“Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində sosial işin tətbiqi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirildi
Paylaş:
20 may 2021-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində sosial işin tətbiqi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransın keçirilməsində məqsəd məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsinə töhfə vermək üçün bu sahədə sosial işin aparılmasının elmi-praktiki aspektlərinin araşdırılması, mövcud qanunvericilik və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi sahəsində beynəlxalq təcrübəyə əsaslanan tövsiyələrin hazırlanmasıdır.
Konfransda Milli Məclisin müvafiq Komitəsinin, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyinin və digər dövlət qurumlarının məsul şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri, eyni zamanda Türkiyə, Amerika, Litva, Almaniya kimi ölkələrdən mütəxəssis və ekspertlər iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, sosial iş və uşaq inkişafı üzrə mütəxəssis Ceyran Rəhmətullayeva konfransda “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə sosial işin təşkili” adlı məruzə və təqdimatla çıxış edib.
O, ölkədə məişət zorakılığı ilə bağlı mövcud qanunvericilik və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icra mexanizmləri haqqında danışaraq, Komitənin müvafiq qanunun icrası ilə bağlı fəaliyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzlərində həyata keçirilən sosial işin əhəmiyyətini vurğulayıb. C. Rəhmətullayeva Komitənin təşəbbüsü ilə yerli icra hakimiyyəti orqanlarında yaradılan gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyəti haqqında məlumat verərək, onların məişət zorakılığı halları ilə bağlı sosial işin həyata keçirilməsi sahəsində bacarıqlarının artırılması üçün müxtəlif təlim və proqramlara cəlb edildiyini diqqətə çatdırıb.
Komitə rəsmisi məişət zorakılığının qarşısının alınmasında profilaktik sosial maarifləndirmə işinin xüsusi əhəmiyyətini vurğulayıb. Baş vermiş məişət zorakılığı halları zamanı sosial işin həyata keçirilməsində vacib addımların zərərçəkənin təcili təxirəsalınmaz xidmətlərə cəlb edilməsi, mühafizə orderinin verilməsi və qanunda müəyyən olunduğu kimi sosial-psixoloji, sosial-iqtisadi və sosial-hüquqi xidmətlərlə əlaqələndirmənin vacib olduğunu nəzərə çatdırıb. Eyni zamanda mediada bu halların geniş təbliği, məişət zorakılığına məruz qalmış şəxslərin şəxsiyyətinin və həyat tərzinin işıqlandırılması, bəzi hallarda qınanılmasının sosial işin etik qayda və prinsiplərinə zidd olaraq yolverilməz olduğunu və bu məsələlərə xüsusi həssaslıqla yanaşılmasının vacib olduğunu bildirib.
Konfrans müzakirələrlə davam edib.