Komitənin fəaliyyətinin 14 ili tamam oldu

6 fevral 2020

Paylaş:

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasının 14 ili tamam olur. Ötən 14 il müddətində ailə dəyərlərinin təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində əməli addımlar atılıb, mühüm tədbirlər icra olunub.

Komitə  ailə siyasəti istiqamətində ailə institutunun möhkəmləndirilməsi, ailə dəyərlərinin təbliği, qadınların cəmiyyətdə fəallığının artırılması və dəstəklənməsi, uşaqların hüquqlarının müdafiəsi istiqamətində önəmli tədbirlər həyata keçirib, uğurlu layihələrə imza atıb.

 2008-ci ildən Komitə hər il “Beynəlxalq Ailə günü” münasibətilə may ayının 1-dən 15-dək silsilə tədbirlər keçirir və yekun olaraq mayın 15-də  “Ailə Bayramı “ qeyd edilir. 12 il ərzində Ailə Bayramında Şəmkir, Lənkəran, Şamaxı, İsmayıllı, Şəki, Qax, Quba, Xaçmaz, Sumqayıt, Abşeron, Bakı və onun rayonlarından olan 1000-ə yaxın ailə iştirak edib (76 rayondan seçilmiş ailələr). Bayram Azərbaycan ailə dəyərlərinin qorunub saxlanması, milli adət-ənənələrin təbliği məqsədi ilə keçirilir və böyük rəğbətlə qarşılanır.

 2009-cu ildən etibarən hər il Komitə, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” film festivalı keçirilir. Festivalın və festival çərçivəsində 2014-cü ildən keçirilən “Həyatdan şəklə” foto-müsabiqəsinin məqsədi ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması, eləcə də ailə məsələlərini əks etdirən video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və bu materialların maarifləndirmə məqsədilə cəmiyyətə təqdim edilməsidir. 11 il ərzində müsabiqəyə 345 rejissor tərəfindən 386 film, o cümlədən, 42 xarici film (Türkiyə,  Rusiya, Belarusiya, Ukrayna, İran, Bolqarıstan, Özbəkistan, Almaniya, Macarıstan, İsveç, Qırğızıstan, Mərakeş və Fransa) və 144 fotoqraf tərəfindən 527 fotoşəkil təqdim olunub.

 Yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsi 2017-2019-cu illər ərzində həyata keçirilib. Layihə çərçivəsində bələdiyyə orqanlarında keçirilən görüşlərdə gənclər, qadınlar, xüsusilə, gənc ailələr, sosial iştirakçılığı zəif olan insanlar onları narahat edən mövzularda sosioloq, psixoloq, hüquqşünas və digər ekspertlərdən faydalı məlumatlar alır, öz fikir və təkliflərini çatdırıblar. Layihə çərçivəsində Azərbaycanın bütün rayonlarını əhatə edən tədbirlərdən 1000 nəfərdən artıq bələdiyyə nümayəndəsi və rayon ictimaiyyəti faydalanıb.

 Ümumilikdə, Azərbaycan ailəsinə xas milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin yaşlılara hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması və ailə həyatına hazırlığı, orta məktəblərdə valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin və məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, gənclərdə kitaba sevgi aşılamaq, gənclərin insan alveri uşaq nikahları, qan qohumluğu ilə mübarizə, sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə qarşı mübarizənin gücləndirilməsi və ictimai nəzarətin artırılması, həssas ailələrə dəstək olmaq, onların problemlərinin həllini təmin etmək məqsədilə,  ailə psixologiyası, ailədaxili münasibətlər, ailə büdcəsinin idarə olunması, ailə ekologiyası mövzularını əhatə edən maarifləndirmə xarakterli tədbir və layihələr həyata keçirilib ki, bu layihələrdən 20 000-ə yaxın insan faydalanıb.  

Komitə qadın siyasətinin həyata keçirilməsi istiqamətində qadın hüquqularının qorunması, hüquqi maarifləndirilmənin aparılması, qadınların siyasi, sosial və  iqtisadi cəhətdən güclü olması istiqamətində layihə və tədbirlər həyata keçirib.

2008-ci il sentyabrın 26-da keçirilən Azərbaycan Qadınlarının III Qurultayında Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva və onun şəxsi qonağı Misir Ərəb Respublikasının Birinci xanımı Suzanna Mübarək iştirak ediblər. Daha sonra 2013-cü il iyunun 14-də Azərbaycan Qadınlarının IV Qurultayı keçirilib. Qurultay çərçivəsində Respublikanın şəhər və rayonlarında hesabat – seçki konfransları keçirilib. Konfranslarda 85  rayon və şəhər üzrə, statistik məlumatlara əsasən, 22 500 nəfər qadın iştirak edib, bunlardan 1803 nəfəri Qurultaya nümayəndə seçilib. Sonda Qurultayın Qətnaməsi müzakirə edilərək qəbul edilib.

  2018-ci il may ayının 30-da Komitə tərəfindən “Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V  Forumu”   keçirilib.   Forumun keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə vətəndaşların bərabər hüquqlarının tanınması, qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması və son 100 ildə qadın hüquqlarının müdafiəsi sahəsində əldə olunan nailiyyətlərin müzakirəsi, qarşıda dayanan vəzifələrin müəyyən edilməsi idi.  Tədbirdə millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, beynəlxalq və yerli təşkilatların nümayəndələri,  o cümlədən Respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər  iştirak edib.

2014-2015 ci illərdə regionlarda reproduktiv sağlamlıq, sanitar-gigiyenik normalarla bağlı layihə həyata keçirilib və bu layihədən 2000 nəfər qadın bəhrələnib. Layihə çərçivəsində “Qadın reproduktiv sağlamlığının sirləri” adlı buklet çap olunub.

         Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK)  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə 2013-cü  ildən başlayaraq “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi”  regional proqramı çərçivəsində “Qadın hüquqları” üzrə layihəyə start verib.   Layihə çərçivəsində “Qadın hüquqları üzrə Bələdçi” kitabı nəşr edilib və kitabın regionlarda yaşayan qadınlar arasında yaymaq məqsədilə iki günlük təlim-seminarlar keçirilib, təlimlərdə 5000 nəfərə yaxın insan maarifləndirilib.

Mərkəzi  Asiya Ölkələrinin iqtisadiyyatI üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində qadın sahibkarlığın inkişafI üzrə Beynəlxalq Konfrans keçirilib.

2011-ci ildən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir.
 Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Layihə Biləsuvar, Salyan, Sabirabad, Neftçala, Masallı,
 Zaqatala, Qusar, Xaçmaz, Bakı şəhəri Xəzər  rayonlarında həyata keçirilir. 
2011-2019-ci illərdə cəmi  9 Qadın Resurs Mərkəzi açılıb.
 Ümumilikdə 2011-2019-ci illərdə cəmi  6000 nəfər qadın müxtəlif mövzularda təlimlərdə iştirak edib,  200 nəfər qadının əmək yarmarkasında iştirakı təmin olunub, 192 nəfər qadın sahibkarlıq fəaliyyətinə başlayıb, əlavə olaraq 21 qadın işlə təmin olunub, 3000 nəfərdən çox qadın sosial yönümlü maarifləndirmə tədbirlərdə iştirak edib.

 2012-2017 ci illərdə Komitə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə Azərbaycan qadın bələdiyyə üzvləri üçün “DAYAQ” Mentorluq Proqramını həyata keçirib. Layihə çərçivəsində qadınların bələdiyyə idarəetməsində rolunun və iştirakının artırılması  istiqamətində peşəkar layihələrin işlənib hazırlanmasını nəzərdə tutan praktik tövsiyyələrdən ibarət “Fəal ol” və “Səmərəli Ünsiyyət”  adlı Təlimat Kitabçası hazırlanıb nəşr olunub, əhaliyə paylanılıb. Ümumilikdə 2000 nəfərdən çox insan bu proqramdan bəhrələnib. 

Hər il ənənəvi olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 8 Mart Beynəlxalq Qadınlar gününə həsr edilmiş tədbir keçirilir. Tədbirdə Respublikamızın ictimai siyasi, sosial mədəni həyatında fəal iştirak edən qadınlar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yüksək təltiflərə və fəxri adlara layiq görülür.
Həmçinin bir sıra fəal qadınlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunurlar. Tədbirdə əlill qadınların  əl işlərindən ibarət satış sərgisi təşkil olunur.

2011-2013 ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gender Bərabərliyi  və Qadın Təşəbbüsləri İB, Avropa Komissiyası,  və ACİ-YF İnsan Hüquqları və İdarəçilik Proqramı (Macarıstan) birgə  2 illik  “Məişət zorakılığı barədə məlumatlandırma kampaniyası” həyata keçirilib. Layihə çərçivəsində regionlarda 2 günlük  təlim və konsultasiyalar keçirilib,   9000 nəfərə yaxın insan bu kampaniyadan bəhrələnib.        

Yuxarıda qeyd edilən tədbirlərdən əlavə Komitənin təşəbbüsü ilə Erkən nikahların baş vermə səbəbləri, fəsadları, qarşısının alınması, məsuliyyət və cəza tədbirləri və s. haqqında qadınların və qızların maarifləndirilməsi, narkomaniya ilə mübarizə, məişət zorakılığının qarşısının alınması məqsədi ilə hər il müxtəlif layihələr, Beynəlxalq Konfranslar keçirilir, maarifləndirmə aparılır, banerlər hazırlanır, bukletlər çap olunur. Ümumilikdə bu layihələrdə 100 000-ə yaxın insan iştirak edib.

Uşaq siyasəti

Komitənin fəaliyyətində uşaqların maarifləndirilməsi, onların istedadının inkişaf etdirilməsi və asudə vaxtının təşkili istiqamətində tədbirlərə xüsusi önəm verilir.

Uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi üzrə maarifləndirmə tədbirləri prioritet istiqamət kimi seçilib. 2014-cü ildən etibarən Bakı şəhərində və regionlarda 36 tədbir keçirilmiş, tədbirlərdə 1600-ə yaxın uşağın iştirakı təmin edilib. 2016-cı ildə 39 şəhər və rayonu əhatə etməklə uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində aidiyyəti qurumların əməkdaşlarına regional təlimlər keçilib. Təlimlərdə ümumilikdə 400-ə yaxın nümayəndənin iştirakı təmin edilib.

Uşaqların zərərli vərdişlərin mənfi təsirləri barədə marifləndirilməsi məqsədilə 180  tədbir keçirilib, tədbirlərdə 7000  uşağın iştirakı təmin edilib.

Bu istiqamətdə müxtəlif profilli internat məktəblərində, uşaq tərbiyə müəssisəsində Ədliyyə, Daxili İşlər, Təhsil Nazirlikləri, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə tədbirlər həyata keçirilib.

Şəhər və rayonlarda uşaqların asudə vaxtının təşkili istiqamətində fəaliyyət dövrü ərzində 7 yay məktəbi təşkil edilib və 350-yə yaxın uşağın iştirakı təmin edilib. Bundan əlavə 2015-ci ildən etibarən hər il uşaqlar arasında intellektual oyunlar keçirilir.

Gənclər arasında erkən nikaha qarşı mübarizənin gücləndirilməsi işləri davam etdirilir. 2011-2013-cü illərdə bu istiqamətdə UNİCEF-lə birgə Lənkəran şəhəri, Masallı, Lerik rayonlarında yaşayan əhali arasında kütləvi maarifləndirmə kampaniyaları təşkil edilərək erkən nikah hallarının qarşısının alınması məqsədilə yerli səviyyədə nəzarət qrupları yaradılıb. Tədbirlərin əhatə etdiyi 9 kənd üzrə erkən nikah hallarının baş verməsinin qarşısı alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və UNİCEF-lə birgə artıq 2009-cu ildən etibarən Azərbaycan Uşaqlarının Forumlarını keçirir. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə həmin ildən başlayaraq Forumların keçirilməsi ənənə halı alıb. 2009-cu ildə I Forum, 2011-ci ildə II Forum, 2014-cü ildə III Forum və 2017-ci ildə IV Forum keçirilib. Forumlar uşaqlarda liderlik keyfiyyətlərinin formalaşmasına təkan verməklə yanaşı, uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq  hüquqlarının qorunmasına yönəldilməsi məqsədini daşıyır. Belə ki, Forumlar uşaqlar tərəfindən idarə olunur və  ölkə üzrə bütün şəhər və rayonları təmsil edən 400-ə yaxın uşaq iştirak edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF ilə birgə uşaqların dilənçiliyə cəlb edilməsinin qarşısının alınması, onların təhsil, səhiyyə və sosial xidmətlərə çıxış imkanlarının artırılması məqsədilə 2018-ci ilin iyul ayından etibarən Qazax və Ağstafa rayonlarında layihə reallaşdırır. Bugünədək layihədən Ağstafa və Qazax rayonlarından ümumilikdə 316 nəfər faydalanıb.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövcud real faktları, məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, dünya birliyini xalqımıza, eləcə də azyaşlı uşaqlara qarşı törədilmiş qanunsuz erməni vəhşiliyi, cinayətləri barədə bir daha məlumatlandırmaq məqsədilə “Uşaqlar müharibənin günahsız qurbanlarıdır“ adlı kitab 2 dəfə azərbaycan və 1 dəfə ingilis dilində çap edilib, ölkəmizdə fəaliyyət göstərən səfirlik, konsulluq və beynəlxalq təşkilatlara paylanılması təmin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 8 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”-na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə 2013-cü ildən etibarən dövlət uşaq müəssisələrində monitorinqlər keçirir. Azərbaycan Hökuməti BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası üzrə BMT-nin Uşaq Hüquqları Komitəsinə dövri məruzələr təqdim edir.

Yarandığı gündən Komitə tərəfindən müxtəlif hüquqi sənədlər hazırlanıb və qəbul edilib:

Qanunlar:

“Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu (2006)

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu (2010)

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (2011) – minimal nikah yaşı qadınlar üçün 17-dən 18-ə qaldırıldı və hər iki cins üçün bərabərləşdirildi

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (2011) – qadını, o cümlədən qız uşaqlarını nikaha daxil olmağa məcbur etməyə görə cinayət məsuliyyəti müəyyən edildi (maddə 176-1)

“Valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi” ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının qanunuları (2014)

Nikaha daxil olmaq istəyən şəxslərin icbari qaydada tibbi müayinədən keçməsi ilə əlaqədar “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (2014)

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanunu (2018)

Qaydalar

“Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (2012)

“Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (2011)

“Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (2008)

"İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (2009)

“İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram"ın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (2014)

“Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 iyul tarixli 166 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (2014)

 Komitənin fəaliyyətində prioritet istiqamətlərdən biri də həssas qrupdan olan, aztəminatlı ailələrlə iş aparmaqdır. Buna görə də regionlarda fəaliyyət göstərən mərkəzlərin işinə xüsusi diqqət edilir. 2012-2019- cu illər ərzində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinə 16 138 müraciət daxil olub, 134 941 nəfər xidmətlərdən bəhrələnib.

 Erkən nikahların qarşısının alınması məqsədi ilə 2013-cü ildən mütəmadi olaraq ”Ailəyə məktub” aksiyası keçirilir. Uşaqların hüquqlarını və erkən nikaha cəlb edildiyi zaman valideynləri gözləyən cəzaları əks etdirən məktub birbaşa ailələrə ünvanlanıb. Bu aksiya çərçivəsində son 3 ildə 100 000-dən artıq nüsxə paylanıb.

Geniş ictimaiyyətin uşaqlara qayğı sistemində islahatların və ailə mühitinin vacibliyinə dair həssaslığını artırmaq üçün ictimai məlumatlandırma fəaliyyətlərinin həyata keçirilməsi”  layihəsi (2011-2012-ci) üzrə  yanvar-mart aylarında Suraxanı və Xəzər rayonlarında 10 görüş keçirilib və ümumilikdə 300 nəfər alternativ qayğı, ailə mühitinin vacibliyi, valideyn məsuliyyəti, müəssisə işçi heyətinin de-institutionalizasiya  prosesində rolu və vəzifələri mövzularında məlumat­lan­dırılaraq 70 valideynlə fərdi konsultasiya keçirilib və layihə yekunlaşdırılıb, hesabat  hazırlanıb.

 “Yarat” Müasir İncəsənət Mərkəzi ilə birlikdə 2012, 2014-cü illərdə uşaqlar arasında “BacarArt” layihəsi həyata keçirilib. Layihənin əsas məqsədi rayonlarda aztəminatlı, risk qrupundan olan, xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaqların üzə çıxarılması və onların potensiallarının maksimum yüksəlməsinə dəstək olmaqdır.

Komitə 2015-ci ildən başlayaraq ASAN xidmət və Uşaq və Ailələrə Dəstək Mərkəzləri ilə birgə risk qruplu ailələrdən olan uşaqlarla ASAN məktub layihəsini həyata keçirib. Azərbaycanın bir çox rayonlarını əhatə edən layihədə ümumilikdə 458 nəfərin iştirakı ilə ASAN məktub yazılıb və 335 uşağa hədiyyə təqdim olunub.

Komitə Bakı Fond Birjasının təşəbbüsü ilə uşaqlar arasında bərabər imkanlar yaratmaq və onların iştirak hüququnun təmin edilməsi istiqamətində 16 iyun 2017-ci ildə xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edib. Tədbirdə Zaqatala, İsmayıllı, Ağsu, Qəbələ, Ağdam və Xəzər rayonunundan olan 13 xüsusi qayğıya ehtiyacı olan uşağın 200-dən çox əl işi nümayiş edilib və satılıb. Əməkdaşlıq çərçivəsində Bakı Fond Birjasının saytında sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət virtual sərgi də təşkil edilib.