Qızlar məktəbinin yaranmasından 120 il ötür
Paylaş:
1901-ci il oktyabrın 7-də böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü və bir neçə il davam edən səyləri nəticəsində Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başladı.
“Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir” deyən H.Z.Tağıyevin min-bir əziyyət bahasına açdırdığı qızlar məktəbi 20-ci əsr müsəlman Şərq təhsil tarixində çevrilişə səbəb oldu.
Bakıda qızlar məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə İmperator III Aleksandrdan icazə istəsə də, cavab müsbət olmur. Çar II Nikolay taxta çıxanda Hacı yenidən buna cəhd edir: 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev çarın xanımı Aleksandra Fyodorovnanın adını daşıyan bir qız məktəbinin açılmasını xahiş edir. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan H.Z.Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yerin seçilməsinə və inşasına diqqət yetirirdi. Tağıyevin səylərinə baxmayaraq Rusiya imperator idarələrinin süründürməçiliyi ilə məsələnin həlli süni surətdə yubadılırdı. Nəticədə məktəb binasının yerinin müəyyən edilməsinə və tikintisinə 4 il vaxt sərf olundu. Nəhayət müsəlman qızlar məktəbi Bakıda "İsmailiyyə” binasının yanında tikildi. Daha sonra bu binada Azərbaycan Xalq Cumhüriyyətinin parlamenti yerləşmişdir. Hazırda isə burada Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu fəaliyyət göstərir.
"Tağıyevin məktəbi" kimi tanınan bu təhsil ocağı ilk qığılcım kimi cəmiyyətimizin maarif və təhsil sahəsində canlanma yaratdı. Bu məktəbin məzunları daha sonra Azərbaycan xalqının həyatında böyük rol oynayıb, onun maarifçiliyinə töhfə verdilər. Məktəbini bitirən Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan Liza Muxtarova, Züleyxa xanım Vəliyeva və onlarla qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar.
Bir neçə il sonra Bakıda artıq qız məktəblərinin sayı artdı. Nəticədə Qızlar məktəbi Müəllimlər seminariyası kimi fəaliyyət göstərməyə başladı. Məktəbin məzunları da burada dərs deyirdi. Artıq ilk illərdə qızların oxumasına, məktəbə getməsinə qarşı çıxan ailələr artıq buna normal yanaşır, hətta cəmiyyətdə qızların təhsilinə maraq yaranmışdı.
“Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” deyirdi Hüseyin Cavid. Əsası 20-ci əsr mütəfəkkir və ziyalılarımız tərəfindən qoyulan maarifpərvərlik işinin davamı kimi “Azərbaycan” adını öndə gedən ölkələr sırasında görmək üçün əlindən gələni əsirgəməyən, millətimizin inkişafı yolunda canını qoyan təhsilli vətənpərvərlər ordusu yetişdi və Şərqdə qadınlara seçmək və seçilmək hüququ ilk dəfə 1918-ci ildə məhz Azərbaycanda verildi.
Bu işıqlı yolun davamı kimi günümüzdə oğlan və qızlarımız bərabər imkanlar daxilində təhsil alır və dövlətimizin, cəmiyyətimizin inkişafına töhfə verirlər. Ölkə başçısı cənab İlham Əliyevin, eyni zamanda Birinci-vitse prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təhsilə diqqəti və qayğısı sayəsində yüksək standartlara cavab verən yeni məktəblərin açılması, uşaqların təhsil şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir, uşaqların və gənclərin intellektual vətəndaşlar kimi yetişməsi üçün müxtəlif layihələr, müsabiqələr keçirilir, onların xaricdə təhsil almaq və uğurlu karyera qurmaq imkanları genişləndirilir. Azərbaycanın bütövlüyünə qovuşduğu bir zamanda işğaldan azad olunan torpaqlarımızda da yeni təhsil ocaqlarının açılması istiqamətində layihələr hazırlanır.
Qızlarımızın təhsil alması, cəmiyyətdə gender bərabərliyinin, qadınların iqtisadi iştirakçılığının təmin olunması və ölkənin bütün sahələlərdə inkişafı baxımından xüsusi əhəmiyyətlidir. Böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin dediyi kimi, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanmış oluruq.
Cəmiyyətimizin təhsil və maarifçilik tarixində dönüş nöqtəsi olan Qızlar məktəbi illər keçsə də xatırlanacaq və nəsildən-nəslə əvəzsiz nümunə kimi yad ediləcəkdir.