“Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və yerli mexanizmlərin təkmilləşdirilməsi” mövzusunda regional konfrans keçirilib
Paylaş:
26 oktyabr 2022-ci il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və yerli mexanizmlərin təkmilləşdirilməsi” mövzusunda regional konfrans keçirilib.
“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə təşkil edilən konfransda zorakılığa məruz qalmış uşaqların hüquq və mənafelərinin qorunması, məişət zorakılığı baş vermiş ailələrdə uşaqların hüquqlarının müdafiəsi, qanunvericilikdə nəzərdə tutulmuş yardım və xidmətlərlə təmin edilməsi, bu sahədə qurumlararası əlaqələndirmənin gücləndirilməsi, zorakılıq törədənlərlə işin təşkili və mövcud boşluqların aradan qaldırılması istiqamətində müzakirələrin aparılmasıdır.
Konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Daha sonra 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəfə alaraq, törətdiyi Gəncə terroru qurbanlarının xatirəsi anılıb.
Davamında Heydər Əliyev Mərkəzinə baxış keçirilib və fəaliyyəti haqqında məlumat verilib.
Konfransı açıq elan edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. O qeyd edib ki, ölkəmizdə dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır. Bütün sahələrdə qadınların, qızların və uşaqların hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranıb. N. Bayramov əlavə edib ki, Dövlət Komitəsinin qarşısında duran ən mühüm vəzifələr ailə dəyərlərinin qorunması, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılmasıdır: “Bu isə bir daha möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailələrə olan diqqət və qayğısının bariz nümunəsidir” deyə o əlavə edib.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkəmizdə insan hüquqları sahəsində ən dinamik inkişaf edən istiqamətlərdən birinin məhz uşaq hüquqları olduğunu diqqətə çatdırıb. Bu məsələlərin çox sayda dövlət orqanlarının səlahiyyət dairəsinə daxil olduğunu qeyd edən sədr, Komitənin də öz növbəsində bu sahədə fəaliyyəti əlaqələndirən qurum olaraq, qanunvericiliyin təkmilləşdirilməsi, effektiv mexanizmlərin formalaşdırılması, sahə mütəxəssislərinin peşəkarlığının artırılması istiqamətində gördüyü işləri, eyni zamanda uşaq hüquqlarının müxtəlif aspektləri ilə bağlı araşdırma və təhlillər aparıldığını vurğulayıb: “Bunlar uşaqlara qarşı zorakılıq, uşaq nikahları, uşaqlar arasında narkotik və psixotrop maddələrdən istifadə, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektləri, mövcud ailə münasibətləri, uşaqlar arasında internetdən istifadə, küçə həyatına məruz qalan uşaqlar, intiharlar kimi mövzulara həsr edilib”.
Dövlət uşaq siyasətinin hüquqi əsaslarından bəhs edən B.Muradova, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın əsas isitqamətlərindən birinin çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial müdafiəsi və reabilitasiyası olduğunu söyləyib.
Həyata keçirilən tədbirlərdən, yaradılan reabilitasiya mərkəzləri, sığınacaqlar, qaynar xətt və dəstək xidmətlərindən bəhs edən sədr, mövcud uşaq müdafiə mexanizmlərinin daha təkmil və müasir tələblərə uyğun formalaşdırılması, hər bir uşağın maraq və ehtiyaclarının nəzərə alınması üçün qarşıda yeni çağırışların, vəzifələrin durduğunu bildirib.
Çıxışının davamında sədr əlavə edib ki, 2023-cü ilin yanvar ayında BMT-nin Uşaq Hüquqları Komitəsində (CRC) “Uşaq hüquqları haqqında” Konvensiyanın ölkəmiz tərəfindən yerinə yetirilməsinə dair növbəti dövri hesabat dinləniləcək.
B.Muradova məsələyə daha operativ və çevik reaksiya vermək üçün qurumlararası əlaqələndirmənin, eləcə də media və ictimai təbəqələrlə işin daha səmərəli təşkilinin, xüsusilə də işğaldan azad olmuş ərazilərdə fəaliyyəti intensivləşdirməyin və bu sahədə sosial-psixoloji xidmət işini təşkil etməyin əhəmiyyətindən danışıb. Ölkəmizdə uşaqların rifahı üçün həyata keçirilən tədbirlərə kölgə sala biləcək boşluqların aradan qaldırılmasında səyləri birləşdirməyi, daha əzmlə çalışmağı arzu edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, hər bir cəmiyyətdə uşaqların sosial müdafiəsi, sağlam və firavan böyüməsi, onların fiziki və mənəvi inkişafı üçün həyata keçirilən siyasət ümumi inkişafın əsas keyfiyyət göstəricilərindən biri kimi çıxış edir. Sivil və ümumbəşəri dəyərləri yüksək tutan ölkəmiz də uşaqların münasib şəraitdə böyüyərək tərbiyə olunmaları, mütərəqqi tələblər əsasında təhsil almaları, layiqli vətəndaş kimi formalaşmalarının təmin edilməsi sahəsində fəal siyasəti ilə fərqlənir: “Bir çox ölkələrdə olduğu kimi respublikamızda da dövlətin sosial-iqtisadi inkişafının əsas istiqamətini sosial problemlərin həll olunması təşkil edir. Xüsusilə vurğulamaq lazımdır ki, uşaqlarla bağlı icra olunan bir sıra layihələrdə zorakılığa məruz qalan uşaqların problemlərinə həssas yanaşılır, onlarla psixoloqlar və sosial işçilər lazımi dəstəyi göstərir.”
Çıxışının davamında H.Abdullayev, baxımsız və kimsəsiz yetkinlik yaşına çatmayanların sosial müdafiəsi istiqamətində Nazirlik tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumatları qeyd edib.
Cari ildən “Qayğı" Çağrı Mərkəzinin (116 123) fəaliyyətə başladığını diqqətə çatdıran H. Abdullayev, Çağrı Mərkəzi vasitəsilə Agentliyin təqdim etdiyi sosial xidmətlər, o cümlədən məişət zorakılığı halları və çətin həyat şəraitində olan uşaqlarla bağlı, habelə onlayn psixoloji dəstəyin göstərilməsi ilə əlaqədar müraciətlərin cavablandırılmasının təmin olunduğunu bildirib.
O əlavə edib ki, sosial rifah dövlətinin qurulması cənab İlham Əliyevin yeni islahatlar kursunun strateji xəttini təşkil edir.
Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov, tədbirin son dərəcə vacib bir məsələyə həsr olunduğunu qeyd edib. O, konfransın təşkilindəki təşəbbüskarlığa görə Komitəyə təşəkkürünü bildirib.
Uşaqların zorakılıqla qarşı-qarşıya qalmasının bütün dünyada aktual problem olduğunu qeyd edən nazir müavini, bu məsələnin ən yüksək beynəlxalq səviyyədə və qlobal miqyasda müzakirə olunduğunu əlavə edib: “Məlumdur ki, uşaqlara laqeyd münasibət, onlarla kobud rəftar da zorakılıq növü hesab olunur. Uşaqlara qarşı törədilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olan amillərdəndir”.
O qeyd edib ki, təhsil müəssisələrində baş verən xüsusi hallar barədə məlumatların operativ və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün ötən ildən 146-2 “Qaynar xətt“ xidməti istifadəyə verilib, bununla da məlumatların operativ olaraq Nazirliyə çatdırılması, nəzarətə götürülməsi təmin edilib.
Firudin Qurbanov bildirib ki, təhsil sistemi uşaqlara qarşı zorakılığın qarşısının alınması və profilaktikası üçün böyük potensiala malikdir. Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə taşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Məktəblinin dostu" pilot layihəsindən bəhs edən nazir müavini, layihənin əsas məqsədinin müəllim, şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardımın göstərilməsi, şagirdlərin asudə vaxtının səmərəli təşkili, şagirdlər, valideynlər və müəllimlərlə maarifləndirmə işinin həyata keçirilməsi olduğunu əlavə edib. O, layihə çərçivəsində Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 226 məktəbdə 400 nəfərin "Məktəblinin dostu" işinə cəlb edildiyini qeyd edib.
Nazir müavini çıxışının sonunda qeyd edib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində Təhsil Nazirliyi tərəfindən atılan addımlar həm maarifləndirici tədbirlərin keçirilməsini, həm tədris proqramlarına müvafiq mövzuların daxil edilməsini, həm də yeniyetmə və gənclərə müvafiq praktiki bacarıqların aşılanmasını əhatə edir.
Tədbirin əhəmiyyətini vurğulayan Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev uşaq hüquqlarının müdafiəsi, onların hərtərəfli qayğı ilə əhatə olunması, zorakılığa şərait yaradan halların aradan qaldırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O, qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşaq hüquqlarının təmin olunması, onların təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi ilə kompleks tədbirlər həyata keçirildiyini bildirib.
Nazirlik tərəfindən uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, zorakılığa və qeyri-insani rəftara məruz qalması, qanunsuz fəaliyyət göstərən icmalara cəlb edilməsinin qarşısının alınması, eləcə də internet təhlükəsizliyi ilə bağlı tədbirlər daim diqqət mərkəzində saxlandığı diqqətə çatdırılıb.
Müzakirələrdə iştirak edən Göygöl rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Baş Prokurorluqda İdarə prokuroru Şahin Şükürov, Gəncə rayon icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Naftalan rayon icra hakimiyyətinin nümayəndəsi Afət Mustafayeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Nelli Veysova, Samux rayon icra hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova və digərləri çıxış edərək uşaqların təhlükəsizliyi və müdafiəsi, məişət zorakılığı ilə mübarizə, bu istiqamətdə qurumlararası koordinasiyanın və opeativ əlaqələndirmənin gücləndirilməsi, çevik reaksiya tədbirlərinin görülməsi istiqamətində fikir və təkliflərini səsləndiriblər.