Gender Komissiyalarının nümayəndələri üçün maarifləndirici təlim təşkil olunub

10 dekabr 2021

Paylaş:

10 dekabr 2021-ci il tarixində Lənkəran-Astara iqtisadi rayonu üzrə yaradılmış Gender Komissiyalarının nümayəndələri üçün bələdiyyələrin hüquq və vəzifələri, gender bərabərliyi, liderlik mövzularında maarifləndirici təlim keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə 2012-ci ildən etibarən qadınların ictimai həyatda iştirakının və fəallığının artırılması və gücləndirilməsi, eyni zamanda yerli özünü idarəetmədə-bələdiyyələrdə gender yönümlü idarəetməni təmin etmək məqsədilə bir sıra layihələr həyata keçirir.
Birgə həyata keçirilən “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində 2020-ci ildə Respublikanın 15 rayon və şəhərində Bələdiyyələrdə Gender Komissiyaları yaradılmış və əlavə 15 bələdiyyədə gender komissiyasının yaradılması nəzərdə tutulmuşdur.
10 dekabr 2021-ci il tarixində Lənkəran şəhər Mədəniyyət Mərkəzində (Lənkəran-Astara iqtisadi rayonu) seçilmiş bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının nümayəndələri üçün bələdiyyələrin hüquq və vəzifələri, gender bərabərliyi, liderlik mövzularında təlim təşkil edilib.
Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi açılış nitqləri ilə çıxış edərək ilk növbədə yerli özünüidarəetmə orqanlarında gender komissiyalarının yaradılmasının vacibliyini vurğulayıblar.
Həmçinin yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyət göstərdiyini qeyd edən Sədaqət Qəhrəmanova icra başçısı müavinlərinin həmin qruplara rəhbərlik etdiyini bildirib. Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsində bələdiyyələrin də rolunu qeyd edib.
Daha sonra Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov yerli özünüidarəetmə orqanlarında Gender Bərabərliyi Komissiyasının mahiyyəti, beynəlxalq konvensiya və milli qanunvericilik aktları, bələdiyyələrdə gender məsələləri üzrə məsul şəxslərin hüquq və vəzifələri mövcud problemlər, çıxış yolları və bu istiqamətdə təcrübə mübadiləsinin mühüm əhəmiyyəti barədə təlim iştirakçılarına məlumat verib.