İctimai-siyasi reallıqlar kontekstində qadın hüquqları mövzusu müzakirə edilib

5 mart 2022

Paylaş:

4 mart 2022-ci il tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilib.
Konfransa Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Gülşən Paşayeva moderatorluq edib.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq, uğurlu əməkdaşlıq nəticəsində ötən il də bu formatda bir neçə onlayn tədbir və görüşlərin keçirildiyini diqqətə çatdırıb. Son illər əldə edilmiş müsbət nailiyyətlər, uğurlu nəticələrdən bəhs edən sədr Azərbaycanda sağlam ictimai-siyasi birliyin, dialoq və müzakirə üçün çox gözəl mühitin yarandığını, ölkə daxilində ziddiyyətlərə aparıb çıxara biləcək bütün məsələlərin nəzərə alınaraq, diqqətdə saxlandığını qeyd edib: “Bu ictimai-siyasi reallıqlar Azərbaycanın siyasi mühiti üçün gözəl perspektivlər vəd edir. Yeni siyasi konfiqurasiyaya əsaslanaraq ölkədə həyata keçirilən siyasət nəticəsində həm də bölgədə yeni siyasi reallıqlar yaranıb. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazilərini işğaldan azad edərək ədalətli mövqeyini bütün dünyaya nümayiş etdirdi, eləcə də regionun gələcəyi üçün çox gözəl bir nümunə göstərdi”.
Komitə sədri bildirib ki, yaradılan bu gözəl mühitdə Azərbaycanda və dünyanın bir sıra ölkələrində 8 Mart qadın hüquqları, onun təminatı və bəyan edilməsi və ondan sonra keçən inkişafı özündə əks etdirən bir gün kimi qeyd olunmaqdadır. Azərbaycanda da buna özünəməxsus bir münasibət var. Dövlət hər zaman bu ərəfədə və ümumiyyətlə qadın hüquqlarının təmin olunması istiqamətində ciddi addımlar atır. Həm beynəlxalq öhdəliklərimizi, həm daxili milli qanunvericiliyimizin tələblərini əldə rəhbər tutaraq bu hüquqların əlçatanlığı, dövlət və cəmiyyət tərəfindən təminatları və ondan rahat istifadə, eyni zamanda cəmiyyətdə və dünyada gedən proseslərin diktə etdiyi çağırışlara uyğun yeni baxışların formalaşmasına, qanunvericilik aktlarının təkmilləşdirilməsi, müasir mexanizmlərin yaradılmasına yönələn siyasət aparılmaqdadır.”
O diqqətə çatdırıb ki, Azərbaycanda qadın hüquqları milli qanunvericiliklə tənzimlənir və bu sahə üzrə qanunlarda əksini tapan müddəalara əməl edilməsi, problemlərin həll olunması prioritet məsələlərdir.
“Gender bərabərliyinin (kişi və qadınların) təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunları qeyd edən B. Muradova bildirib ki, cənab Prezidentin imzladığı bir sıra fərman və sərəncamlar, qəbul olunmuş strategiyalar, fəaliyyət proqramları ən müxtəlif dövlət orqanlarının üzərinə bu sahədəki problemləri aradan qaldırmaq və perspektivə yönəlik qadın iştirakçılığını genişləndirmək, onun təmsilçiliyini ən yüksək səviyyəyə qaldırmaq və bu problemlərin həlli üçün cəmiyyətin və dövlətin imkanlarını bir araya gətirmək kimi vəzifələr və tapşırıqlar qoyur. Bu proseslərdə qarşıya çıxan problemlərin həlli üçün mövqeyimizi bir araya gətirə biləcəyik.
Komitə sədri çıxışının sonunda bir daha qarşıdan gələn 8 Mart Qadınlar Günü münasibəti ilə bütün qadınları təbrik edərək vurğulayıb ki, dünyamızın rahat, azad və təhlükəsiz olması üçün gedən proseslərdə qadınların iştirak etməsi çox önəmlidir və bu sahəyə öz töhfəmizi verə biləcəyik.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək bildirib ki, beynəlxalq ictimaiyyət bəşəriyyətin inkişaf məqsədlərini müəyyənləşdirərkən demokratiya, sosial ədalət və tolerantlığın əldə olunmasının gender bərabərliyindən asılı olduğunu bəyan etmişdir. Azərbaycanın yürütmüş olduğu gender siyasətinin tələblərinə uyğun olaraq, ölkədə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunmuş, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılmışdır.
S. Əliyeva qeyd edib ki, Ombudsman tərəfindən qadınların pozulmuş hüquqlarının bərpası, gender bərabərliyinin təmini və təbliği sahəsində geniş fəaliyyət həyata keçirilmişdir ki, bu da ölkəmizdə həyata keçirilən gender siyasətinə dəstək vermişdir. Qadınların problemlərinə diqqətlə yanaşılaraq, təsisata müraciət etmək üçün əlçatanlıq tam təmin edilmiş, qadın hüquqları ilə bağlı Ombudsmana ünvanlanmış çoxsaylı müraciətlər araşdırılmış, müraciət edən bir çox qadınların hüquqları təmin edilmişdir. Qadınların regionlarda fəallığının artırılması, qadın sahibkarlığının inkişaf etdirilməsinə diqqət çəkən S. Əliyeva Ombudsman tərəfindən sahibkar qadınlarla görüşlər keçirildiyini, onların problemləri ilə bağlı müzakirələrin aparıldığını, zəruri tədbirlərin görüldüyünü qeyd edib. O, təhsildə genderə həssas mühitin yaradılması, məktəbə gedən qızların sayının və davamiyyətinin artması, gənc analara dəstək mexanizmlərinin təşkili, qeyri-formal təhsil imkanlarının genişləndirilməsi və texniki peşə yönümlü təhsilə qızların daha çox cəlb olunması sahəsində geniş tədbirlər və maarifləndirmə proqramlarının həyata keçirildiyini diqqətə çatdırıb.
Bu gün dövlətin qarşısında duran əsas vəzifənin azad edilmiş ərazilərin minalardan təmizlənməsi, dağıdılmış infrastrukturun, Azərbaycan xalqının tarixi abidələrinin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi olduğunu vurğulayan Ombudsman bildirib ki, cəmiyyətin hər bir üzvü kimi Azərbaycan qadını post münaqişə dövründə həyata keçirilən tədbirlərdə, o cümlədən, sülh quruculuğu prosesində yaxından iştirak etməli, öz bilik və bacarığını əsirgəməməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova çıxışında bildirib ki, türk dünyasında qadının siyasi və sosial rolu hər zaman olduqca fəal olub. Bunun bariz nümunəsi qədim milli eposumuz “Kitabi-Dədə Qorqud”un qəhrəman qadınlarıdır. O, müasir dövrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyanın siyasi arenasında öz sözünü deyən ən nüfuzlu qadınlar sırasında öncül yer tutduğunu vurğulayaraq, onun öz fəaliyyəti ilə qadın hərəkatını nəinki canlandırdığını, həm də yeni bir mərhələ açdığını, qadın hərəkatının forma və metodlarını müasirləşdirdiyini qeyd edib.
Bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyaların həmrəylik nümayiş etdirdiyini deyən S. Salmanova Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti haqqında məlumatları diqqətə çatdırıb və əlavə edib ki, şöbənin qarşısında duran prioritet məsələlərdən biri də ölkədə siyasi həmrəylik formulunun yaradılması, siyasi partiyalarla əməkdaşlıq və sivil siyasi münasibətlər sisteminin formalaşdırılmasını təşkil etməkdir.
S. Salmanova xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişlərinə uyğun olaraq, həyata keçirilən fəaliyyətlər Azərbaycanda siyasi münasibətlərin dünyanın inkişaf etmiş ölkələrindəki kimi sivil, müasir standartlar müstəvisində cərəyan etməsi ilə nəticələnib. Azərbaycanda həmrəyliyin əsas elementlərindən biri də xalqın hakimiyyətə etimadıdır. Bu etimad və uzaqgörən siyasətin hesabına siyasi partiyalar və vətəndaş cəmiyyətinin digər seqmentləri Prezidenti dəstəkləyir. Bu gün hər kəs Azərbaycanda Prezident - xalq vəhdətinin şahididir.
Daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitənin sədri Nərmin Əzizova “Gender bərabərliyi və problemlərinin sosial rifaha təsiri” mövzusunda, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Münaqişədən zərər çəkmiş qadınların hüquqlarının müdafiəsi” mövzusunda, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Azərbaycanın əmək bazarında qadın təmsilçiliyi” mövzusunda, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl “Qadınların inkişafında vətəndaş cəmiyyətinin rolu” mövzusunda, Milli Məclisin Elm və Təhsil Komitəsinin, Ailə, qadın və uşaq Komitəsinin üzvü, YAP İdarə heyətinin üzvü Pərvin Kərimzadə “Təhsil qadın hüquqlarının əsas komponenti kimi” mövzusunda məruzələrlə çıxış ediblər.
Bildirilib ki, gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual məsələlər sırasındadır. Azərbaycan hökuməti tərəfindən qadınların hüquqlarının təmin edilməsi, cinsi ayrı-seçkiliyə son qoyulması, məişət zorakılığının qarşısının alınması istiqamətdə ciddi addımlar atılır, nailiyyətlər əldə edilir. Qeyd edilib ki, milli qanunvericilikdə qadınların məşğulluğun təmin edilməsi üçün geniş müddəalar öz əksini tapıb, güzəşt və imtiyazlar müəyyən edilib, eyni zamanda qeyri-hökumət təşkilatlarında və sahibkarlıq fəaliyyətində təmsil olunmaları üçün geniş imkanlar yaradılır.
Yekun nitqi ilə çıxış edən Bahar Muradova qeyd edib ki, qadının cəmiyyət və dövlət həyatı üçün əhəmiyyəti və onun bərabər məsuliyyət daşımağa haqqı və imkanı olmasını əldə etmişik: “Bu gün gəldiyimiz qənaətlərdən biri də ondan ibarətdir ki, Azərbaycan çox böyük yol keçib və bu məsələnin qadın hüquqları, onun təminatları, ayrı-ayrı istiqamətləri ilə bağlı burda dinlənilən məruzələr və verilən təkliflər onu göstərdi ki, biz daha ciddi səy göstərməklə bu problemlərin öhdəsindən gələ və daha çox nəticələr əldə edə bilərik.”
Konfransın sonunda “Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyasına qoşulmuş özəl sektor nümayəndələri və sahibkar qadınlar mükafatlandırılıb. Qeyd edək ki, kampaniya çərçivəsində respublikanın müxtəlif regionlarında aztəminatlı ailələrdən olan və ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə edən tələbə qızlara dəstək göstərilib.