qadınların bəzi hallarda qohumlarından təcrid olunması onların psixoloji zorakılığa məruz qalması deməkdir: Onlara işləməyə, valideynləri, qohumları ilə ünsiyyətə icazə vermirlər, istədiklərini etməyə qoymurlar. Rayonlarda qadınlarımıza daha çox psixoloji cəhətdən zorakılıq tətbiq olunur. Buna görə də biz rayonlarda sığınacaqların çoxalmasına üstünlük verilməsinə çalışırıq". A.Naxçıvanlı qeyd edib ki, bununla belə, məişət zorakılığı Azərbaycanda kritik hala çevrilməyib.

Daha sonra çıxış edən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, “Gender əsaslı zorakılıq üzrə Monitorinq Qrupu”nun sədri Gülnaz İsrafilova Nizami rayonunda baş vermiş zorakılıq halları barədə danışıb. O, rayon icra hakimiyyətinin daxili əmri ilə təyin olunan məişət zorakılığı ilə bağlı məsul şəxlərin gördüyü mühüm işlər barədə məlumat verib və bu cür əhəmiyyətli tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb. 

“Konstitusiya Araşdırmalar Fondu”nun rəhbəri Əliməmməd Nuriyev isə Komitənin yanında yaradılan İctimai Şuranın əhəmiyyətindən bəhs edib. O, “Konstitusiya Araşdırmalar Fondu” tərəfindən məişət zorakılığının, qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb və vətəndaş cəmiyyəti təşkilatlarının bu istiqamətdə fəaliyyətinin vacibliyini qeyd edib.

Qeyd edək ki, “Gender zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası” 25 noyabr "Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” tarixindən başlayaraq 10 dekabr “İnsan Hüquqları Günü” tarixinədək davam edən beynəlxalq kampaniyadır. Kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.