“Azərbaycan ailəsi-2014” adlı film festivalının qalibləri mükafatlandırılmışlar
Paylaş:
Festival 2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Yaranmış ənənəyə uyğun olaraq, bu il də kinematoqrafiyanın və incəsənətin digər növlərindən istifadə etməklə dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği və cəmiyyətdə mövcud olan problemlərin bu vasitələrin köməyi ilə işıqlandırılması məqsədilə 03.02.2014-cü il tarixində “Azərbaycan ailəsi-2014” adlı film festivalına start verilmişdir. İlk dəfə olaraq bu il 6-cı festival çərçivəsində film müabiqəsi ilə yanaşı foto müsabiqə də elan olunmuşdur. Festivala 3 ay ərzində 30-dan çox film və 20-dən çox fotoşəkil təqdim edilmişdir. İctimaiyyətin tanınmış nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən seçilmiş filmlər və fotolar 22 may 2014-cü il tarixində Nizami Kino Mərkəzində keçirilən Festivalın bağlanış mərasimində mükafatlandırılmışlar.
İlk öncə təbdirdə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilmiş, daha sonra AQUPDK-nın sədri Hicran Hüseynova bütün qonaqları salamlamış, festival iştirakçılarını əvvəlcədən təbrik etmişdir. Artıq festivalın ənənə halını aldığını diqqətə çatdıran komitə sədri bu mötəbər yarışmanın ildən-ilə ölkənin hüdudlarından kənara çıxdığını söyləmişdir.
H.Hüseynova festivalın yüksək səviyyədə keçirilməsinə dəstək göstərən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya, həmçinin BMT-nin Əhali Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə minnətdarlığını bildirmişdir.
H.Hüseynova qeyd etmişdir ki, bu gün dövlətimiz milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük səylər göstərir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət ailə siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidentinin ailələrin inkişafı və sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Komitə sədri həmçinin qeyd etmişdir ki, ötən illər ərzində təşkilat komitəsinə on üç xarici rejissor da daxil olmaqla 170-ə yaxın film təqdim edilmiş və bu filmlərdən müxtəlif tədbirlərdə maarifləndirmə məqsədilə istifadə edilmişdir.
Tədbirdə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin baş müşaviri Fərid Babayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək festivalın əsas məqsədinin cəmiyyətdə ailə institutunu və mənəvi dəyərləri möhkəmlətməkdən, eyni zamanda, milli ailə ənənələrini təbliğ edib yaşatmaqdan ibarət olduğunu bildirmişlər. Onlar milli kino sənətimizin təbliği və inkişafı üçün belə festivalların əhəmiyyətini qeyd etmiş, bu sahədə AQUPDK-nın fəaliyyətini yüksək qiymətləndirən çıxışçılar festivalın yüksək səviyyədə təşkil olunmasına görə Komitənin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Mükafatlandırma mərasimində Milli Televiziya və Radio Yayımları Şurası tərəfindən xüsusi fərqlənən TV layihəsi kimi “Unudulmaz insan-Zərifə Əliyeva”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sosial şəbəkədə ən çox izlənilən film nominasiyası üzrə “Qeybdən məktublar”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi fərqlənən TV layihəsi kimi “Bu bizik”, Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi fərqlənən tələbə filmi kimi “Ailədaxili münasibətlərin iş prosesinə təsiri”, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi fərqlənən social çarx kimi “Ana üçün ağla”, Daxili İşlər Nazirliyi tərəfindən xüsusi fərqlənən sosial çarx kimi “Hər uşaq öz ailəsini əks etdirir”, Səbail RİH tərəfindən xüsusi fərqlənən sənədli film kimi “İvanovka”, Xətai RİH tərəfindən xüsusi fərqlənən sənədli film kimi “Şəxsiyyətin böyüklüyü”, Qaradağ RİH tərəfindən xüsusi fərqlənən TV layihə kimi “Tarixdən gələn izlər”, Nizami RİH tərəfindən xüsusi fərqlənən TV layihə kimi “12 Duod Ecimus”, Sabunçu, Nəsimi, Binəqədi RİH tərəfindən xüsusi fərqlənən fotoşəkil blokları mükafatlandırılmışlar.
“Ən yaxşı tələbə filmi” nomnasiyası üzrə “Əlvida mənim dostum”, “Ən yaxşı TV filmi” nominasiyası üzrə “Qağayı”, “Ən yaxşı uşaq roluna görə” İlkin Yusifzadə, “Ən yaxşı fotoşəkil” nominasiyası üzrə Mirnaib Həsənoğlu, “Ən yaxşı xarici film” nominasiyası üzrə İran filmi “Ağ göl”və “Ən yaxşı idea” nominasiyası üzrə “Fəridin dünyası” filmi AQUPDK, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi tərəfindən mükafatlandırılmışlar.
Tədbirdə tanınmış müğənnilərin ifasında Azərbaycan kinolarından musiqilər səsləndirilmişdir.