“Yüksək səviyyəli statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair” beynəlxalq seminar işə başlayıb

30 may 2017

Paylaş:

30 may 2017-ci il tarixində keçirilən seminarda BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutu, MDB Dövlətlərarası Statistika Komitəsi, İslam Əməkdaşlıq Təşkilatı, İslam Ölkələrinin Statistik, İqtisadi, Sosial Tədqiqatlar və Təlim Mərkəzi, Almaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri iştirak edir.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional  və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli, əlçatan, vaxtlı-vaxtında verilən, etibarlı və təfsilatlı məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir. O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının həyata keçirilməsi statistiklərin üzərinə yeni vəzifələr qoyur: “Dövlət qurumlarının reyestr bazaları Dövlət Statistika Komitəsinin reyestr bazasına inteqrasiya olunmalıdır. Bunun üçün beynəlxalq qurumlarının dəstəyinə böyük ehtiyac var”.

Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanda qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın genişləndirilməsi, bütün sahələrdə inkişafın davamlılığının təmin edilməsi məqsədilə ciddi addımların atıldığını deyib. Bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Milli Əlaqələndirmə Şurası fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlər görüb və qarşıda hələ də bir çox mühüm vəzifələr dayanır.

Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, BMT-yə üzv olan 193 ölkə Dayanaqlı İnkişaf Məqsədlərinə qoşularaq 2030-cu ilədək yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək üçün 17 məqsəd üzrə hədəflər müəyyən etmişdir. Və bu Dayanaqlı  İnkişaf Məqsədlərinə nail olmaq üçün dəqiq və  müasir  məlumatlara  böyük ehtiyac vardır. Təbii ki,  öz-özlüyündə statistik məlumatlar dünyanı dəyişə bilməz, lakin onlar tələbatı müəyyənləşdirməyə kömək edir və göstərir ki, hansı istiqamətdə iş aparmaq lazımdır. Ölkənin demoqrafik balansının inkişafı, təhsil, sağlamlıq, məşğulluq   sahibkarlıq və ictimai fəaliyyət sahəsində bir çox məsələlərin həlli statistik göstəricilərin izlənilməsindən  irəli gəlir. Və əlbəttə ki, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi üçün də  statistik məlumatlara ehtiyac vardır.

Tədbirin 6 sessiyasında mövcud vəziyyət: qlobal və regional səviyyədə əldə olunan nailiyyətlər, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə milli göstəricilər sistemi: cari vəziyyət və ehtiyaclar, milli və qlobal məlumatlar, statistik biznes proseslərin transformasiyası və müasirləşdirilməsi, çağırışlara adekvat cavab: statistik potensialın artırılması üçün imkanlardan istifadə, nəticələr və tövsiyələr mövzuları üzrə çıxışlar və iştirakçı ölkələrin təqdimatları nümayiş olunacaq.