Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin MÜRACİƏTİ
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı hərbi təcavüzünə dair xarici ölkələrdə fəaliyyət göstərən ailə, qadın və uşaq hüquqlarını müdafiə edən dövlət qurumlarına
MÜRACİƏTİ
27 sentyabr saat 06:00-dan başlayaraq bu günədək Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan mövqelərini, yerli əhalinin məskunlaşdığı yaşayış məntəqələri, inzibati binalar, tibb məntəqələri, xəstəxanalar, sosial obyektlər, təhsil müəssisələrini iriçaplı artilleriya qurğuları, minatanlar və müxtəlif növ silahlarla intensiv şəkildə atəşə tutmaqda davam edir. Ermənistan tərəfinin törətdiyi təxribatçı əməllərin qurbanı daha çox mülki əhali – uşaqlar, qadınlar, yaşlı insanlardır. Belə ki, 24 nəfər həlak olmuş, 121 nəfər dinc sakin yaralanmış, 56 mülki obyekt və 306 ev yararsız vəziyyətə düşmüşdür.
Ermənistan bu təcavüzkar siyasəti və anti-humanist hərəkətləri ilə beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini növbəti dəfə sübut edir. Beynəlxalq humanitar hüququn əsası olan Cenevrə Konvensiyasının, həmçinin, BMT-nin «Uşaq hüquqları haqqında» və «Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında» CEDAW Konvensiyasının tələblərini təkcə müharibə dövründə deyil, atəşkəs rejimində belə məqsədli və kobud şəkildə pozur.
Beynəlxalq təşkilatlardan bu günədək Ermənistanın məhəl qoymadığı BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamələrinin, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”nin 3 və 13-cü maddələri və xüsusi mühafizəyə ehtiyacı olan qadın və uşaqlarla bağlı “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” haqqında Bəyannamənin 1-ci və 5-ci maddələrinin, BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” 2427 saylı Qətnaməsinin 12-ci maddəsinin müddəa və prinsiplərinə riayət etmir.
Ermənistan BMT-nin Qadın, sülh və təhlükəsizlik adlı 1325 saylı Qətnaməsi üzrə qəbul etdiyi 2019-2021-ci illəri əhatə edən Milli Fəaliyyət Planında qeyd olunan sərhəd yaşayış məntəqələrində mülki təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsinə dair 5-ci bəndini pozmaqdadır.
Uşaq hüquqları haqqında Konvensiyanın 38-ci maddəsinin 4-cü bəndinə əsasən “Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq iştirakçı dövlətlər silahlı münaqişənin toxunduğu uşaqların müdafiəsini və onlara baxılmasını təmin etmək üçün bütün mümkün tədbirləri görürlər”. Azərbaycan bu Konvensiyanın prinsip və normaların hər zaman rəhbər tutmaqla Ermənistanın da adı çəkilən sənədlərin tələblərini yerinə yetirməyə vacib hesab edir.
Biz, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu müharibədən əziyyət çəkən uşaq və qadınların, ailələrin vəziyyətinin xüsusi diqqət mərkəzində saxlamaqla, digər ölkələrdə fəaliyyət göstərən həmkar dövlət qurumlarına müraciət edərək, onlardan bizim haqq səsimizə biganə qalmamağı, müharibə nəticəsində faciəvi şəkildə həlak olan mülki əhalinin, zərərçəkən ailələrin, hüquqları pozulan qadınların, azyaşlı körpələrin qətlinə münasibət bildirmələrini gözləyirik.