“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib
Paylaş:
2 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib.
Açılış nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova, bu günün bütün dünyada Beynəlxalq Qeyri-zorakılıq Günü kimi qeyd edildiyini, uşaqlara qarşı zorakılıqla mübarizənin bir istiqaməti kimi informasiya təhlükəsizliyi məsələsinin bütün cəmiyyətlərdə ilk yerdə dayandığını söyləyib. İnformasiya proseslərindən təsirlənən ən həssas təbəqə olan uşaqların müdafiəsi istiqamətində beynəlxalq, eləcə də milli qanunvericilikdən söz açan sədr, uşaqların zərərli informasiyadan qorunması istiqamətində ölkəmizdə güclü hüquqi bazanın formalaşdırıldığını və qəbul edilən müvafiq qanunvericilik aktlarının Komitə, eləcə də müvafiq qurumların üzərinə böyük vəzifələr qoyduğunu diqqətə çatdırıb. O, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun icrasına nəzarəti həyata keçirən müvafiq dövlət orqanları kimi Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Audiovizual Şura olaraq müəyyənləşdirildiyini, 2021-ci ildə adı çəkilən qurumların rəsmi nümayəndələri və 3 müstəqil ekspert daxil olmaqla Ekspert Şurası yaradıldığını diqqətə çatdırıb.
Bahar Muradova əlavə edib ki, Komitə bu sahədə istər dövlət qurumları, istərsə də özəl təşkilatlar, vətəndaş cəmiyyəti istitutları ilə birgə fəaliyyət göstərir, müxtəlif layihələr həyata keçirir, ekspertlərin bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təlimlər təşkil edir, uşaqlar və media mövzusunda müxtəlif vəsaitlər dərc edir. O, informasiya istehsalçıları və yayımçılarının uşaqları əhatə edən mövzuları işıqlandırarkən məsələyə son dərəcə diqqətli və həssas yanaşmalarının vacibliyini diqqətə çatdırıb. Çıxışının sonunda sədr, aparılacaq müzakirələrin sözügedən sahədə fəaliyyətin genişləndirilməsinə, eləcə də ardıcıl və koordinasiyalı işin təşkilinə kömək olacağına ümidini ifadə edib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, infodemiya – müxtəlif məzmunlu informasiya bolluğu dövründə uşaqların zərərli, manipulyativ və saxta informasiyalardan qorunması olduqca vacibdir. O, uşaq və yeniyetmələri informasiya məkanında artan təhlükələrdən qorumaq məqsədilə dövlət tərəfindən hüquqi və əməli tədbirlərin görüldüyünü, sistemli fəaliyyət reallaşdırıldığını bildirib və bu sahədə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Nazirliyin sözügedən sahədə gördüyü işlər haqqında məlumat verən S.Yusifova, mədəniyyət konsepsiyasının işləndiyini və qanunvericilik aktlarının müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində fəaliyyətin həyata keçirildiyini vurğulayıb.
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov çıxışında informasiya kirliliyi dövründə təhlükəsizlik məsələləri ilə bağlı koordinasiyalı iş aparılmasının, həmçinin maarifləndirmənin əhəmiyyətindən danışıb. F.Novruzov, Azərbaycanda qeyd edilən sahədə böyük bir qanunvericilik bazası olduğunu, eyni zamanda müəyyən təkmiləşdirməyə ehtiyac olduğunu diqqətə çatdırıb. O, Audiovizual Şuranın mütəmadi olaraq televiziya və radio yayımında monitorinqlər həyata keçirdiyini, pozuntular aşkar edildikdə nəticələrə uyğun tədbirlər görüldüyünü qeyd edib.
Dövlət Komitəsinin sədr müavini, Ekspert Şurasının Aynur Sofiyeva çıxış edərək, uşaqları təhlükəli informasiyadan qorumaq istiqamətində ictimai dəstəyin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu sahədə görüləcək tədbirlər uşaqları sağlam şəkildə yetişdirmək üçün atılacaq təməl addımlardan ən birincisi, gələcəyə olan yatırımdır. İnformasiya bolluğu dövründə qarşıda duran ən vacib məsələnin uşaqları mümkün təhlükələrdən qorumaq olduğunu söyləyən A.Sofiyeva, bu mübarizədə ən təsirli silahın təbii immunitet çevrəsinin yaradılması, eləcə də təhsil və məlumatlılıq olduğunu qeyd edib. Çıxışının davamında Ekspert Şurasının fəaliyyəti ilə bağlı məlumat verən sədr müavini, informasiya məhsulunun yaş təsnifatının aparılması sahəsində Komitə tərəfindən aparılan iş nəticəsində 3 ekspertə ixtisas attestatının verildiyini diqqətə çatdırıb.
Daha sonra “Uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi məqsədilə aparılmış araşdırma”ya dair hesabatın təqdimatı keçirilib. “Gənclərin Tərəqqisinə Dəstək” İctimai Birliyinin rəhbəri Eldar Nağıyev təqdimatla çıxış edərək təhlil barədə məlumatları diqqətə çatdırıb.
Konfrans müzakirələrlə davam edib.
Azərbaycanda informasiya təhlükəsizliyi istiqamətində sistemli və kompleks addımlar atıldığını diqqətə çatdıran "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov qeyd edib ki, bu məsələnin böyük önəm kəsb etməsi həm 44 günlük Vətən müharibəsi, həm də Qarabağda separatçı rejimin zərərsizləşdirilməsi məqsədilə keçirilən antiterror tədbirləri zamanı özünü göstərdi. Məsələnin qloballığına toxunan sədr, kiber-hücumların əsas hədəfinin uşaqlar olduğunu bildirib, onları informasiya təhlükəsindən qorumaq üçün ilk növbədə dünya təcrübəsinə əsasən, filtr sistemlərindən istifadənin önəmindən danışıb.
Çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid uşaqların informasiya təhlükəsizliyi məsələsinin mühüm məqamlarına toxunub, əsas tənzimləyici vasitənin filtr proqramları və valideyn məsuliyyəti olduğunu bildirib. O, Dövlət Komitəsi tərəfindən hazırlanmış hesabatı, eləcə də qadın və uşaq mövzularının mediada işıqlandırılması prinsiplərini özündə əks etdirən tövsiyələri yüksək qiymətləndirib, gələcəkdə bu sahədə birgə əməkdaşlıq təkliflərini irəli sürüb.
Bu günün ən aktual probleminin informasiya təhlükəsizliyi olduğunu söyləyən “ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov, uşaqların zərəli informasiyadan qorunması məqsədilə ən erkən yaşlarda maarifləndirmənin aparılmasının, eləcə də düzgün qurulan valideyn-uşaq münasibətlərinin önəmini qeyd edib.
Uşaqların kiçik yaşlardan internet təhlükəsizliyi problemi ilə üz-üzə qaldığını qeyd edən “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İB-nin sədri Şəmil Sadiq, problemin kökündə resurslarımızın azlığının dayandığını bildirib. O, uşaqlar üçün yerli kontentin inkişaf etdirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb. Mütaliənin əhəmiyyətindən bəhs edən Ş. Sadiq qeyd edib ki, biz uşaqlarımızı sağlam böyüdərək, mədəniyyətimizi qoruyacağıq.
Konfransın davamında "Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə" İctimai Birliyinin rəhbəri, İctimai şura üzvü Elnarə Məhərrəmova, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri Mehriban Abdullayeva, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İB-nin sədri Aynur Zülfüqarova, “Uşaq Səfirlər Məclisinin üzvü Ayan Əhmədova, psixoloq Elmira Mirzəyeva çıxış edərək, bu sahədə mümkün həll yolları ilə bağlı təklif və fikirlərini səsləndiriblər.